İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sülh müqaviləsini ləngitsə, Suriyaya çevriləcək! - İrəvanda panika

Laçın yolundan kapitulyant ölkəyə daha bir mesaj; Qarabağdakı oyuncaq rejimdən danışıq subyekti düzəldilməsinə imkan verilməyəcək...

Azərbaycan dövləti Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyası ilə öz ərazisi üzərində suveren haqları məsələsində nə dərəcədə prinsipial və iradə sahibi  olduğunu bütün dünyaya, ən əvvəl də Ermənistana və havadarlarına nümayiş etdirdi. Əslində strateji hədəf elə budur. “Qırmızı xətt”imiz məsələsində heç bir güzəştə, siyasi alverə getməyəcəyimizi Rusiyaya və Fransa, ABŞ-ın timsalında Qərbə əyani göstərmək.

Düzdür, ötən həftəsonu sülhməramlı kontingentin rəhbərliyi ərazidə təbii sərvərlərimizin qanunsuz istismarı ilə bağlı Azərbaycan nümayəndə heyətinin monitorinqinə yenə şərait yaratmadı. Ancaq mübarizə bitməyib. Enində-sonunda Rusiya haqlı mövqeyimizlə barışmalı olacaq. Əks halda, rəsmi Moskva ərazi bütövlüyümüzü tanımadığını bəyan eləməlidir. Bu isə hər şeydən öncə V.Putinin imzası duran 22 fevral Moskva bəyannaməsinə daban-dabana ziddir. Hansı sənəddə ki, iki tərəf - Azərbaycan və Rusiya bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət, separatçılıqla birgə mübarizə haqda öhdəliklər götürüb. Odur ki, şimal qonşu zəhmət çəkib həmin öhdəliklərə əməl eləsin, əgər cəmiyyətimizdə özünə qarşı olan-qalan etimadı da itirmək istəmirsə.

Xankəndi-Laçın yolundakı son vəziyyət - GlobalInfo.az

Bu arada məlum olub ki, Rusiya hərbi kontingentinin komandanlığı Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı Ermənistan və Azərbaycana təkliflər verib və hazırda tərəflərin cavablarını gözləyir. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Hansı təkliflərdən söhbət getdiyini bir azdan biləcəyik. Ancaq Azərbaycan Rusiya tərəfindən təklif yox, tələbinə əməl edilməsini gözləyir. Çünki bizim güzəştə gedəcəyimiz bir şey yox. O səbəbə Moskva ilk növbədə erməni tərəfini “daşı ətəyindən tökməyə” inandırmalı, əks təqdirdə, bunun ona baha başa gələcəyi haqda xəbərdarlıq eləməlidir.

Söhbət öncəliklə 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin Ermənistana aid bəndlərinin (xüsusən də 4 və 9-cu) qeyd-şərtsiz yerinə yetirilməsindən gedir. Dəfələrlə yazdığımız kimi, bu, İrəvan üçün könüllülük məsələsi deyil, Azərbaycanın müharibəni dayandırmasının qarşılığında erməni tərəfinin öz üzərinə götürdüyü yazılı öhdəliklərdir. Eləcə də Rusiyanın.

Bakı sonsuzadək gözləyə bilməz. Kimsə də Qarabağdakı bir ovuc erməninin varlığını Azərbaycana qarşı təzyiq rıçaqına, oyuncaq rejimi danışıqların subyektinə çevirmək fikrinə düşməsin. Belə nömrələr keçməyəcək! Qarabağ Azərbaycandır və onun taleyi ilə bağlı rəsmi Bakı heç bir dövlət və ya təşkilatla bazarlıq, yaxud müzakirə açmaq fikrində deyil, olmayacaq! Status da, bu statusu illərlə əlində bayrağa çevirmiş Minsk Qrupu da artıq gorbagor olub, qabağa baxmaq zamanlıdır.

Bu gerçək ilk növbədə İrəvan tərəfindən və Ermənistanı sülh müqaviləsi imzalamağa qoymayan paytaxtlar tərəfindən nə qədər tez dərk olunsa, bir o qədər bölgəyə sülh tez gələr. Ümid edək ki, Laçın yolundakı aksiya bu dərki sürətləndirəcək. Proses başlayıb və yavaş-yavaş da olsa gedir...

*****

Xankəndi yolundakı aksiyanın təşkilatçısı kimdir?

“Azərbaycan Qarabağla danışıqlar aparmayacaq, çünki bu, onu tanıması demək olacaq”.

Bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzünik Ağacanyan erməni telekanalında deyib.

“Azərbaycan hətta "Dağlıq Qarabağ" ifadəsini işlətməyə belə ehtiyac görmür. Əvəzində Rusiya sülhməramlılarının yerini bildirir. Və bu halda onların Qarabağla bərabər tərəf kimi danışıqlara razılaşacaqlarını düşünmək, sadəcə, absurddur. Bunlar, sadəcə, hakimiyyətin cəmiyyətdə sakitliyi saxlamaq, təhlükə səviyyəsini azaltmaq üçün istifadə etdiyi söhbətlərdir. Azərbaycan bununla razılaşmayacaq, çünki bu, onun Qarabağı tanıması demək olacaq", - deyə Ağacanyan bildirib.

Erməni politoloq Vaqe Ovannisyan isə deyib ki, İrəvan yanlış siyasət apararsa, ölkəsi Suriyanın gününə düşə bilər.

“Qərblə ağır müharibə vəziyyətində olan Rusiya Qarabağda hazırda əlindən gələn hər şeyi edir. Bundan başqa, Rusiya vasitəçidir və münaqişənin tərəfi ola bilməz. Əgər Rusiya münaqişənin tərəfi olarsa, Türkiyə də, Qərb də münaqişənin tərəfi olacaq. Biz Suriyaya çevriləcəyik. Bizim məqsədimiz sülhdür, Ermənistanı Suriyaya çevirmək deyil. Əgər biz burada müharibənin olmasını istəyiriksə, İrəvan Dəməşqə və Hələbə çevriləcək”, - deyə o əlavə edib.

Ermənistanın Suriyaya çevrilməməsinin tək yolu isə bəlli: Azərbaycanla vaxt itirmədən, oyun oynamadan 5 məlum prinsip əsasında təcili sülh müqaviləsi imzalamaq! Özünü qalib tərəf kimi aparıb da şərtlər irəli sürmək yox, şərtləri və öhdəlikləri yerinə yetirmək. Azərbaycanla Türkiyənin düşməninə deyil, mehriban qonşusuna çevrilmək. Erməni xalqının maraqları bunu tələb edir. Keçən ilin yayındakı seçkilərdə erməni toplumu N.Paşinyanın partiyasını məhz buna görə qalib edib, ona mandat edib.

*****

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanma vaxtı İrəvanın güzəştlərə nə dərəcədə hazır olmasından asılıdır”.

Bunu politoloq, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov erməni mediasına müsahibəsində söyləyib.

“Yəni İrəvan hər şeyi verməyə hazırdırsa, o zaman bu saziş sabah da imzalana bilər”, - deyə rusiyalı ekspert qeyd edib.

SON DƏQİQƏ!Rusiya MN Dağlıq Qarabağla bağlı MƏLUMAT YAYDI - Busaat.az

“Məsələn, Ermənistan Dağlıq Qarabağla bağlı hər hansı müzakirədən, bu məsələ ilə bağlı hər hansı ifadədən tam imtina edərsə, bu, sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addım olar. Ermənistanın Qarabağdan imtina etməsi, onu saxlamaq və qorumaq cəhdlərindən vaz keçməsi müqabilində Azərbaycanın da sərhəd, delimitasiya, demarkasiya kimi bir sıra məsələlərdə güzəştə getməsi mümkün görünə bilər. Elə Laçın dəhlizini götürək. Ermənistan razılaşarsa, təbii ki, günü sabah razılaşma əldə olunacaq”, - deyə Skakov söyləyib.

Rusiyalı ekspertin fikrincə, əgər Ermənistanla Azərbaycan arasındakı sərhəddən danışılırsa, söhbət 1991-ci ilin sərhədlərindən, daha doğrusu, sovet sərhədlərindən, yəni xəritədə çəkilmiş hüdudlardan gedir.

 “Dağlıq Qarabağ yoxdur. Əgər belədirsə, demək, bu, İrəvanın seçimidir. Moskva isə Ermənistanın yerinə onun hələ də Dağlıq Qarabağ haqda düşündüyü barədə qərar verə bilməz. Ona görə də bu barədə ilk növbədə Rusiya yox, Ermənistan düşünməlidir”, - deyə ekspert qeyd edib.

Əlbəttə, heç kim, hətta strateji müttəfiq sayılan Rusiya belə İrəvanın yerinə qərar verməyəcək. Eləcə də kimsə ermənilərin yerinə gəlib döyüşəsi deyil. “Nə qədər mamaça olsa da, güc doğana”, yəni Ermənistana düşəcək. İrəvan sülh oyunbazlığına, nəhayət, son qoymalıdır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR