Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya enerji nəhəngi “Qazprom” Avropaya qaz nəqlində Ukrayna marşrutunu tamamilə dayandırmağı planlaşdırır. Reuters-in məlumatına görə, bu qərar 2025-ci ildən etibarən həyata keçirilə bilər və nəticədə Avropanın enerji təhlükəsizliyi ciddi şəkildə sarsılacaq.
“Qazprom”un bu addımı Avropanın Azərbaycana diqqətini daha da yüksəldəcık. Hazırda Cənub Qaz Dəhlizi, xüsusilə TANAP və TAP qaz kəmərləri, Azərbaycanın Avropaya qaz nəqlində əsas rol oynayır. Bu kəmərlər həm regionun enerji təhlükəsizliyində, həm də Avropanın Rusiyadan asılılığını azaltmaqda mühüm əhəmiyyət kəsb edir.
Ankara və Bakı, Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin artırılması ilə bağlı Avropa ilə əməkdaşlığın genişləndirilməsi üçün strateji müzakirələrə hazırlaşır. Türkiyə tranzit ölkə olaraq bu prosesdə həm iqtisadi mənfəət, həm də geosiyasi üstünlük əldə edə bilər.
“Qazprom”un qərarı ilə Avropanın 2025-ci ildə qaz tədarükü təxminən 20 faiz azalacaq – bu, ildə 39 milyard kubmetr qaz deməkdir. Hazırda Azərbaycanın qaz ixracı bu boşluğu tam doldurmaq üçün kifayət deyil. Bunun üçün Bakı qaz hasilatını artırmalı, yeni yataqların işlənməsinə sərmayə qoymalı və mövcud infrastrukturunu genişləndirməlidir.
Ukrayna üzərindən qaz nəqlinin dayandırılması regionda enerji təhlükəsizliyi və siyasi münasibətləri kökündən dəyişdirəcək. Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP kimi layihələr Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini artırır. Eyni zamanda, bu addımlar Türkiyəni də enerji tranziti sahəsində daha güclü oyunçuya çevirir.
Bundan əlavə, Avropa Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün ölkəmizlə daha yaxınlaşa və uzunmüddətli enerji sazişləri bağlamağa çalışa bilər. Bu isə Azərbaycanın həm iqtisadi, həm də siyasi mövqeyini gücləndirmək üçün yeni fürsətlər yaradır.
Azərbaycan və Qoca Qitə
Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevrilib. Bakı ilə Ankaranın koordinasiyalı addımları Cənub Qaz Dəhlizinin gücləndirilməsi və Avropanın enerji tələbatının qarşılanmasında həlledici rol oynaya bilər. Lakin bu proses, Azərbaycanın öz resurslarını artırmaq və yeni enerji layihələrini həyata keçirmək üçün əlavə investisiyalara ehtiyac duyduğunu göstərir.
Nəticə etibarilə, “Qazprom”un qərarı Azərbaycanın qlobal enerji bazarındakı rolunu daha da artıracaq. Avropa paytaxtlarının Bakıya üz tutması isə Azərbaycanın regional və qlobal təsirini artırmaq üçün unikal bir fürsətə çevrilir.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ