Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş naziri Aparatı bəyanat yayaraq bildirib ki, Ermənistan yanvar ayında Azərbaycanın qərb rayonlarından Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə dəmir yolu ilə yüklərinin daşınması məsələsinin həlli üçün Azərbaycana yazılı təkliflərini təqdim edib.
Bildirilib ki, Ermənistan Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması təklifini çatdırıb və Azərbaycanın müsbət cavabını gözləyir.
Bununla yanaşı, Ermənistan hökumətinin sülh gündəmini rəhbər tutduğu vurğulanıb:
“Sülh müqaviləsinin mətni üzrə razılaşma və bu çərçivədə danışıqların yekunlaşdırılması həlledici addımdır və Ermənistan Azərbaycana sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edir. Saziş layihəsinin razılaşdırılmış mətni Ermənistan və Azərbaycan arasında sülhün və münasibətlərin bərqərar olmasının fundamental məsələlərini əhatə edir və gələcək addımların müzakirəsi üçün mexanizmləri nəzərdə tutur”.
Baş nazirin Aparatı əlavə edib ki, Ermənistan iki ölkənin sərhəd komissiyalarının razılaşdırılmış əsasnaməsi ilə Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işləri davam etdirməyə hazırdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, Ermənistan tərəfinin səmimiyyəti şübhə altındadır:
“Ermənistan bir tərəfdən Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılmasını təklif edir, digər tərəfdən isə mövqelərimizi öz ərazisindən atəşə tutur. Sülh müqaviləsini imzalamaq üçün həm Azərbaycandan vaxt və məkanın təyin edilməsini xahiş edir, həm də təxribatdan əl çəkmir.
Ermənistan sülh istəyirsə, bunu göstərməlidir. Sülhün ilk növbədə Ermənistanın özünə lazımdır. Sülh müqaviləsinin imzalanmasında Ermənistanın səmimi olduğu görünməlidir. Müqavilə bağlandıqdan sonra digər məsələlər müzakirə edilə bilər. Danışıqlar getdiyi zamanda Hindistan, Fransa, Kanadanın Ermənistana pulsuz silah, “Avropa Sülh Fondu”nun isə Ermənistana silahlı qüvvələrin təkmilləşdirilməsi üçün milyard avro göndərməsi çağırışla reallığın bir-birinə uyğun gəlmədiyinin göstəricisidir.
Ermənistan səmimi olmalıdır, Azərbaycanla mehriban qonşu olmaq istədiyini göstərməlidir. Növbəti mərhələlərdə isə digər məsələləri müzakirə etmək olar. Ermənistanın Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması təklifi ilə sadəcə beynəlxalq birlikdə “sülh quşu” obrazı təəssüratı yaratmaq üçün edilən cəhddir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ