Onlayn ictimai-siyasi qəzet
Həm Ermənistanın Qarabağı və ətraf rayonları işğal etməsinə, həm də daha öncə 250 mindən çox azərbaycanlının ata-baba yurdlarında məcburi şəkildə etnik təmizləməyə məruz qalmasına baxmayaraq, Avropa Parlamenti Ermənistanın bu hərəkətlərini qınamadı, qətnamə qəbul etmədi. Ermənistanın işğalı və etnik təmizləmə siyasətindən 1 milyondan çox azərbaycanlı əziyyət çəkdi, Qarabağ tamamilə dağıdıldı. Avropa Parlamenti isə bütün bu cinayətlərə göz yumdu. Lakin bu gün Avropa Parlamenti praktiki olaraq erməni lobbisi daxil olmaqla, fərqli qurumların təsiri altında bu tip qətnamələr qəbul edir.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. V.Bayramov vurğulayıb ki qərəzli qətnamələrin məqsədi təzyiq cəhdi ilə əlaqədardır: "Avropa Parlamenti son qətnamə kimi qətnamələrlə müstəqil siyasət həyata keçirən, ərazi bütövlüyünü və suverenliyini bərpa edən ölkələrə təzyiq etməyə çalışır. Azərbaycan güclü, geosiyasi və geoiqtisadi mövqeyi olan ölkədir. Bu cür qətnamələrin qəbul edilməsinə baxmayaraq, Azərbaycan müstəqil siyasətini davam etdirəcək. Ermənistan tərəfindən dağıdılan, Avropa Parlamentinin görməməzliyə vurduğu Qarabağ və Şərqi Zəngəzuru qısa müddətdə bərpa edəcək. Bu da 700 mindən çox məcburi köçkünün ata-baba yurduna qayıtması deməkdir. Avropa Parlamenti bu prosesə dəstək olmaq əvəzinə, təəssüf ki, mane olmağa, təhdid etməyə çalışır. Belə qərəzli bəyanatlar Azərbaycanın həm müstəqil, həm də Qarabağ və Şərqi Zəngəzurla bağlı siyasətinə xələl gətirə bilməz".
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ