Onlayn ictimai-siyasi qəzet
İndi Ermənistan regiondakı vəziyyətdən istifadə edərək daha çox xal qazanmağa çalışır
Ermənistanın Qərblə Rusiya arasında “rəqsi” davam edir. Arada qalan isə adətən zərbə yeyir. Ermənistan da istisna olmayacaq. Hərçənd rəsmi İrəvan bunu “balans siyasəti” adlandırır, gerçəkdə bu, eyni vaxtda “iki stul”da oturmaq cəhdindən başqa bir şey deyil.
Bu arada məlum olub ki, Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsi üçün tələb olunan 50 min imza əvəzinə 60 min imza toplanıb. Bu haqda Ermənistanın “Eurovote” imzatoplama qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
“Bu imzalar toplusu təkcə Ermənistan vətəndaşlarının azadlıq və milli ləyaqət istəyinə deyil, həm də ümumbəşəri dəyərlər və Avropa gələcəyi naminə cəmiyyətimizin siyasi yetkinliyinə və birliyinə dəlalət edir. Bu, bizim böyük regionumuzda cərəyan edən geosiyasi proseslərdə mühüm impulsdur”, - bəyanatda deyilir.
Bəs Ermənistanda referendum keçirilərsə, nəticə necə olar? Ermənistan Avropa İttifaqına lazımmı? Qonşu Gürcüstandakı məlum proseslər fonunda bu oyunda məqsəd nədir? Ondansa konstitusiyadan Azərbaycan əleyhinə müddəanı çıxarmaqla bağlı referendum keçirilsə daha məntiqli olmazmı?
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistan qərbyönümlü siyasi xətt həyata keçirməyə başlayıb. Hazırda bunu Ermənistan rəhbərliyinin nəinki siyasi bəyanatlarında, həmçinin praktiki addımlarında da müşahidə etmək mümkündür. Bu ölkə indiki iqtidarının simasında öz gələcəyini Qərbdə görür: “MDB-nin, KTMT-nin iclaslarında iştirakdan imtina, Rusiya qoşunlarının tədricən çıxarılması, sərhəd məntəqələrinə nəzarətin getdikcə ələ alınması və s. Ermənistanın məqsədyönlü siyasətinin tərkib hissəsidir. Eyni zamanda regional problemlərin daha çox Qərb müttəfiqləri ilə müzakirə edilməsi, onlarla fikir birliyi və həmrəylik nümayişi də müttəfiq seçiminin göstəricisidir. 2-ci Qarabağ müharibəsindəki məğlubiyyəti də Ermənistanın Rusiyadan üz döndərməsinə əhəmiyyətli təsir göstərdi. Çünki ermənilər belə hesab edirlər ki, Rusiya onların arxasında durmadı və satqınlıq etdi. Bu fikri Ermənistanın xarici işlər naziri də bugünlərdə səsləndirmişdi və qeyd etmişdi ki, Paşinyan hakimiyyətində insan hüquqları daha çox qorunur, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılir, sadə vətəndaşlar artıq özlərini bir şəxsiyyət kimi hiss edirlər. Hesab edirəm ki, buna görə də Avropa İttifaqına üzv olmaqla bağlı imzatoplama kampaniyası fəal keçib. Ermənistan Avropaya lazımdır, ancaq onun Avropa İttifaqına üzv statusu alması ilə yox. Ən yaxşı halda Gürcüstana verdiyi güzəştlər Ermənistana da şamil oluna bilər. İndi Ermənistan regiondakı vəziyyətdən istifadə edərək daha çox xal qazanmağa çalışır. Avropa Birliyinin Cənubi Qafqazdakı yeganə müttəfiqi olan Gürcüstan əldən çıxdıqdan sonra Ermənistan bu regionda ozünü satmağa və həm də baha satmağa çalışır. Qərbin burada təmsilçisi olmağa hazırlaşan Ermənistan sülh danışıqlarına 10 noyabr üçtərəfli bəyanatı əsasında getməkdənsə ikili oyun oynayır. Azərbaycana Qərbin əli ilə təzyiq edərək, 4 kəndimizi qaytarmamaq, sərhədlərin müəyyənləşdirilməsinə əngəl olmaq istəyir”.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Emənistanda keçirilən imza toplanması heç də Avropa İttifaqına üzvlük üçün referendum keçirilməsinə gətirib çıxarmayacaq. Ümumiyyətlə, Avropa İttifaqı Ermənistanı üzvlüyə qəbul etməyəcək. Yaxın 20 ildə bu gözlənilmir: “Cənubi Qafqaz elə bir regiondur ki, Avropa İttifaqı bu regionu rəsmi üzvlüyə almaz. Gürcüstanda baş verənlər də göstərdi ki, Avropa İttifaqı Gürcüstan və Ermənistanda siyasi elitalara etimad etmir. Göründüyü kimi, Gürcüstanda siyasi hakimiyyət 20 illik avrointeqrasiya kursunu dəyişir. Sabah bu, Ermənistanda da baş verə bilər. Ona görə də Avropa İttifaqı Ermənistanla taktiki əməkdaşlıq edir. Strateji hədəf isə mümkün görünmür. Çünki bu ölkədə Rusiya qoşunları var. Ermənistan Rusiyanın orbitində olan təşkilatların üzvüdür. Belə olan təqdirdə hansı referendumdan və üzvlükdən söhbət gedə bilər?! Ermənistan siyasi camesi belə referendumda maraqlıdırsa, sülh müqaviləsinin bağlanması üçün imza toplayaraq referendumu tezləşdirə bilərdilər. Sadəcə, burada hakimiyyət Avropa ittifaqına göstərmək istəyir ki, guya xalq avrointeqrasiyada maraqlıdır. Referendum keçirilsə, əhali yox deməz. Amma bu, o demək deyil ki, Avropa İttifaqı qəbul edəcək. 20 il avrointeqrasiya siyasəti aparan Gürcüstanı və uzun illər Türkiyəni qapıda saxladılar. Ermənistan da sonda qapıda qalacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ