Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi böyük ehtimalla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyasında çıxış etməyə icazə verəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Tonoyanın hazırda saxlanıldığı Milli Təhlükəsizlik Xidmətinin təcridxanasından gətirilməsi üçün məhkəmənin icazəsi lazımdır.
“Fakt budur ki, siyasi hakimiyyət məhkəməyə artıq bununla bağlı göstərişini də çatdırıb: İstintaq komissiyası dövlət üçün ən vacib məsələni araşdırmalıdır”,-deyə yazıda qeyd olunub.
Yerli qaynaqlardan gələn informasiyalara görə, istənilən halda David Tonoyanın sözləri hər kəsdə maraq doğurub və onun dedikləri yeni araşdırma predmetinə çevrilə bilər. Ona görə də sabiq nazirin komissiyada görünməsi iqtidar üçün vacib sayılırmış.
Xatırladaq ki, “Joxovurd” qəzeti artıq məhkəmə sisteminin çətin vəziyyətdə qaldığını yazmışdı. Çünki Ermənistanda qanuna görə istintaq təcridxanasında saxlanılan şəxs yalnız yaxın ailə üzvlərindən birinin dəfninə gəlmək və ya cinayət işi ilə bağlı mühüm faktları göstərmək üçün təcridxanadan çıxarıla bilər.
Erməni qəzetləri bu səbəbdən Paşinyanla Tonoyan arasında hansısa razılaşmanın ola biləcəyinə eyham vurur.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ