İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yolunu azan əsgərimizə “ömürlük” cəza versə... - Hüseyni necə xilas etməli?

Hüquqşünas: “Silahsız əsgərə işgəncə vermək, sonra onu işlətmədiyi cinayətdə ittiham etmək ermənilərin milli tərbiyəsinin nəticəsidir...”

Azaraq Ermənistan ərazisinə keçmiş və saxta qətl ittihamı ilə 20 il həbsə məhkum olunmuş əsgərimiz Hüseyn Axundovun “cəzasını” erməni itləri daha da artırmaq istəyirlər. Erməni mediası yazıb ki, guya Hüseynin öldürdüyü Zəngəzur mis-molibden zavodunun mühafizəçisi Ayrapet Meliksetyanın yaxınları 20 il həbsi yüngül cəza sayırlar. O səbəbə “işə” təzədən baxılmasını və onun ömürlük həbsə məhkum olunmasını tələb edirlər. 

Şübhə yox ki, bu, Meliksetyanın yaxınlarının öz ağlının məhsulu deyil. Meşəli və Xocalı cəlladı Vaqif Xaçatryanın ötən ay Laçın postunda qandallanmasından şoka düşən, buna görə hələ Avropa Məhkəməsinə də şikayət edən Ermənistan rəhbərliyinin sifarişi, növbəti siyasi hoqqası və həyasızlığıdır.

İstisna deyil ki, bu yolla ömürlük həbs cəzası alacaq qatil-terrorçu Xaçatryanı nə vaxtsa gənc hərbçimizə dəyişə biləcəklərinə ümid edirlər: yəni ki, “ömürlüyə” ömürlük. 

Bəs Bakının mümkün kontr-addımı nə ola bilər? Erməniləri heç olmasa, bu şərəfsizlikdən necə çəkindirə bilərik? Ömürlüyün ömürlüyə dəyişdiriıməsi (mübadilə edilməsi) mümkünmü? Yoxsa haylar, sadəcə, erməni Vaqifin heç vaxt türmədən çıxmayacağına əmin olub da, onun hayfını Azərbaycandan heç olmasa, bu cür almaq niyyətindədirlər - günahsız əsgərimizi ömürlük zindanda saxlamaqla. Azərbaycan dövləti bunun qarşısını necə ala bilər?

Bəlkə biz də önləyici addım kimi ələ keçirdiyimiz erməni terrorçu-diversantlardan birini ömürlük həbsə məhkum edək? Bu da var ki, Avropa Şurasının üzvü olan ölkədə - Ermənistanda bir nəfərin qətlinə görə necə ömürlük həbs kəsilə bilər. Özü də hələ bilinmir ki, belə bir qətl olub, yoxsa Meliksetyan öz əcəli ilə ölüb. Bəlkə də heç belə adam mövcud deyil.

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Azərbaycan tərəfi qarşı tərəfdən fərqli olaraq Azərbaycan torpaqlarında tutulan erməni diversantların üzərində kifayət qədər şəffaf proses keçirdi: “Qarşı tərəf isə hər zaman, sadəcə, öz xislətinə uyğun davranır. Azərbaycan öz torpağında tutulan erməni diversantların ibtidai istintaqını da açıq şəkildə apardı, ictimaiyyət müntəzəm şəkildə bu barədə məlumatlandırıldı. Diversantların saxlama şəraiti, müdafiə hüququ da tam şəkildə təmin edilmişdi. Həmin diversantların azərbaycanlı vəkilləri müvəkkillərinin istəyinə uyğun olaraq apelyasiya instansiyasına, sonradan isə Ali Məhkəməyə müraciət etmişdilər, şikayət vermişdilər. Yəni erməni diversantlar tam şəkildə peşəkar hüquqi yardım ala bilmişdilər”.

Mənə vəkil kimi heç bir təzyiq yoxdur” — Cavad Cavadov

Cavad Cavadov 

Hüquqşünas deyir ki, azaraq sərhədi keçən Azərbaycan əsgəri Hüseyn Axundova qarşı Ermənistan tərəf olduqca qeyri-insani rəftar nümayiş etdirib: “Əsir hərbçilərlə davranış haqqında Cenevrə Konvensiyası” var. Bu sənəd 1949-cu il avqustun 12-də, yəni İkinci Dünya müharibəsi bitəndən 4 il sonra qəbul edilib. Sənədin 17, 18, 19, və 20-ci maddələri hərbi əsirlərə fiziki və ya mənəvi işgəncə, yaxud başqa məcburetmə tədbirlərindən qoruyur. Konvensiyaya əsasən, cavab verməkdən boyun qaçıran hərbi əsirlər təhdid edilməməli, təhqir olunmamalı və hər hansı təqib və ya məhdudiyyətlərə məruz qalmamalıdırlar. Hərbi əsirlərin dindirilməsi onların başa düşdüyü dildə aparılmalıdır. Azərbaycan Ordusunun əsgərlərinin itkin düşdüyü faktdır, amma lap tutaq ki, Ermənistanın iddia etdiyi kimi, onlar “diversant” olsalar belə, yenə də hərbi əsir statusundadırlar və onlara işgəncə verilməsi beynəlxalq konvensiya ilə qadağandır.

Bu ölkənin KİV-i hadisədən bir müddət əvvəl Zəngəzur Mis-Molibden Kombinatının gözətçisinin şəxsi zəmində öldürüldüyünə dair xəbər vermişdi. Ancaq məlum foto yayılandan sonra bu hadisəni azərbaycanlı əsgərin adına yazdılar. Ermənistan hakimiyyəti az qala ölkədə son günlərdə baş verən bütün açılmayan cinayətləri azərbaycanlı hərbçilərin törətdiyini iddia edir. Bu halda silahsız əsgər Hüseyn Axundova bütün Ermənistan hücum edib.

Azərbaycanın rəsmi dövlət qurumları onların hüquqlarının qorunması və geri qaytarılması ilə beynəlxalq təşkilatlara müraciət edib. Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan əsgərə qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb. Bu əsgərlər peşəkar hərbçi deyillər. Onlar müddətli hərbi xidmətə çağırılıblar və cəmi 19 yaşları var. Anası Şəlalə Axundova oğlu Hüseynin 9 yaşından əsgər gedən günə qədər fəhləlik edib, daş daşıyıb, ailəsinə baxdığını açıqlayıb. Belə  zəhmətsevər azərbaycanlı gənci Ermənistan hakimiyyəti və mətbuatı “qatil”, “diversant” kimi təqdim etməklə törətdikləri vəhşiliyə haqq qazandırmağa çalışır.

Bu yerdə istər-istəməz ermənilərin vəhşilikləri, Xocalı, Ağdaban və başqa soyqırımıları yada düşür. Britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaalın Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan “Xocalı soyqırımı haqqında nə düşünürsünüz” sualına o, “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa son qoyduq. Baş verən hadisə də bu idi”, - deyə cavablandırmışdı. Silahsız dinc sakinlərə, xəstələrə, qocalara, uşaqlara, qadınlara atəş açıb öldürən, soyqırımı törədib insanlığa qarşı cinayət işlədən etnosun nümayəndələrindən hər cür vəhşilik gözləmək mümkündür. Silahsız əsgərə işgəncə vermək, sonra onu işlətmədiyi cinayətdə ittiham etmək ermənilərin milli tərbiyəsinin nəticəsidir.

Hüseyn Axundovun üzərində qurulan istintaq, sonradan məhkəmə çox qısa bir zaman kəsiyində oldu və elan etdilər ki, onu 20 il həbsə məhkum etdilər. Bu, açıq-aşkar göstərdi ki, həm istintaq, həm məhkəmə formal olub".

Hüquqşünas bildirib ki, Ermənistan tərəfi hərbi əsirlərdən özünün çirkin məqsədləri üçün istifadə edir və bu da beynəlxalq konvensiyalara ziddir: “Bu gün "zərərçəkənlər"in adından apelyasiya şikayəti verməklə əsgərimizin daha ağır cəzaya çatdırılmasına nail olmaq istəyirlər. Məqsəd bəllidir - Azərbaycan torpaqlarında qan tökən, soyqırım törədən ermənilərin azad olunmasına çalışacaqlar. Azərbaycan dövləti əlbəttə ki, öz günahsız əsgərlərinin taleyinə biganə yanaşmayacaq. Bununla belə, erməni qatillərin ədalətli cəzadan yayındırılmasına da yol verilməyəcək".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR