İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan "qan çanağı"na çevrilir: Erməni kilsəsi ordu ilə birləşib, "xaos diktaturası" qurur

Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutmaqla, Paşinyan hakimiyyətinə xəyanət etməyə hazır olduğunu artıq biruzə verməyə başlayıb... Çünki daxilindən ciddi şəkildə zəifləmiş Ermənistanın yenidən Azərbaycanla hərbi toqquşmalara cəlb edilməsi indi yalnız "erməni üçlüyü"nün maraqlarına cavab verir...

Cənubi Qafqazda Ermənistan əsas qarşıdurma məkanına çevrilib. Rəsmi İrəvanın son illərdə yürütdüyü xarici siyasət kursunun real nəticələri artıq tədricən ortaya çıxmağa başlayıb. Hər halda, hazırda Ermənistanda baş verən hadisələrə istiqamət verilməsində xarici xüsusi xidmət servislərinin birbaşa iştirakı inkaredilməz reallıqdır. Və rəsmi İrəvanın dünya nəhənglərinin regional maraqlarını Ermənistan üzərində toplamasının olduqca təhlükəli nəticəsidir.

Paşinyan hakimiyyətinin dünya nəhənglərinin hamısından eyni vaxtda faydalanmaq niyyəti ucbatından İndi Ermənistan ölkədaxili siyasi-ictimai böhrana düçar olub. Üstəlik, Ermənistan böyük sürətlə "xaosun diktaturası"na doğru irəliləyir. Paşinyan hakimiyyəti ilə "erməni üçlüyü" - kilsə, diaspor və Qarabağ klanı arasında ölkədaxili savaş artıq kuliminasiya mərhələsinə çatmaq üzrədir. Və müşahidələr onu göstərir ki, savaşın sonunda bu iki düşərgədən biri mütləq sıradan çıxarılmış olacaq.

Məsələ ondadır ki, Ermənistanda həlledici daxili savaşın son mərhələsinin başlandığını göstərən kifayət qədər ciddi siyasi-ictimai əlamətlər mövcuddur. Belə ki, Paşinyan hakimiyyəti "erməni üçlüyü"nü tamamilə sıradan çıxartmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Əksinə, bunu açıq şəkildə vurğulamaqla yanaşı, planlaşdırdığı addımları da ictimailəşdirməyə üstünlük verir. Və bu, qarşı tərəfi - "erməni üçlüyü"nü ən radikal müqavimət metodlarına əl atmaq məcburiyyətində buraxır.

pasha-srbazan-kloun.JPG (49 KB)

Biz Ermənistanda siyasi proseslərin nəzarətdən çıxa biləcəyini bir müddət əvvəl proqnozlaşdırmışdıq. Çünki erməni kilsəsi və Qarabağ klanı öz mövcudluğunu qorumaq üçün ən aqressiv təxribata hazır olduğunu biruzə verirdi. Ermənistanda vətəndaş müharibəsi təhlükəsini aktuallaşdırırdı, hətta baş nazir Nikol Paşinyana qarşı terror variantına belə, eyham vururdu. Və ən təhlükəli məqam ondan ibarətdir ki, "erməni üçlüyü"nün siyasi terrorla bağlı geniş "təcrübə"si, buna uyğun cinayət resursları da mövcuddur.

Təbii ki, Paşinyan hakimiyyəti "erməni üçlüyü"nə qarşı daha açıq və sərt mübarizə variantını təxirə saldığı üçün indi müəyyən mənada, məyus olduğunu qətiyyən gizlətmir. Hətta baş nazir Nikol Paşinyan "Mən 2018-ci ildə deməliydim ki, "Dağlıq Qarabağ" Azərbaycanın tərkibində olmalıdır" açıqlaması ilə siyasi-ideoloji səhvini əslində, etiraf etmiş olur. Və bu, o deməkdir ki, erməni baş nazir Ermənistan cəmiyyətində siyasi dayaqları daha güclü olduğu "erməni üçlüyü"nü əsas təbliğat mövzusundan məhrum etməliydi.

İndi isə baş nazir Nikol Paşinyan bu məsələdə gecikdiyini və böyük səhv buraxdığını anlayır. Ona görə də, hazırda "erməni üçlüyü" ilə daha sərt metodlarla mübarizə aparmaq məcburiyyətində qalıb. Hər halda, öz gələcək taleyindən narahat olan erməni kilsəsi və Qarabağ klanı Ermənistanı daxili savaş poliqonuna çevirməyə çalışır. Və əsas məqsəd ölkədə vətəndaş müharibəsi törətməklə, Paşinyan hakimiyyətinin güc yolu ilə devrilməsinə nail olmaqdır.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan vətəndaş savaşı və dövlət çevrilişi təhlükəsinin getdikcə daha real görüntülər aldığının fərqindədir. Ona görə də, erməni baş nazir əlində olan bütün inzibati müqavimət resurslarını hərəkətə gətirib və “Qarabağ klanı”nın Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəyini bildirib: “Mən feodal-klerikal elitaya səslənirəm. Siz Ermənistanda hakimiyyət dəyişikliyini həyata keçirə bilməyəcəksiniz. Çünki siz artıq çox gücsüzsünüz”.

e459d0859762ce9aaa8fab00a89146b0.jpg (88 KB)

Ancaq baş nazir Nikol Paşinyan rəqib düşərgəni gücsüz elan etməklə, öz tərəfdarlarına nə qədər təskinlik verməyə çalışsa da, Ermənistanda situasiya nəzarətdən çıxmaq üzrədir. Belə ki, erməni kilsəsi və Qarabağ klanı Paşinyan hakimiyyətini açıq təxribatlara çəkməyə çalışır. Keşiş Baqratın revanşist-radikal dəstəsi polis qüvvələri ilə aksiyaçılar arasında küçə toqquşmalarına artıq nail olub. Bu baxımdan, siyasi böhran indi tədricən küçə iğtişaşları mərhələsinə keçməyə doğru yönəlib.

Təbii ki, ölkədaxili siyasi proseslərin belə istiqamət alması Paşinyan hakimiyyətinə qətiyyən sərfəli deyil. Çünki belə davam edərsə, Paşinyan hakimiyyəti ən sərt metodlarla mübarizə aparmaq məcburiyyətində qala bilər. Nəticədə erməni kilsəsinə və Qarabağ klanına Paşinyan hakimiyyətinin qəddarlığı ilə bağlı təbliğat faktları vermiş olacaq. Və bu, erməni kilsəsinə özü üçün Ermənistan cəmiyyəti qarşısında "əzabkeş zərərçəkən" obrazı yaratmaq şansı da qazandıra bilər.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti bu önəmli təhlükənin də fərqindədir. Ona görə də, baş nazir Nikol Paşinyan erməni kilsəsini və onun rəhbərliyini əvvəlcədən Ermənistan cəmiyyətinə hədəf göstərməyə çalışır. Erməni baş nazir son küçə toqquşmalarının məsuliyyətini məhz birbaşa kilsənin üzərinə yükləyib: “Bütün ermənilərin katolikosunun başçılıq etdiyi hərəkatın üzvləri polislərə hücum ediblər”.

Göründüyü kimi, erməni baş nazir indi Ermənistanın üzləşdiyi daxili xaosun məhz kilsənin qurduğu plan olduğunu açıq şəkildə gündəmə gətirilməsinə çalışır. Yəni, rəsmi İrəvan Ermənistan cəmiyyətinə erməni kilsəsinin dövlət qarşısında cinayət törətdiyini qəbul etdirmək niyyətindədir. Çünki məhz bu halda, qarşı tərəfin cəmiyyətdəki dayaqları sarsıla bilər və əvvəlcə erməni kilsəsinin, ardınca isə Qarabağ klanının sıradan çıxarılmasına münbit şərait yaranar.

d9654083860a74ab52592fb0ff4a1a75.jpg (61 KB)

Ancaq Paşinyan hakimiyyətinin problemləri yalnız küçə toqquşmaları üzərindən təxribat törədən "erməni üçlüyü"nün radikallaşması ilə məhdudlaşmır. Belə ki, hazırda Ermənistan ordusunun tutacağı mövqe böyük əhəmiyyət daşıyır. Ermənistan ordusunun bəzi generalları isə baş nazir Nikol Paşinyanın da vurğuladığı kimi, Rusiya xüsusi xidmət servislərinin nəzarəti altındadır. Deməli, Ermənistan ordusu Kremldən gələn sifarişi yerinə yetirməyə hazır hərbi qüvvədir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan ordusu Paşinyan hakimiyyətinə xəyanət etməyə hazır olduğunu artıq biruzə verməyə başlayıb. Belə ki, Ermənistan ordusu Azərbaycan ərazilərini yenidən atəşə tutub. Ermənistanda daxili siyasi böhran və xaos şəraitində belə davranış yalnız Azərbaycana deyil, həm də Paşinyan hakimiyyətinə qarşı təxribatdır.

Çünki daxilindən ciddi şəkildə zəifləmiş Ermənistanın yenidən Azərbaycanla hərbi toqquşmalara cəlb edilməsi indi yalnız "erməni üçlüyü"nün maraqlarına cavab verir. Hər halda, bu təxribat Paşinyan hakimiyyətinin devrilməsi üçün münbit şərait yarada bilər. Üstəlik, yaxın vaxtlarda Ermənistan ordusunun Paşinyan hakimiyyətinin üzərinə istiqamət almayacağına da təminat yoxdur. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti ən qısa zamanda sərt addımlar atmazsa, Ermənistanda hərbi qiyam, ardınca isə dövlət çevrilişi reallaşa bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR