İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “məxməri inqilab”ın 4 ili - Qərb Paşinyana görə peşmandırmı?

Mayın 8-də Ermənistan Baş naziri Nikol Paşinyanın “məxməri inqilab” yolu ilə hakimiyyətə gəlişinin 4 ili tamamlanır. 4-cü ildönüm öz ölkəsində Nikola qarşı ciddi etiraz aksiyalarının keçirildiyi günlərə təsadüf edir. Belə ki, mayın əvvəllərindən etibarən Paşinyanın istefası tələbi ilə İrəvanı etiraz dalğası bürüyüb.

Onu da qeyd edək ki, keçən bu dörd il ərzində onun ətrafında gəzən əsas iddialardan biri də “Qərbin adamı” olması barədədir. Ermənistan Baş nazirinin ABŞ başda olmaqla Qərb dairələri tərəfindən Ermənistanın Rusiya caynağından tamamilə qurtulması üçün iqtidara gətirildiyinə dair hər zaman fikirlərə rast gəlirik. 

Amma son illərdə Paşinyanın ikili oyun oynadığı da açıq görünür. Xüsusilə, Azərbaycan 44 günlük II Qarabağ savaşında Ermənistanı darmadağın etdikdən sonra ara-sıra Ermənistanın hökumət rəhbərinin Moskvada göründüyünün də şahidi olmaqdayıq. Bu da haqlı olaraq, bir sıra suallar yaratmaya bilməz.

Qərb, özəlliklə ABŞ bu “Soros uşağı”nı iqtidara gətirməklə öz əsas hədəflərinə nə dərəcədə çatdı, yoxsa peşmandır? (Yuxarıda qeyd etdiyimiz kimi, hədəflərdən biri Ermənistanı Rusiyadan uzaqlaşdırmaq idi).

Qərb hələ də Paşinyanı müdafiə edir demək olarmı və Nikol daha nə qədər hakimiyyətdə duruş gətirə biləcək? Ermənistandakı etirazlar erkən seçkiləri qaçılmaz edə bilərmi?

102 il əvvəlki və indiki Rusiya - dəyişiklik varmı?

Şəhla Cəlilzadə: “Qərb hələ də Paşinyanı müdafiə edir və edəcək”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Qərbin hələ də Paşinyanı dəstəklədiyini bildirdi: “Paşinyanı solçu yaxud sağçı, Qərbyönümlü yaxud Rusiyayönümlü adlandırmaq çətindir. Onun iki üzü var: bir üzü insanları öz arxasıyca küçələrə çıxara bilən xarizmatik inqilabçı, digər üzü isə taktiki ittifaqlar formalaşdırmaq üçün müəyyən kompromislərə gedə bilən praqmatik siyasətçidir. Uzun müddət Ermənistan siyasi həyatındakı proseslər sağ-sol, liberal-konservativ mübarizəsi olmayıb, sadəcə iqtidar-müxalifət mübarizəsi xarakteri daşıyıb. Paşinyan korrupsiya ilə mübarizə, ədalətli seçkilər, monopoliyanın aradan qaldırılması kimi vədlərinə əməl edərək öz qərbçi görünüşünü hələ də qorumaqdadır. Bu baxımdan ”Transparency International"un korrupsiya indeksinə görə 2018-ci ildə 180 ölkə arasında 105-ci sırada yer alan Ermənistanın 2021-ci ildə 58-ci sırada yerləşməsi Paşinyanın uğuru sayıla bilər. Məhz daxili dinamiklər Qarabağı itirən ermənilərin yaşadığı şok və affekt vəziyyətinə baxmayaraq onun 2021-ci ilin iyununda təkrar seçkiləri qazanmasına gətirib çıxarmışdı. Odur ki, Qərb hələ də Paşinyanı müdafiə edir və edəcək.

Lakin Rusiya da Paşinyana qarşı sərt addımlar atmır. Təsadüfi deyil ki, aprel ayının ortalarından etibarən Ermənistanda yaşanan xaos və etirazlar fonunda Rusiya “gözləmə” mövqeyi seçib. Mayın 5-də Dmitri Peskovun (Putinin sözçüsü - red.) sakit tonlu açıqlaması bu mövqeyi daha da aydınlaşdırdı. Peskov Ermənistanda yaşanan hadisələri ölkənin daxili məsələsi adlandırmış və rəsmi Moskvanın vəziyyətin tezliklə sabitləşməsini və həll olunmasını istədiyini vurğulamışdı. O, Ermənistanı, yəni həm də Paşinyanı, Rusiyanın müttəfiqi və ən böyük dostu adlandırıb. Peskov, həmçinin Ermənistanda yaşanan xaotik vəziyyətin tezliklə başa çatması, Qarabağla bağlı daha öncə əldə olunan üçtərəfli bəyanatları və razılaşmaları yerinə yetirmək üçün münbit şəraitin yaranmasını təmənni etdiyini açıqlamışdı. Paşinyanın cəbhəsinin sülh yolunda ciddi açıqlamalar verməsini və ardından Rusiya prezidentinin sözçüsünün bu cür xüsusi vurğularla çıxış etməsi, Paşinyanın hakimiyyətini qoruyacağını ehtimal etməyə və sülh sazişinə daha da yaxınlaşdığımıza işarədir. Odur ki, Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı ildə keçiriləcəyini və yaxın zamanlarda hər hansı bir növbədənkənar seçkilərin olmayacağını qeyd edə bilərik. Bu günlərdə Ermənistan parlamentinin üzvü Vahagn Aleksanyan deyib ki, “əgər xalq tələb edərsə, Paşinyan hakimiyyətdən  gedəcək. Lakin belə bir tələb yoxdur. ”Artsax"ı da küçədə bayraq yelləməklə geri qaytarmaq mümkün deyil. Biz müxalifətin hakimiyyəti ələ keçirməsi üçün xalqdan istifadə etməsinə və xuliqanlıq törətməsinə izin verməyəcəyik". Görünür ki, Paşinyan öz dəstəkçilərinə də, Rusiyanın müxalifətə rəsmi olaraq dəstək verməyəcəyinə də arxayındır və hakimiyyətini qorumağa iddialıdır".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı: “Nikolun əlini gücləndirən məqamlar daha çoxdur”

Siyasi analitik Asif Nərimanlı Paşinyanın hakimiyyətdə qalmaq üçün əlində kifayət qədər imkanların hələ də qaldığını düşünür: “Paşinyan üzərinə qoyulan missiyanı yerinə yetirmədi, yaxud ötən müddətdə Rusiyadan uzaqlaşmaq istiqamətində kosmetik xarakterli addımlar atdı. Son parlament seçkilərindən sonra Rusiya ilə daha sıx işləməyə başlayıb. Ukrayna müharibəsinə Ermənistanın yanaşması da bunu göstərir. İrəvan bunu Rusiya ilə müttəfiqliklə əlaqələndirməsi işğala dəstəyini gizlətmək cəhdidir. Qazaxıstan, yaxud Belarus istisna olmaqla, KTMT üzvü olan digər ölkələrin mövqeyi də məsələnin müttəfiqliklə əlaqəsi olmadığını təsdiqləyir. Bu gün Ermənistan Rusiyanın Ukraynaya hücumuna geniş şəkildə informasiya dəstəyi verir. Lakin Qərbin Ermənistanla bağlı planı hələ də aktualdır və son proseslər göstərir ki, Paşinyana dəstək qalmaqdadır. Bu vəziyyət Paşinyana imkan verir ki, hakimiyyətini güc yolu ilə də olsa saxlaya bilsin. Ermənistan müxalifəti aksiyaları genişləndirmək və bununla iqtidarı ələ almaq istəsə də, Nikolun əlini gücləndirən məqamlar daha çoxdur. Birincisi, Qərbin dəstəyi hakimiyyətə inzibati resurslardan geniş istifadə imkanı verir. Belə olanda etirazların nəzarətdə saxlanılması üçün bütün yollara əl atılacaq. İkincisi, Rusiya müxalifətin aksiyası ilə hakimiyyətə təzyiq etmək və Qərb bölgədəki proseslərdə iştirakını Ermənistan üzərindən almaq istəsə də, Paşinyanın devrilməsini hələ ki istəmir, çünki Moskvanın vasitəçilik etdiyi razılaşmalara Nikol imza atıb, icrasını da o edə bilər. Üçüncüsü, müxalifətin tələbi sosial mahiyyətli yox, Qarabağla bağlıdır və Paşinyanın hakimiyyətdən getməsi yeni müharibə riski yarada bilər. Erməni əhalisi bunu ən azından indi istəmir. Buna görə də, aksiyalara kütləvi dəstək gözləntisi azdır. Erkən seçim ehtimalı da az görünür. Paşinyan bu prosesdən Qarabağ klanının daha da zəifləməsi üçün istifadə edəcək. Digər tərəfdən, Paşinyan bu klanın parlamentdən getməsində maraqlıdır, lakin Rusiyanın dəstəyi və millətçi ideologiya bu imkanı azaldır. O baxımdan, hakimiyyətin seçkidə fərqli nəticənin çıxa biləcəyi şərtləri yetişmədiyi müddətdə buna gedəcəyi inandırıcı görünmür. Ümumilikdə, Ermənistandakı proseslərin hələ ki, hakimiyyətin nəzarətində olduğu görünür. Fors major situasiya olmasa, yeni sui-qəsdlər, yaxud hakimiyyətin silahlı qiyamla ələ keçirilməsi kimi hallar yaşanmasa, ciddi dəyişiklik olmayacaq. Hakimiyyət mümkündür ki, belə ssenarilərə qarşı tədbirlərini görür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR