İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hökuməti ilə birbaşa dialoqa hazırıq!

"Biz dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürək ağrısı ilə müşahidə edirik. Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan təsiri kimi didərgin düşüb. Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədilə başlatdığı qeyd edilməlidir. Belə mənfur nümunələrdən biri də Ermənistanın əməlləridir".  

Musavat.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

İcma sədri qeyd edib ki, Ermənistanın hərəkətləri Ermənistandakı azərbaycanlıların öz ata-baba yurdlarından qovulması ilə nəticələnib: "Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıdıb. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərib. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və sosial bağlarımız xeyli zərər görüb. Ermənistan hökuməti Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək məqsədi ilə UNESCO-nun missiyasının Ermənistana göndərilməsinə imkan vermir. 

Nəzərinizə çatdırım ki, biz Ermənistandakı müqəddəs yerlərimizi ziyarət edə bilməyimizə yardım etmək xahişi ilə dinlərarası dialoqun sadiq müdafiəçisi olan Papa Həzrətləri Fransiskə müraciət göndərmişik. Bundan əvvəl isə biz oxşar xahişlə Avropa İttifaqına müraciət etmişdik. Təəssüflə qeyd etmək lazımdır ki, Avropa İttifaqı bizim dini və mədəni abidələrin dağıdılması və ziyarət hüququmuz məsələsinə tam etinasızlıq nümayiş etdirib. 

Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir.  Bu ağrılı tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, sülh, barışıq və qayıdış istiqamətində apardığımız çətin yolun başlanğıc nöqtəsini vurğulamaqdır. 

Biz öz məqsədimizə – doğma torpaqlarımıza qayıdışa dialoq yolu ilə nail olmaqda əzmliyik. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıdır.

Biz humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən İcmayıq. Vətənimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. 

Qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğumuzu bir daha bəyan edirik. Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq". 

Əziz Ələkbərli bildirib ki, bəzi dairələrin ikiüzlülüyü və ikili standartları qaçqın və məcburi köçkünlər kimi sırf humanitar mövzudan yan keçmir:

"Özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələr, Ümumdünya İnsan Hüquqları üzrə Bəyannamə ilə tanınan qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə "səlahiyyət" uydurublar. Biz belə ayrı-seçkilik cəhdlərini qətiyyətlə rədd edirik və dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, insanların bütün hüquqlarının bərabərliyi prinsipinin aliliyini vurğulayırıq.

Bu mənada, Qərbi Azərbaycan İcması öz səyləri ilə, o cümlədən, bu beynəlxalq konfransı təşkil etməklə, təkcə öz məsələsini gündəmə gətirmək deyil, həm beynəlxalq aləmdə qaçqınların və məcburi köçkünlərin qayıdış hüququ məsələsinə ikili standartlar olmadan, həm də etnik və dini ayrı-seçkilik etmədən və xəbis siyasi mülahizələrdən kənar şəkildə baxılmasına töhfə vermək istəyir.

Ümid edirik ki, hər il keçirməyi nəzərdə tutduğumuz bu beynəlxalq konfransla biz Sizlərin qiymətli töhfələriniz ilə qayıdış hüququ mövzusunda mühüm beynəlxalq dialoq formatı ərsəyə gətirə biləcəyik. Bu yolda hamımıza uğurlar arzulayıram".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR