İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı İranın əlindən alırlar - Tehranın müəmmalı sükutu...

Fars rejimi “qardaşını” strateji olaraq itirməkdədir və “qırmızı xətti” çoxdan keçilib; “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyən Rəisi və digər rəsmilər Paşinyanın regiona onların düşmənlərini gətirməsinə susur - şərh

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüşdə imzalanacaq hansısa pakt, şübhəsiz, Azərbaycanla yanaşı, ümumən region ölkələrinə qarşı, 3+3 formatını səmərəsiz etməyə yönəlib. 

Hansı formata ki, İrəvanın özü də lap əvvəldən soyuq yanaşır. Maraqlıdır, kapitulyant ölkənin Qərbə yaxınlaşmasına İran hələ də yetərincə kəskin reaksiya bildirməyib. Yalnız ümumi, şablon ifadələrlə kifayətlənib. Rəsmi Tehran faktiki susur. İranın Ermənistandakı səfiri isə Fransa səfiri ilə birgə Qərbi və Paşinyan rejimini bir növ tərənnüm etməklə məşğuldur. Halbuki Tehran qeyri-region dövlətlərinin bölgədə mövcudluğunu İran üçün qeyri-məqbul, “qırmızı xətt” sayır. O zaman indi niyə susur? Bəlkə Fransa bu məsələdə ayrıdır?

Eləcə də Rusiya. Halbuki proseslər sonda Ermənistandakı Rusiya hərbi bazasının çıxarılması ilə nəticələnə bilər. Hərçənd Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sükutu pozaraq deyib ki, aprelin 5-nə planlaşdırılan Ermənistan-Aİ-ABŞ görüşü Moskvada narahatlığa səbəb olur, çünki Vaşinqton və Brüssel onun anti-Rusiya oriyentasiyasından açıq danışır. “Vaşinqtonda, Brüsseldə və İrəvanda özlərini elə göstərirlər ki, aprelin 5-də keçiriləcək yüksək səviyyəli Ermənistan-AB-ABŞ görüşünün niyə bu qədər "narahatlığa" səbəb olması ilə maraqlanırlar" - o bildirib. Zaxarova bundan əvvəl bəyan etmişdi ki, Avropa Birliyi ilə yaxınlaşma illüziyası Ermənistanı əsarətlə hədələyir. Onun sözlərinə görə, İrəvana xeyir verəcək hər şeyi “yalnız alqışlamaq olar”. Eyni zamanda o, Ermənistana “AB-nin nəğmələri”nin qoyun dərisi altında gizlənmiş “qaniçən canavar və hətta qılınc dişli pələng” olduğuna görə xəbərdarlıq edib. 

Qabil Hüseynli müxalifətə çağırış etdi:

Qabil Hüseynli

İrana gəldikdə isə ölkənin rəsmiləri, prezident Rəisi “Ermənistanla minillik yollardan” dəm vurur, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deməkdən yorulmurdular. İndi İranın “qardaşı” Ermənistan Tehrana sanksiyalar tətbiq edən və ona düşmən olan Qərb dövlətləri ilə təhlükəsizlik sahəsində sənəd imzalamaq ərəfəsindədir. Görünür ki, Tehranla Paris arasında gizli müttəfiqlik səbəbindən İran bu strateji gedişata münasibət bildirmək istəmir. Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanın Qərblə yaxınlaşması elə ən çox İranı narahat etməlidir. Onun zənnincə, Tehran Azərbaycanı “sionist rejimini” onun sərhədlərinə yerləşdirməkdə əsassız şəkildə ittiham edirdi, amma faktiki olaraq, İranla sərhəddə Qərb qüvvələri Ermənistanın əli ilə mənzillənməkdədir: “Rejimin ayrı-ayrı üzvləri Zəngəzur dəhlizinin açılmasını az qala özlərinin sonu kimi qələmə verməyə çalışırlar. Ancaq dünənə kimi Ermənistanın təhlükəsizliyini özününkü hesab edən İran indi səsini çıxarmır. Mənə elə gəlir ki, Tehran Moskvanın addım atmasını gözləməkdədir”. 

Q.Hüseynli Ermənistanın Fransa ilə əlaqələrinin isə İranı çox da narahat etmədiyi qənaətindədir: “Fransanın İrəvandakı səfiri də bugünlərdə demişdi ki, bizim Tehranla bir çox məsələlərdə fikirlərimiz üst-üstə düşmür, amma Ermənistanla bağlı mövqelər oxşardır. Bu da təəccüblü deyil. Elə İranın İrəvandakı səfiri Sübhani də Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı kimi danışır. Bununla belə, o fikrimə qayıdıram ki, İran Rusiyanın Paşinyanı cəzalandıracağını gözləyir. Amma artıq Ermənistan hakimiyyəti öz xarici siyasət vektorunu müəyyən edib”. 

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı

Təhlilçi Asif Nərimanlıya görə, bu riskli perspektivin qarşısını regional ölkələrin - Rusiya, Türkiyə, İran - kollektiv mövqeyi - addımı ala bilər: “Çünki Ermənistan üzərindən açılan cəbhə təkcə Azərbaycana yox, bu ölkələrin bölgədəki maraqlarına qarşıdır. Ermənistanın ”müqavimətinin gücləndirilməsi" tədbirlərinin Qərbin Rusiyanı bu ölkədən çıxarmaq və Cənubi Qafqazda Moskvaya qarşı yeni cəbhə açmaq planının tərkib hissəsi olduğu bəllidir. İrəvanın Aİ müşahidəçilərini bölgəyə gətirməsi, Fransa tərəfindən silahlandırılması kimi ayrı-ayrı komponentlər ABŞ-Aİ hərbi paktı ilə bütövləşə, Qərbin kollektiv dəstəyinə çevrilə bilər. Bu vəziyyət bütövlükdə regiona qeyri-stabillik vəd edir. Çünki Ermənistanın Qərbin kollektiv hərbi dəstəyini əldə edəcəyi təqdirdə iki istiqamətdə hərəkət edəcəyi ehtimalı böyükdür".

Bakı şərt irəli sürür ki...” - Ekspert DETALLARI açdı

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, rəsmi Bakının mövqeyi daha inandırıcı və arqumentli görünür: “Ona görə ki, regionda Ermənistanı hərbi təxribatlara hazırlamağın əlamətləri sezilməkdədir. Bu əlamətlər Azərbaycan-Ermənistan sülh danışıqlarına müqavimət göstərmək üçün riskləri vurğulayır. Halbuki müzakirələrdə Azərbaycanın Cənubi Qafqazın geosiyasi orbitindəki möhkəm yeri barədə Ermənistana xəbərdarlıqlar edilə bilər. Rəsmi Bakının Aİ və Vaşinqtonun Ermənistana dəstək fonu ilə bağlı işlətdiyi ”illüziya" ifadəsi həmin məqamı açıqlayır. Yəni əgər Ermənistanı müdafiə paktı ilə “mühafizə etməyə” çalışsalar belə, bu, Azərbaycanın güc dinamikasındakı rolu fonunda limitli ola bilər". 

A.Kərimovun sözlərinə görə, Ermənistan kartı vasitəsilə Azərbaycanın Rusiya və Qərb arasındakı geostrateji mübarizənin arasında sıxışdırılmasına cəhdlər edilir: “Hərçənd Qərbdəki ən ağıllı beyinlər belə bilir ki, Ermənistana dəstəklər regionda geosiyasi mənzərəni İrəvanın xeyrinə dəyişdirmək iqtidarında deyil. Çünki Azərbaycan yeni reallıq yaradıb geosiyasi nəticələri qəbul etdirmək üçün hərbi qüdrətə malikdir. Buna görə də Ermənistana dəstəklərin əhəmiyyəti yoxdur. Əksinə, regionda eskalasiya riski yaransa, kəlbətinin dişləri arasında ən çox sıxılan elə Ermənistan olacaq”. 

Azay Quliyev yenidən ATƏT PA-da komitə sədri seçilib

Azay Quliyev 

Deputat Azay Quliyev də Axar.az-a deyib ki, Qərbin region ölkələri üçün yaxşı heç nə vəd etməyən bu kimi fəaliyyəti fonunda İranın hələ də səssiz qalması da başadüşülən deyil: “Axı İran dəfələrlə bəyan etmişdi ki, regiona kənar qüvvələrin müdaxiləsi onun qırmızı xəttidir. Necə ola bilər ki, ən xırda məsələyə görə Azərbaycanı şantaj edən, hədə-qorxu gələn İran rəsmiləri Ermənistanda Qərbin hərbi bazasının yaradılması fonunda nəinki İrəvanı hədələmir, hətta qınamır? Bu suala yaxın günlərdə aydınlıq gətiriləcəyinə ümid edirəm”.

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR