İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidentinin dostunun Bakıda tutdurduğu türkün məhkəməsində qalmaqal

Vəkili: “Mehmet Şahanın həbsi Fransa tərəfinin apardığı düşmənçilik siyasətidir, bizi öz əlimizlə vurmaq istəyirlər...”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən 8 milyon 860 min manat talamaqda ittiham olunan, həmin şirkətin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri, Türkiyə vətəndaşı Mehmet Şahanın məhkəmə prosesi davam edir.

Mehmet Şahan baş ofisi Fransada yerləşən “Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru olub. Hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə Sevda Rəhimli ifadə verib. O bildirib ki, 2021-ci ilin martından “Vlivi and Partners”  MMC-də aparıcı mühasib vəzifəsində işləyir.

Sevda Rəhimli qeyd edib ki, mühasibatlıq üzrə 8 illik təcrübəsi var: “Vlivi and Partners” MMC hüquq, vergi və mühasibatlıq sahəsində xidmətlər göstərir. 2021-ci ilin aprelindən Fransada yerləşən “Thales İnternational SAS” cəmiyyəti ilə müqavilə bağlayıb və iyun ayından mühasibatlıq üzrə xidmət göstərib. Həmin dövrdə “Thales İnternational Western Counties B.V.”nin Azərbaycandakı nümayəndəliyinin vergi, mühasibatlıq və insan resursları üzrə işlərini icra edirik. Həmçinin baş ofisə aylıq hesabatlar təqdim edirik. Mehmet Şahan 2014-cü ilin mayından “Thales İnternatiinal SAS” tərəfindən qeyri-müəyyən müddətə Azərbaycan Respublikası nümayəndəliyinə direktor təyin olunub. O, 2014-2021-ci illər ərzində “Thales İnternational Western Counties B.V.”nin Azərbaycan nümayəndəliyinə rəhbərlik edib və yeganə qanuni təmsilçi olduğu nümayəndəliyin baş ofisdən aylıq xərclərin, əmək haqları, nümayəndəliyin hüquq, mühasibatlıq, sığorta xidmətləri, aviabiletlər, təhsil haqları, ofisin icarə haqları, üzvlük haqları, sərgilər üzrə xidmət haqları, otel xidmətləri, ofisin saxlanma xərcləri, işçilərin gəlir, vergiləri, dövlət sosial müdafiə fonduna ayırmalar və digər xərclərin ödənilməsi üçün göndərilmiş 11 milyon manatdan artıq vəsaitin 7 milyon 500 min manatdan artıq məbləğində pul vəsaitini mənimsəməsində şübhələrimiz yarandı. Baş ofisə təqdim edilən xərc hesablarının və bank çıxarışlarının saxtalaşdırılması, həqiqəti əks etdirməyən maliyyə rəqəmlərinin qeyd olunması, baş ofisi aldadaraq xidmət haqlarının şişirdilməsi faktları mövcuddur. Nümayəndəliyin aylıq xərcləri şişirdilməklə baş ofisdən vəsait tələb edilib və daxil olan vəsaitlər aidiyyəti üzrə xərclənməyib. Saxta, həqiqətə uyğun olmayan  hesabatlarla baş ofisdən nümayəndəliyin real xərcləri gizlədilib".

Şahidin sözlərinə görə, 2015-2020-ci illərin hesabatları üzləşdirilib və müəyyən edilib ki, həmin illər ərzində baş ofisə təqdim olunmuş “Yapı Kredi Bank”ın çıxarışları əsil bank çıxarışlarından fərqlidir: “Mehmat Şahan ”Yapı Kredi bank"dan əsl bank çıxarışlarını əldə etdikdən sonra onları dəyişib, təhrif edib, saxta və şişirdilmiş rəqəmləri bank çıxarışlarına daxil edib. Guya xərclər formalaşdırıb və həmin bank çıxarışlarına “Yapı Kredi Bank”ın imza və möhürünü skan edib, saxta çıxarışı baş ofisə təqdim edib". 

 

Digər şahid Tamilla Turabovanın sözlərinə görə, 2014-cü ilin iyul ayından Fransanın “Tales İVC” MMC-nin Azərbaycan nümayəndəliyinin direktorunun inzibati məsələlər üzrə köməkçisi vəzifəsində işləyir: “Mənimlə əmək müqaviləsini Mehmet Şahan bağlayıb. Fransa Respublikasının ”Tales İVC" MMC-nin Azərbaycan nümayəndəliyinin direktorunun inzibati məsələlər üzrə köməkçisi kimi əsas vəzifəm inzibati təsərrüfat fəaliyyətinin təşkili, mədaxildən sonra inventar nömrələrini qoymaq, hər il inventarizasiya aparmaq, təyin olunmuş uçotun aparılmasına aiddir".

Şahidin bildirdiyinə görə, Mehmet Şahan MMC-yə məxsus əmlakı talama və sənədləri saxtalaşdırmağa yol verdiyi üçün əmək müqaviləsinə xitam verilib.

Şahid deyib ki, “Tales İVC” MMC-nin Azərbaycan nümayəndəliyinə 4 milyon avrodan yuxarı məbləğində ziyan vurub: “Mən dəqiq olaraq Mehmet Şahanın hansı üsullardan istifadə edib, dəqiq hansı məbləğdə ziyan vurmasını bilmirəm. Mehmet Şahanın cəmiyyətə göstərilən məbləğdə ziyan vurmasını hansı qaydada hesablanmasından məlumatım yoxdur. Bu hesablamalar cəmiyyətin mərkəzi ofisində aparılıb”.

Şahid daha sonra qeyd edib ki, cəmiyyətin Azərbaycan nümayəndəliyin üzvləri 4 nəfərdən ibarət olub. Onun sözlərinə görə, əvvəllər baş ofisdən nümayəndəliyə gələn olub. Qeyd edib ki, baş ofisdən yoxlama gəlməyib, onun belə bir yoxlamanın nümayəndəlikdə aparılmasından da xəbəri olmayıb.

Bundan sonra təqsirləndirilən şəxsin vəkili Rübayil Səfərov vəsatətlə çıxış edib. Vəkil məhkəmə-mühasibat ekspertizasının keçirilməsini istəyib. Deyib ki, Fransa şirkəti 11 milyon ödəniş etməsini, bunun 8 milyon manatdan çoxunun mənimsənilməsini iddia edir. Vəkil bildirib ki, mənimsənilməsi iddia olunan rəqəm baş ofis tərəfindən şişirdilib. Vəkilin sözlərinə görə, işdə mənimsəmə faktı yoxdur. O, həmçinin müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Onun sözlərinə görə, Mehmet Şahanın həbs olunması əsassız olub.

Vəkil qeyd edib ki, Mehmet Şahanın həbsi Fransa tərəfinin apardığı düşmənçilik siyasətidir: “Bu gün bizi öz əlimizlə vurmaq istəyirlər. Buna imkan vermək lazım deyil”.

Müşavirə keçirən hakim Mehmet Şahanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib.

Hakim deyib ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi barədə vəsatət baxılmamış saxlanılır: “Bu işdə sənədlər araşdırılısın, şahidlər dindirilsin, zərurət yaransa məhkəmə-mühasibat ekspertizası təyin olunması məsələsinə baxılar bilər”.

Hakim həmçinin bildirib ki, bundan əvvəl də həbs- qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət verilib, amma şahidlərin dindirilməsi mərhələsində bu məsələyə baxılması düzgün deyil.

Vəkil isə bildirib ki, cinayət işində iki əsas şahid var, həmin şahidlər də bu prosesdə ifadə verib: “Həmin şahidlərin ifadəsi əsasında bu ittiham qurulub. Onlar da dindirilib. Bundan sonra həmin şahidlərin ifadəsinə müdaxilə edilməsi mümkün deyil. Buna görə də həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə məsələyə baxılması vacibdir”.

Hakim isə artıq qərar qəbul edildiyini deyib.

Bu zaman vəkil başqa bir vəsatəti olduğunu söyləyib. O bildirib ki, məhkəmə proseslərinin audio-video yazı ilə aparılmasını istəyir. Hakim bunun da mümkünsüz olduğunu söyləyib. Bildirib ki, işdə kommersiya, bank sirləri ola bilər və belə bir çəkilişlərin aparılması bu sirlərin yayılmasına səbəb olar. Hakim bunu əsas gətirərək məhkəmə proseslərinin audio-video yazı ilə aparılması barədə vəsatəti əsassız sayıb.

Vəkil isə bu audio-video yazının müdafiə tərəfi və yaxud başqa bir şəxslər tərəfindən yox, məhkəmənin özünün aparılmasını istəyir. Hakim bunu da əsassız hesab edib. O deyib ki, məhkəmədə yazılı sənədləşmələr aparılır, hazırkı vaxtda audio-video yazının aparılmasına heç bir əsas yoxdur: “Burada sirlər açıqlana bilər. Bunun da yayılması qanunla qadağandır. İşimizi yazılı sənədləşmə ilə görürük. Daha çəkilişin aparılmasına nə ehtiyac var? İndi çəkiliş aparıb dünyaya bu hadisəni yayaq? Bu şirkətin baş ofisi Fransada yerləşir. Bu səbəbdən məhkəmənin çəkilişlə aparılması yayıla bilər”.

Vəkil isə hesab edib ki, cinayət işində nə kommersiya sirri var, nə də bank sirri. Deyib ki, cinayət işi quramadı. Onun sözlərinə görə, Mehmet Şahana qarşı ittiham əsassızdır: “Fransa ermənipərəst siyasətini yürüdür. Bu işi qurmaqla həmin siyasəti davam etdirirlər. Biz bu oyuna getməməliyik”.

Hakim isə artıq qərarını verdiyini deyib. Bu, vəkilin etirazına səbəb olub. Vəkil hakimi işi düzgün aparmamaqda ittiham edib. O bildirib ki, şahidlərin ifadələrini təsdiq etməklə araşdırma aparılması düzgün deyil. Vəkil daha geniş və əhatəli istintaqın aparılmasını istədiyini deyib.

Hakim isə ona belə cavab verib: “Biz şahidləri bura dəvət etdik. Onlar dindirildi. Daha sonra tərəflərdən suallarının olub-olmadığını soruşduq. Suallar verildi, cavablar alındı. Sual-cavab bitdikdən sonra şahidləri yola saldıq. Kimin əlavə sualı vardısa, verərdi. Heç kimə sual verməkdə, araşdırma aparmaqda qadağa qoyulmur. İndi mən şahidləri burada saxlayım ki, kiminsə nə vaxtsa sualı yaranacaq?”

Vəkil hakimi məhkəmə istintaqının aparmağının düzgün olmadığını söyləyib. Hakim isə vəkilin bu ittihamını təhdid kimi qəbul etdiyini deyib. Vəkil isə məhkəməni təhdid etmədiyini deyib.

Növbəti proses dekabrın 12-də davam edəcək.  

İttihama görə, “Thales İnternational Western Counties B.V.”  transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. O, ittiham üzrə özünü təqsirli bilmir. Deyir ki, həbsində erməni lobbisinin və Ermənistan prezidentinin dostu Pier Matyunun əli var.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR