İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan “Qarabağ Azərbaycandır!” deməyincə... - revanşistlərə 27 sentyabr xəbərdarlığı

Paşinyanın yeni sülh oyunu da iflasa doğru gedir, o və komandası birdəfəlik anlamalıdır ki...; rusiyalı ekspert: “Azərbaycan sülhməramlı qüvvələrin mandatını uzatmayacaq...”

Başa çatmaqda olan sentyabr da əfsus ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması baxımından itirilmiş ay kimi tarixə düşəcək. Əlbəttə ki, rəsmi İrəvanın daim sülh imitasiyası ilə məşğul olması və vaxtı süni şəkildə uzatması səbəbindən.

Halbuki avqustun 30-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutan, sayca 4-cü olan üçlü görüşdə sentyabr ayı ərzində XİN rəhbərlərinin bir araya gəlib sülh müqaviləsinin mətnini müzakirə eləmək barədə razılıq əldə olunmuşdu.

Ermənistan isə bunun əvəzinə sentyabrın 12-də sərhəddə məlum təxribata getdi. Təbii ki, artıqlaması ilə cavabını da aldı, amma kövrək sülh prosesi də ciddi zərbə yedi. Ümid qalır kapitulyant tərəfin, nəhayət, başına gələnlərdən düzgün dərs götürməsinə.

Hələ ki bu gözə dəymir. Tam əksinə, ABŞ Nümayəndələr Palatasının spikeri, Türk düşməni Nelsi Pelosinin İrəvana qalmaqallı səfərindən sonra və bütövlükdə Qərbdəki havadarlarının dəstəyi fonunda erməni rəsmilər yenə göylə getməyə başlayıblar. Bunu Nikol Paşinyanın BMT tribunasından ötən həftə elədiyi son dərəcə təxribatçı çıxışı, Azərbaycanın ünvanına söylədiyi həyasız iddialar çılpaqlığı ilə ortaya qoydu.

Nensi Pelosi Ermənistanın 30 illik işğalçılığı dövründə niyə səsini  çıxarmadı? - TƏHLİL

Məlum oldu ki, İrəvan Bakı ilə sülh axtarışında zərrəcə maraqlı deyil və inadla vaxtı uzatmağa çalışır. O niyyətlə ki, hansısa məqamda guya Ermənistan üçün əlverişli regional və beynəlxalq şərtlər formalaşacaq. Bu isə gözlənilmir, olmayacaq. Azərbaycan və Türkiyə imkan verməyəcək. Ermənistan bu gerçəyi nə qədər tez anlasa, bir o qədər “dəmir qapaz” az yeyər. Xülasə, Paşinyan və dəstəsi, ümumən erməni siyasi elitası “Qarabağ Azərbaycandır!” deməyincə, ermənilər rahatlıq tapmayacaq...              

*****

“Cənubi Qafqazda daimi sülh və sabitlik üçün Azərbaycanın təklif etdiyi əhatəli sülh müqaviləsi ən qısa zamanda Azərbaycanla Ermənistan arasında imzalanmalıdır. Biz bu prosesi dəstəkləyirik”

Mövlud Çavuşoğlu: "Avropanın can Azərbaycana ehtiyacı var"

Mövlud Çavuşoğlu

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçən həftəsonu deyib.

“Ermənistanın regionda sülhə və bu əməkdaşlığa ehtiyacı var”, - deyə nazir vurğulayıb. Qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edib, lakin Ermənistan üzərindəki təzyiqlər səbəbindən hələ də cəsarətli addımlar ata bilməyib.

“Ermənistanı cəsarətləndirmək lazımdır. Bəlkə də sayları azdır, amma təəssüf ki, onlar Amerikada yüksək səsi olan bir qrupdur. Erməni qruplaşması münasibətlərin normallaşmasına qarşıdır. Onların Ermənistana heç bir töhfəsi yoxdur, nifrətlə hərəkət edirlər. Ermənistanın bölgədə barış və iş birliyinə ehtiyacı var. Məlum səbəblərdən o, indiyədək təcrid olunmuş bir ölkədir. Bu fürsəti yaxşı qiymətləndirmək lazımdır”, - Türkiyə baş diplomatı İrəvana bir daha xəbərdarlıq edərək, onu konstruktivliyə çağırıb.

“Ermənistan və Azərbaycan arasında müharibənin əsas səbəbi onların Azərbaycan ərazilərinə iddiasıdır. Əgər əvvəlki prezidentlər bunu Qarabağdakı ermənilərin "öz müqəddəratını təyinetmə hüququ" ilə əsaslandırmağa çalışırdısa, Paşinyan hakimiyyətə gəldikdən sonra “Qarabağ Ermənistandır və nöqtə” cümləsini quraraq ölkəmizə qarşı ərazi iddiasını birbaşa dilə gətirdi".

Fərhad Məmmədov: "Terrorizm bu gün də erməni milli ideologiyasının  dayaqlarından biridir"

 Fərhad Məmmədov

Bu sözləri isə N.Paşinyanın BMT BA-nın 77-ci sessiyasındakı çıxışını şərh edən politoloq Fərhad Məmmədov deyib (Axar.az).

Onun sözlərinə görə, Paşinyan yenə öz cəfəng çıxışı ilə beynəlxalq aləmi aldatmağa çalışıb. “İndi o, BMT tribunasından İlham Əliyevin Azərbaycan dövlətinin tanımağa hazır olduğu Ermənistan xəritəsini göstərməsini istəyib. Məsələ isə odur ki, sözügedən problemin və müharibənin kökündə İrəvanın ekspansionist iddiaları dayanır. Ermənistan bu günədək ölkəmizin ərazi bütövlüyünü tanımayıb və beynəlxalq hüquqa görə, Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu qəbul etmək istəmir. Biz də İrəvandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını və Qarabağın dövlətimizin tarixi və suveren ərazisi olduğunu etiraf etməsini tələb edirik. Ermənistan son iki ildə Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanıdığını dilə gətirir. Lakin onlar 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayıb. İşğalın son iki ili isə Paşinyanın iqtidarı dövrüdür. Bu, Paşinyanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün etdiyi növbəti çıxışdır. O və komandası birdəfəlik anlamalıdır ki, Ermənistanın ərazi bütövlüyünün tanınması yalnız və yalnız Azərbaycanın dünya tərəfindən qəbul edilmiş ərazi bütövlüyünün və suverenliyinin tanınmasından keçir”, - politoloq əlavə edib.

*****

Öz növbəsində rusiyalı ekspert Stanislav Pritçin hesab edir ki, ABŞ-ın siyasi dəstəyi Azərbaycanla danışıqlarda Ermənistana öz mövqeyini möhkəmləndirməyə kömək etməyəcək və onun təhlükəsizliyini gücləndirməyəcək.

Stanislav Pritçin: Rusiya ilə Azərbaycan Aİ ölkələrinə qaz tədarükçüsü kimi  birgə işləyə bilər

Stanislav Pritçin

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Caliber.az-a müsahibəsində deyib.

Onun qənaətincə, istənilən halda Ermənistan Azərbaycanla danışıqlar masası arxasına oturmalı olacaq: “Hazırda İrəvan ABŞ-a böyük stavka edir, lakin bunun Ermənistan üçün effektiv olub-olmayacağı çox şübhəlidir. Paşinyan Qərb dövlətləri ilə işləməklə, sadəcə, daxili auditoriya üçün beynəlxalq aləmdə uğurlu danışıqlar və dəstək görüntüsü yaratmağa çalışır” (Yazı hazırlanarkən məlum oldu ki, Paşinyan indi də E.Makronla görüşmək üçün Fransaya uçub).

Sərhəddəki son insidentə diqqət çəkən politoloq bildirib ki, ona qədər danışıqların dinamikası kifayət qədər yaxşı olub: “Ən azı müəyyən irəliləyişlər var idi. Amma son gərginləşmə çox şeyin üstündən xətt çəkdi, çoxlu sayda insan öldü və bu, hər iki tərəf üçün həssas zərbə oldu. Məncə, yaxın gələcəkdə tərəflər arasında münasibətlərdə ciddi irəliləyiş gözləmək lazım deyil”.

Ermənistanla sülh prosesi ölü nöqtəyə doğru irəliləyir”

Ermənistanın sülh anlaşmasını uzatmaq imkanlarına toxunan ekspert deyib: “Ermənistan üçün strateji vəziyyət ağırdır. Müvafiq surətdə hakimiyyətdə kimin - Paşinyan və ya başqasının olmasından asılı olmayaraq, Azərbaycanla danışıqlar prosesinin başa çatdırılması məsələsini hansısa yolla həll etmək lazım gələcək. Hələlik Rusiya sülhməramlıları Qarabağın etnik erməni əhalisinin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Lakin onların ilk 5 illik mandatı 2025-ci ilin noyabrında bitir. Risk var ki, Azərbaycan mandatın uzadılmasına getməyəcək. Odur ki, bu varianta indidən hazırlaşmaq lazımdır”.

Onun fikrincə, sərhəddə də eyni durumdur. “Ermənistan delimitasiya prosesinə başlamalıdır. Azərbaycan üçün Naxçıvanla nəqliyyat əlaqələrinin açılması prinsipial əhəmiyyət kəsb edir. Bu, İkinci Qarabağ müharibəsi nəticəsində əldə edilmiş razılaşmaların bir hissəsidir. Bununla bağlı da Ermənistan rəhbərliyi öz üzərinə öhdəliklər götürüb. Azərbaycanın vaxtaşırı özünü göstərən sərt mövqeyi də daha çox onunla bağlıdır ki, danışıqlar prosesi dalana dirənib, əvvəllər qəbul edilmiş razılaşmalar yerinə yetirilmir”.

“Nə hərb, nə də sülh” vəziyyətinin uzanmasının nəyə apardığını isə gərək ki, hamıdan yaxşı elə İrəvandakı revanşistlər bilir. Erməni radikal ünsürlər, sülh oyunu oynayan Nikol və dəstəsi bugünkü tarixi - 27 sentyabrı unutmamalıdır!..

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR