İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalifət son “kozır”larını oynayırmış kimi tələsir-Paşinyan isə...

Ermənistanda revanşist müxalifətin son bir həftədə qızışması və aksiyaların intensivliyini artırması sanki hansısa tələskənlikdən xəbər verir.

Qarabağ canilərinin önəmli qisminin qoşulduğu siyasi qüvvələr hazırda dünyada baş verən geopolitik situasiyadakı qarışıqlığın yaratdığı qeyri-müəyyənliyi öz xeyirlərinə çevirməyə çalışırlar. Əvvəlki “dinc” aksiyalardan fərqli olaraq revanşistlər konkret təhdid, qorxutma, hüquq-mühafizə orqanlarına müxtəlif yollarla təzyiq vasitələrinə əl atıb.

Ermənistan iqtidarının aksiyalar qarşısında susqun qalması işin digər maraqlı tərəfidir. Erməni mediasında polisin Nikol Paşinyan tərəfdarlarına əks-aksiyalar keçirməklə bağlı xəbərdarlıq etdiyi barədə məlumat yayılıb. Ermənistan parlamentinin deputatı, “Şərəf duyuram” fraksiyasının üzvü Ayk Mamicanyan isə bəzi polislərin müxalifətin tərəfinə keçdiyini və etirazçılara güc tətbiq etməkdən boyun qaçırdığını iddia edib.

Bundan başqa, erməni müxalifəti ölkədə fəaliyyət göstərən səfirliklərə də xüsusi müraciət edərək onlardan Nikol Paşinyanla əməkdaşlığı kəsməyi tələb edib.

Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksütyun partiyasının üzvü İşxan Saqatelyan səfirlərə səslənərək onlardan öz ölkə rəhbərliklərinə “Nikol Paşinyanın Ermənistanı və erməni xalqını təmsil etmədiyini çatdırmalarını” istəyib.

“Ermənistanda baş verən siyasi böhran yalnız Nikol Paşinyan və onun komandasının istefası sayəsində çözülə bilər. Bu istefa hazırkı rəhbərliyin mili maraqlarının müdafiəsi, iqtisadiyyat və təhlükəsizlik sahəsindəki uğursuzluqlarla səciyyələnir”,-deyə İşxan Saqatelyan bildirib.

2222.jpg (174 KB)

Bundan başqa, parlamentin vitse-spikeri Ermənistanın İctimai televiziyasını hədələməyi unutmayıb və iqtidara yaxın tv-ləri ölkə həqiqətlərini doğru şəkildə çatdırmamaqda ittiham edib.

Qeyd etmək lazımdır ki, hələlik xarici ölkələrdən yalnız ABŞ Ermənistanda baş verən hadisələrə reaksiya göstərib. Birləşmiş Ştatların Dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays dinc nümayişlərin açıq siyasi sistemlərin tərkib hissəsi olduğunu deməklə kifayətlənib. Ned Prays Ermənistan hakimiyyətini təmkinli olmağa, etirazçıları isə zorakılıqdan çəkinməyə və ölkədəki qanunların aliliyinə və demokratiyaya hörmət etməyə çağırıb.

Erməni müxalifəti hətta artıq müvəqqəti hökumətin qurulması üzərində çalışdığını bəyan edib.
Ötən mitinqdə müxalifət liderləri hətta Ermənistanın və “Dağlıq Qarabağın” vahid təhlükəsizlik sisteminin yaradılmasından dəm vurublar. Bunun üçün onlar baş nazirin səlahiyyətlərinin azaldılmasını da təklif ediblər.

Burada yenə parlamentin vitse-spikeri İşxan Saqatelyanın canfəşanlığı və önə çıxması gözə çarpır. Mitinqdəki çıxışında İ.Saqatelyan Nikol Paşinyanın antimilli siyasəti sayəsində Ermənistanın müstəqilliyinin təhlükə altında olduğunu bildirib. Onun sözlərinə görə, həmin “vahid təhlükəsizlik sistemi”nin bərpası üçün silahlı qüvvələr yenidən dirçəldilməli və bu məqsədlə strateji partnyorlar prosesə cəlb edilməlidir. İşxan Saqatelyan həmçinin Paşinyanın yerinə gələ biləcək yeni iqtidarın Qarabağda rus sülhməramlılarının sayəsində hələ də mövcudluğunu saxlayan terrorçu qurumun anklavdan çıxarılması, onun Ermənistanla yenidən birbaşa əlaqəsinin təmin olunması, habelə danışıqların ATƏT-in 1994-cü ildəki formatında bərpa edilməsi ilə bağlı planlarından danışıb.

Göründüyü kimi, bununla Rober Köçəryanın keçmiş vəkili faktiki olaraq müharibənin yenidən başlanmasını təklif edib.

Bundan başqa, İ.Saqatelyan Ermənistanda Paşinyan iqtidarına müxalifətdə olan 250 nəfər yüksək ixtisaslı kadrdan ibarət müvəqqəti hökumətin yaradılmasından bəhs edib.

Arfd_ishkhan_saghatelyan.jpg (142 KB)

Onun sözlərinə görə, müvəqqəti hökumət hakimiyyətin bir adamın əlində cəmləşməsinə yol verməyəcək, siyasi qüvvələrə hökuməti formalaşdırarkən öz üzərilərinə kollektiv məsuliyyət götürəcəklər. Erməni siyasətçi hökumətin səlahiyyətlərinin bir hissəsinin Təhlükəsizlik şurasına veriləcəyini də vəd edib. Bundan başqa, müxalifətin planlarında Silahlı qüvvələrin yenidən formalaşdırılması, Azərbaycan və Türkiyə ilə danışıqlarda iştirak edəcək “qorxu və məğlubiyyət hissindən uzaq güclü diplomatik korpusun” yaradılması da yer alıb. “İnsanlara göstərmək lazımdır ki, Nikol Paşinyanın yeni güzəştlər üçün legitim mandatı yoxdur”,-deyə Saqatelyan mitinq iştirakçılarına səslənib.

Ermənistan parlamentinin keçmiş deputatı Vahe Ovannisan müxalifətin əlinə düşən fürsətdən yararlanmayacağı təqdirdə faciənin yaşanacağını deyib. “Ermənistanda aqressiv əhval-ruhiyyə gündən-günə yüksəlir. Əgər biz bu halla mübarizədə ləngisək və anı buraxsaq faciə baş verəcək. Hazırda daxili gərginliyin və qeyri-müəyyənliyin əsas qaynağı Nikol Paşinyandır. Bu gün o, istefa verməsə, gərginlik azala bilməz”,-deyə Vahe Ovannisyan təhdidvarı çıxış edib.

Hər bir halda Nikol Paşinyan iqtidarı da boş dayanmır. Ermənistanda fəaliyyət göstərən “Past” qəzeti hakimiyyətin yaxın günlərdə müxalifətin əsas fəal deputatlarını cəzalandırmaq niyyətində olduğunu xəbər edib. Söhbət 12-15 deputatdan gedir və onlara qarşı parlamentin iclaslarına gəlməmək və səsvermələrdə iştirak etməməklə bağlı inzibati cəzaların tətbiq olunacağı gözlənilir.

Qəzet həmin “sanksiya” siyahısına daxil olan deputatların adlarını da açıqlayıb. Bunlar İşxan Saqatelyan, Geqam Manukyan, Andranik Tevanyan, Armen Çarçyan, Lilit Qalstyan, Artur Kazinyan, ArturVanesyan və başqalarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR