Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla daimi və ədalətli sülhə ən böyük maneə çoxdan bəlli: Ermənistanın “qan qoxulu” konstitusiyası. Qalır indi bu bəsit həqiqətin erməni ictimai şüuruna və siyasi kəsiminə də hakim kəsilməsi.
Sonrası asan olacaq. Olmalıdır. Çünki hər bir xəstəliyin kardinal müalicəsi diaqnozun düzdün qoyulmasından başlayır. Bir şərtlə ki, xəstənin özü də sağalmaq istəsin. Qayıdaq mətləbə...
“Ermənistana xalqın özününkü saydığı yeni konstitusiya lazımdır”. Bunu baş nazir Nikol Paşinyan Konstitusiya Günü münasibətilə bu gün öz xalqına müraciətində deyib.
Yeni konstitusiya məsələsinin tez-tez spekulyasiya predmetinə çevrilməsindən gileylənən Paşinyan bu xüsusda bildirib: “Ermənistan vətəndaşı bu gün inanmır ki, konstitusiya onun öz qonşusu ilə (Azərbaycana işarə edir – Z.S.), öz icması ilə və dövlətin digər sakinləri ilə həyat qaydalarına dair anlayışını və razılığını əks etdirir. Vətəndaş hesab edir ki, bu mətni hakim elita yazıb, onun qəbul olunduğunu bəyan edib və faktiki Ermənistanda tətbiq edib. Mən əmin idim və indi də əminəm ki, ölkəmiz üçün əsas problem budur. Bizə yeni konstitusiya lazımdır”.
Əlbəttə, erməni radikal-revanşistlərin qulaq seyvanını deşən sözlərdir. Hərgah, təzə fikir də sayılmaz. Ancaq revanşistlər erməni toplumunda çoxluqda deyilsə, əndişəyə əsas yox, Nikol yola davam edə bilər. Amma və lakin sülh əleyhdarlarının azlıqda olduğunu söyləmək də çətindir. Patogen “miatsum” virusunun yeni ştammının peyda olmadığına əminlik əfsus ki, yoxdur...
“Müstəqillik Bəyannaməsinin və konstitusiyanın qəbulu dövlətçiliyin yaradılması yolunda əsas mərhələlərdir. 1991-ci il sentyabrın 21-də müstəqillik və 1995-ci il iyulun 5-də isə konstitusiya ilə bağlı referendumlar Ermənistan xalqının suveren, sosial və inkişaf edən dövlət yaratmaq yönündə kollektiv iradəsini əks etdirir”.
Sonuncu sitat isə Ermənistan prezidenti Vaaqn Xaçatryanın xalqa bugünkü müraciətindəndir.
Maraqlıdır ki, Xaçatryan baş nazirdən fərqli olaraq, müraciətdə konstitusiya dəyişikliyinin zəruriliyi haqda heç nə deməyib. Əksinə, yuxarıdakı sitatdan göründüyü kimi, onun hazırkı redaktədə 1991 və 1995-ci il referendumları ilə təsdiqlənməsini təqdir edib. Halbuki SSRİ dağılandan sonra erməni xalqının başına gələn faciələrin qayəsində məhz həmin referendumlarla qəbul edilib təsdiqlənmiş hazırkı konstitusiya, lap dəqiqi, erməni xalqının Azərbaycan və Türkiyəyə əsassız torpaq iddialarına “kollektiv” səs verməsi dayanıb.
Məsələ də ondadır ki, istənilən dövlətin “Əsas Qanun”u təkcə onun daxili ictimai-siyasi həyatının əsas qaydalarını müəyyən eləmir, eyni zamanda, qonşularla münasibətləri tənzimləyən əsas sənəd sayılır. Hər şey də elə ondan – konstitusiyadan başlayır: bir ölkə və onun xalqı qapıbir qonşularına münasibətdə hansı dəyərlərə, prinsiplərə üstünlük verir, beynəlxalq normaları tanıyırmı, qonşuları ilə dinc-yanaşı yaşamaq fikrindədirmi, yoxsa onlara düşmən gözü ilə baxır?
Bu mənada Ermənistan konstitusiyası sülh yox, müharibə sənədidir. Amma əgər Xaçatryan 2-ci Qarabağ savaşından sonra da onu “erməni xalqının kollektiv iradəsinin” uğurlu sənədi sayırsa, demək, o, faktiki bir erməni revanşistidir və Azərbaycanla yeni müharibənin tərəfdarıdır. Çünki öz ölkəsinin konkret ərazisini beynəlxalq səviyyədə tanınmış 29.7 min kv km yox, indiki konstitusiyada yazıldığı kimi, keçmiş DQMV ilə (4.4) birgə 34.1 min kv km hesab edir!..
Yada salaq ki, V.Xaçatryan 2022-ci ildə parlamentdə hakim çoxluğun dəstəyi, N.Paşinyanın “xeyir-duası” ilə prezident seçilib. İndi bu siyasi təzadı və yaxud oyunu necə anlayaq? Axı onu hakim partiya səsvermə ilə asanca başqası ilə əvəzləyə bilər. Odur ki, məntiqli sual yaranır: qalib Azərbaycanın da haqlı tələbini gözardı edən belə cəsarət onda hardandır?
Doğru, hələ ki, Nikol Paşinyan da sözdən əmələ keçməyib. Daha çox ikibaşlı bəyanatlar verməklə məşğuldur. Amma insafən, gerçəkçi görünməyə, bölgədəki reallıqları ciddiyə almağa çalışır. Hansı cəhdləri ki, Ermənistan prezidenti haqda söyləmək çətindir...
Və sonda. Ötən ay Azərbaycanda keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin (əhalinin) 84%-i Ermənistanla sülh müqaviləsinin tərəfdarı olduğunu bildirib. Bu, kifayət qədər böyük rəqəmdir və şübhəsiz, bizim xalqın tolerant, humanist, bağışlayan, dinc və sülhpərvər xarakterini ifadə edir.
Bəs Ermənistan? Görəsən orda sülh tərəfdarlarının faizi nə qədər olar? Erməni xalqı da sülh istəyirmi, öz qonşuları ilə dinc yanaşı yaşamaq arzusundadırmı? Belədirsə, buyursun, müharibə konstitusiyasını sülh konstitusiyası ilə əvəzləsin. Növbəti “dəmir qapaz”ı yeməmiş...
Z. SƏFƏROĞLU
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ