Onlayn ictimai-siyasi qəzet
ABŞ-da ikinci Tramp dönəminin başlamasından dolayı ən çox təlaşa düşən ölkələrdən biri də Ermənistandır. Nikol Paşinyanın təzəcə bitən, həm də uğursuz olan Amerika səfəri də sözsüz ki, ən əvvəl bununla bağlı idi. Paşinyan Bayden hökumətinin Ermənistanla bağlı siyasətinin davam etdiriləcəyinə dair zəmanət almadı.
Digər narahatlıq isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) cinayətkar qurum kimi bağlanmasıdır. Bəs Ermənistanda USAİD-in yerini kim tuta bilər?
Natiq Cəfərli
ReAL sədri Natiq Cəfərlinin sözlərinə görə, ABŞ-dan, AB-dən Ermənistana gələn qrantlar azalacaq deyə, bu ölkədə siyasi mübarizə daha maraqlı hal alacaq. Kremlin isə Ermənistanda həm açıq, ayaqda olan, həm də “yatmış”, istənilən anda hərəkətə keçə bilən “hücrələri” var: “Əgər Ermənistan mediasında Ukraynada olan mənzərəyə yaxın maliyyələşmə varsa (Ukraynada media 90% qrantlarla ayaqda qalır), qonşumuzdakı media və sivil toplum özünə yeni maliyyə mənbələri axtarışına çıxacaq. Bu an Rusiyanın erməni oliqarxlarının pulu işə düşə bilər. Yəni Ermənistanın guya Rusiyadan uzaqlaşdığı mif idi, indi bu mif də dağıla bilər ki, bu da bizə xeyirli deyil”.
N.Cəfərliyə görə, Ermənistanda hakimiyyət dəyişiklikləri 2026-da reallaşa bilər: “Məncə, ona qədər Ermənistanla məhz elə ABŞ-ın, Trampın moderatorluğu ilə böyük sülh sənədi imzalamaq lazımdır və bu təklif rəsmi Bakıdan gəlməlidir - biz təklif edək, görək İrəvan bundan imtina edə biləcəkmi...”
Yada salaq ki, Ermənistanda parlament seçkiləri gələn il keçiriləcək.
Ermənistanda USAİD-i Rusiyanın əvəzləməsi mümkünmü? Rusiya vəziyyətdən istifadə edib bu boşluğu doldura bilərmi?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Amerika səfəri onun istədiyi səviyyədə olmadı, uğursuz oldu. Paşinyan yeni prezident Donald Trampla görüş niyyəti ilə Amerikaya getmişdi. Ancaq erməni disporasının və Erməni Milli Konqresinin bütün cəhdlərinə baxmayaraq Tramp onun qəbul etmədi. Bu həm erməni diasporunun, həm Erməni Milli Konqresinin, həm də Paşinyanın uğursuzluğu oldu. Bu onu göstərir ki, Ermənistan Tramp Amerikasından hələ istədiyi dəstəyi ala bilmir. Amma bu o demək deyil ki, onların inadkarlığı davam etməyəcək. Ermənilər müxtəlif vasitələrlə ABŞ-dan maliyyə və siyasi dəstək almağa çalışacaqlar. Lakin Co Bayden hökumətindən fərqli olaraq Tramp Cənubi Qafqaz məsələsində tamamilə Ermənistana stavka siyasətini yürütməyəcək. Tramp bu məsələdə balanslaşdırılmış siyasət yürüdəcək və çalışacaq ki, Baydendən daha ədalətli mövqe nümayiş etdirsin, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olunsun. USAİD-in bağlanması isə təkcə Ermənistanda deyil, hər yerdə həyata keçirilib: “Trampın bu qərarı yüzlərlə ölkədə alqışlanan qərardır. Alqışlanmayan az sayda ölkələrdən biri Ermənistandır. Ermənistana USAİD-dən çox böyük məbləğlərdə vəsaitlər müxtəlif layihələr adı ilə verilirdi. Azərbaycan xeyli müddət idi USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırıldığı barədə qərarı barədə ABŞ-a rəsmi məlumat göndərmişdi. Ermənistan hakimiyyəti isə USAİD-in bağlanmasını istəmirdi. Paşinyan hökuməti Soros Fondunun "uşaqlar"ından ibarətdir. Onlar həm Sorosun, həm də USAİD-in maliyyə, siyasi dəstəyi ilə hakimiyyətə gəliblər və hakimiyyətlərini qoruyublar. İndi USAİD kimi maliyyə mənbələrinin əldən çıxması onları yeni mənbələr axtarmağa vadar edəcək. Bu mənbənin Rusiya olacağı, USAİD-i Rusiyanın əvəz edəcəyi inandırıcı deyil. Çünki Rusiyanın özü ağır durumdadır, Rusiyanın özünə maliyyə lazımdır. Rusiya USAİD kimi maliyyə mənbəyini əvəz edə bilmək imkanlarında deyil. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi qərarı versə, onu ancaq və ancaq güc yolu ilə həyata keçirmək yolunu tutar, USAİD-lə müqayisədə cüzi vəsait sərf edə bilər".
Ekspertin sözlərinə görə, məsələnin başqa bir tərəfi isə odur ki, Ermənistandakı indiyə qədər USAİD-dən qidalanan qüvvələr Rusiyaya xoş münasibəti olmayan qüvvələrdir. Bu baxımdan da onların USAİD-in əvəzində Rusiyanın olması variantına isti yanaşmları ehtimalı çox azdır: “Şübhəsiz ki, indiki Ermənistan hakimiyyəti nə qədər Rusiyadan uzaqlaşmaq, Qərbin qucağında oturmaq xətti götürsə belə, Moskva Ermənistanı tamamilə buraxmaq istəmir və istəməyəcək. Orada yaranan və yaranacaq istənilən boşluğu hansısa formada doldurmağa çalışacaq. Rusiyanın Ermənistan hakimiyyətinə deyil, Ermənistan müxalifətinə dəstək vermək, dəstəyi artırmaqla bağlı iddialar var. Bu iddialar daha çox inandırıcıdır. Paşinyan hakimiyyətindən qurtulmaq üçün Rusiya və digər Paşinyandan narazı dövlətlər müxalifətə müəyyən maliyyə dəstəyi göstərə bilərlər. Rusiyapərəst hakimiyyətin qurulması üçün ən müxtəlif istiqamətdə addımların qarşıdakı dövrdə instensivləşəcəyi gözləniləndir. Ona görə də ABŞ Cənubi Qafqazda sülh istəyirsə, gec olmadan Azərbaycanla sülh müqaviləsi imzalaması üçün Ermənistana təzyiq etməlidir. Azərbaycan da sülh müqaviləsinin imzalanması üçün addımlar atır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ