İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın “yaxası” əlimizdə - o abidəni Azərbaycan da sökdürə bilər

Hüquqşünas: “Bakının tamamilə əsasları, hüququ var ki...”

Bu il aprelin 25-də İrəvanın mərkəzində “Nemezis” terrorçu qruplaşmasına abidə qoymaqla Ermənistan bir daha öz qonşuları ilə barışıq məsələsində səmimi olmadığını, öz siyasi riyakarlığını nümayiş etdirdi. Çünki irqçiliyin, ksenofobiyanın, Türkə nifrətin dövlət səviyyəsində körükləndiyi bir ölkənin sülhdə maraqlı olduğundan danışmağa dəymir.

Artıq məlumdur ki, abidənin qoyulması Türkiyə və Azərbaycanın haqlı narazılığına səbəb olub. Qardaş ölkə sərt bəyanatlar səsləndirərək Ermənistan hökuməti qarşısında tələblər irəli sürüb. Hətta abidə götürülməyəcəyi təqdirdə Ermənistan və Türkiyə münasibətlərinin normallaşmasının mümkün olmayacağı da vurğulanıb. Türkiyənin tələbləri yerinə yetiriləcəkmi?

Politoloq Qabil Hüseynli Konkret.az-a bildirib ki, abidənin qoyulması hətta Paşinyan tərəfindən də təqdir olunmur: “Doğrudur, Paşinyan guya ölkəsində demokratiyanın hökm sürdüyünü əsas gətirərək abidənin qoyulmasına mane ola bilmədiyini qeyri-səmimi şəkildə bəyan etdi. Amma terrorçuluğu heç bir halda müdafiə etmək olmaz. Faşizmə qulluq edənlərə abidə qoymaq qəbulolunmazdır. Amma ermənilər bu addımı atıblar. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərdən düzgün deyil və ciddi şəkildə qınanılır. Əgər Ermənistanda bunu başa düşmürlərsə və terrorçuya abidə qoyulmasını özlərinin daxili işləri sayırlarsa, o zaman ciddi səhvə yol verirlər. Müəyyən dövrlərdə Türkiyənin dəyərli və əvəzolunmaz şəxslərinə qarşı terror törədib indi də rəsmi Ankara ilə münasibətləri normallaşdırmaq istəyi heç bir məntiqə sığmır və başadüşülən yanaşma deyil. Odur ki, Türkiyə öz tələbində haqlıdır və ”Nemezis" abidəsi sökülməlidir".

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli 

Q.Hüseynlinin sözlərinə görə, Türkiyə addımlarında ardıcıl olsa və abidənin sökülməsini sonuna qədər tələb etsə, o zaman Ermənistan “Nemezis”i götürməyə məcbur qalacaq: “Bu, antibəşəri dəyərlərə söykənən bir məsələdir. Terroru, qanlı sui-qəsdləri müdafiə etmək beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Hesab edirəm ki, Türkiyə rəsmiləri hələlik abidənin götürülməsi ilə bağlı şifahi bəyanatlar səsləndirsə də, bir müddət sonra əməli addıma keçməlidirlər. Rəsmi Ankaranın əlində müəyyən rıçaqlar mövcuddur. Belə ki, Türkiyə sərhədləri açmaya, diplomatik münasibətləri bərpa etməyə bilər. Eyni zamanda Türkiyədə qeyri-qanuni yaşayan 150 minə yaxın erməninin oradan çıxarılması mümkündür. Beynəlxalq meydanda isə digər addımların atılması zəruridir. Məsələn, Ankara ”Nemezis" abidəsini mübahisələndirə və bunu beynəlxalq məhkəməyə daşıya bilər. Beləcə məhkəmədə bu abidənin sökülməsi ilə bağlı qərarın qəbulu mümkündür".

Əslində məsələ ilə bağlı Azərbaycan da Beynəlxalq Məhkəməyə şikayət edə bilər. Çünki bu terrorçu qruplaşma ADR-in bir neçə siyasi xadimini (baş nazir Fətəli Xan Xoyski və başqaları) də qətlə yetirib.

O halda müraciət lazımi nəticəni verərmi? Hər necə olmasa, insan haqları kimi, milli zəmində nifrətin təbliği də heç bir ölkənin daxili işi sayılmır. Ən azından, Paşinyanın utanmazcasına “demokratik” adlandırdığı Ermənistanın terroru, faşizmi, milli dözümsüzlüyü təşviq edən, terrorçuların qəhrəmanlaşdıran bir ölkə olaraq bir daha dünyada rüsvay edə bilərik.

Xəyal Bəşirov: Azərbaycan qlobal problemlərin həlli istiqamətində  təşəbbüslər ortaya qoyur - AZƏRTAC

 Xəyal Bəşirov 

Hüquqşünas Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın terrorçu qruplaşmaya abidə qoyması həm beynəlxalq hüququn, bir sıra beynəlxalq konvensiyaların pozulmasıdır: “Bizim Ermənistanın bu hərəkətinə hüquq müstəvisində cavab verməyimiz, hüquqi müstəvidə mübarizə aparmağımız daha yaxşı və daha məntiqli olar. Ermənistana dəstək olan qüvvələr erməni toplumunu, Ermənistan adlı dövləti dünyaya fərqli şəkildə təqdim etməyə, sırımağa çalışırlar. Ermənistanı guya qədim tarixə, qədim sivilizasiyaya malik olan, hazırda isə regionda sülhün, sabitliyin, həmrəyliyin tərəfdarı olan bir ölkə kimi təqdim etməyə çalışırlar. Əslində isə reallıq bambaşqadır. Əsl reallığın nədən ibarət olduğunu Ermənistanın faşist Njdeyə heykəl qoyması, terror təşkilatına ”Nemezis" abidəsini ucaltmaq, Ermənistanın monoetnik dövlətə çevrilməsi və işğalçılığını sübut edən faktlar ortaya qoyur. Bu və digər bu kimi çoxsaylı faktlar Ermənistanın, erməni xalqının əsl mahiyyətini bir daha nümayiş etdirir. Azərbaycan dövləti Njdeyə heykəl qoyulmasını ən yüksək səviyyədə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa və beynəlxalq ictimaiyyəti Ermənistanın bu addımına münasibət bildirməyə çağırıb. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa zidd bu addımına münasibətdə etinasızlıq və laqeydlik nümayiş etdirib. Eləcə də belə görünür ki, “Nemezis” abidəsinə də Türkiyə və bir neçə dövlət istisna olmaqla etinasızlıq göstərilir. Sanki Ermənistanın xətrinə dəymək istəmirlər. Bununla da əslində Ermənistanı faşizm ideologiyasına, terrora dəstək verməyə, terrorçuluğa ruhlandırımış olurlar. Lakin beynəlxalq ictimaiyyət susursa, bu, o demək deyil ki, Azərbaycan da susmalıdır, Ermənistanın beynəlxalq hüquqa, konvensiyalara ziddi hərəkətinə qarşı hüquq müstəvisində mübarizə aparmamalıdır".

Ekspertin sözlərinə görə, Azərbaycanın tamamilə əsasları, hüququ var ki, terrorçuluğa abidə ucaldılması məsələsi ilə bağlı Ermənistana qarşı beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr qarşısında məsələ qaldırsın, məsələni beynəlxalq təşkilatların gündəminə daşısın: “Nemezis" terroru təkcə azərbaycanlılara qarşı yox, həm də Türkiyənin diplomatlarına, siyasi, ictimai xadimlərinə qarşı yönəlmişdi. “Nemezis” planı nəticəsində çoxlu sayda azərbaycanlı və türkiyəli siyasi, ictimai xadimin həyatına sui-qəsd həyata keçirilib. Bu sui-qəsdlər nəticəsində ümumilikdə yüzlərlə insan öldürülüb və ağır xəsarətlər alıb. Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Fətəli Xan Xoyski də “Nemezis” terrorunun qurbanı olub.

“Nemezis” abidəsinin ucaldılması, Ermənistanın yüz il öncə Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasətinin bu gün də davam etdirildiyinin daha bir təzahürüdür. Biz bu məsələ ilə bağlı Türkiyə ilə birlikdə hərəkət edərək beynəlxalq hüququn imkan verdiyi bütünü istiqamətlərdə hüquqi addımlar atmalıyıq. Ermənistanı ən azından dünyanın nəzərində olduğu kimi - terroru dəstəkləyən dövlət kimi sübutlarla ifşa edə bilərik. Bunun üçün ilk növbədə “Nemezis” terrorunu sübuta yetirən faktları, sənədləri toplamalıyıq və həmin sənədləri dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlar müstəqvisinə çıxarmalıyıq. Beynəlxalq ictimaiyyət görməlidir ki, biz təkcə sözlə deyil, faktlarla, sənədlərlə çıxış edirik. Bu mənada əslində Ermənistan “Nemezis” abidəsini ucaltmaqla Azərbaycanın əlinə Ermənistanın terrorçuluğa dəstək verən dövlət olduğunu sübuta yetirmək üçün əlavə fakt vermiş olub. Bu faktı da əlimizdə sübut kimi tutaraq beynəlxalq müstəvidə Ermənistanın boğazından yapışmalıyıq. Ən azından onu müdafiə edən dövlətləri addımlarından çəkinməyə vadar edə bilərik. Beynəlxalq hüquqa hörmət edən, terrora qarşı olan heç bir dövlət Ermənistan kimi dövləti müdafiə etməməlidir. Biz sübutlarla dövlətlər qarşısında “Nemesiz” abidəsinin qoyulmasına münasibət bildirmələri məsələsini də qaldıra bilərik".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR