Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Musavat.com xəbər verir ki, nazirlik bununla bağlı məlumat yayaraq, səfirə “Belarus diplomatik missiyasının binasına qarşı vandalizmlə əlaqədar” etiraz çatdırılıb.
Bildirilir ki, erməni diplomata bir qrup şəxs tərəfindən İrəvanda Belarus səfirliyinin binasına qarşı törədilmiş vandalizm aktı, Belarusun diplomatik missiyasına dəymiş ziyan və Ermənistan hüquq-mühafizə orqanlarının cinayətin qarşısının alınması üçün açıq-aşkar kifayət qədər tədbirlər görməməsi barədə ətraflı məlumat verilib.
Məlumatda həmçinin qeyd olunur ki, “Ermənistan tərəfinə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası ilə müəyyən edilmiş öhdəlikləri də xatırladılıb”. Həmin öhdəliyə əsasən Belarus diplomatik nümayəndəliyinin və onun əmlakının, habelə diplomatik personalın təhlükəsizliyini təmin etmək səfirliyin yerləşdiyi dövlətin birbaşa məsuliyyətindədir: “Belarus tərəfi vandalların müəyyən edilməsi, dəymiş ziyanın ödənilməsi və Ermənistan qanunvericiliyinə uyğun olaraq cəzalandırılmasına ümid edir”.
Qeyd edək ki, bu gün Ermənistanın “Respublika naminə” partiyasının bir qrup üzvü və tərəfdarı Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar bu ölkənin prezidenti Aleksandr Lukaşenkonun Ermənistana qarşı son bəyanatlarından hiddətləniblər. Etirazçılar səfirliyin binasına yumurta, kartof və pomidor ataraq “Ermənistandan get!” şüarları səsləndiriblər.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə Ermənistanı tənqid edib: “Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, öz resurslarına arxalansınlar. Nə Fransa, nə Makron? Sabah o gedəcək və hamı Ermənistanı unudacaq”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ