Onlayn ictimai-siyasi qəzet
Ermənistan polisi "Erməni Ümumxalq Birliyi" partiyasının 8 üzvünü saxlayıb.
Musavat.com-un xəbərinə görə, bu barədə partiyanın sosial şəbəkələrdəki səhifəsində məlumat verilib.
Məlumatda qeyd olunur ki, oktyabrın 18-i axşam saat 23:15-də mülki geyimdəki bir qrup şəxs patrul polisinin müşayiəti ilə heç bir səbəb göstərmədən partiya üzvlərinin avtomobilini saxlayıb. Ardınca partiyanın sədr müavini Ararat Avetisyan, icra komitəsinin üzvləri Ayk Stepanyan və Armine Simonyan saxlanılıb. Həmçinin, partiyanın gənclər birliyinin daha 5 üzvü zorla polisə aparılıb. Saxlanılan səkkiz nəfərdən üçü qadındır.
İstintaq şöbəsində partiya üzvlərinə saxlanılma səbəbləri izah edilməyib və hüquqşünaslarla, ya da yaxınları ilə əlaqə qurmaq imkanı verilməyib.
Məlumat üçün bildirək ki, "Erməni Ümumxalq Birliyi" partiyasının sədri Ermənistanın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Miqran Poqosyandır. O, 1,3 milyon məbləğində vergidən yayınmaqda ittiham olunur və 9 cinayət maddəsi ilə axtarışdadır. Poqosyanın əleyhinə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və xüsusi miqdarda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb. O, uzun müddətdir ki, Rusiyada gizlənir.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ