Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə elə öz medialarında Ermənistan haqda bir bənzətmə oxudum, xoşuma gəldi. “Ermənistan kompası sınmış səyyah kimidir...” Əla bənzətmədir, Paşinyanın hərdən o heç bir anlam ifadə etməyən, azmış adamı xatırladan sifətini göz önünə gətirəndə lap yerinə düşür...
Dünyanın gündəmi indi elə qaynardır ki, açığı, Ermənistanın “sürünən sülh” siyasətinə xüsusi diqqət etməyə zaman qalmır. Əlbəttə, ölkə olaraq bizə bu problemin həlli, təməlli sülh müqaviləsi lazımdır. Amma indidən də aydındır ki, ilin sonunadək, yəni qarşıdakı 4 ayda da Ermənistanla sülh müqaviləsi imzalanmayacaq.
Halbuki sülh müqaviləsi üçün bəzi şərtlər bu il xeyli “yüngüləşdirilib”. Sərhədlərin müəyyənləşməsi və nəqliyyat kommunikasiyalarının açılması kimi vacib məsələlər sülh sənədinə daxil edilməməsi qarşılıqlı olaraq razılaşdırılıb. Bakının taktikası aydındır, Qərbin kompromis çağırışlarına haqlı olaraq müsbət reaksiya verdi. Həm də çox ağıllı fənd işlətdi, Ermənistanı necə deyərlər, növbəti dəfə parter vəziyyətinə saldı. Çünki sülh sazişini hətta çərçivə sənədi daxilində imzalanmasına imkan verməyən qüvvələr var. Paşinyan onların sözündən çıxarsa, bəlkə də hakimiyyətini itirər.
Azərbaycan dövlətinin sülh sənədi ilə bağlı son mövqeyi indi belədir ki, Ermənistan Konstitusiyasında dəyişiklik olmalı, həmçinin İrəvan “donqili” Minsk Qrupunun ləğvinə razılaşmalıdır. Amma gözlənildiyi kimi, Ermənistan yenə bu tələblər ətrafında mızıldayır.
Əvvəla, deyirlər ki, Ermənistan Konstitusiyasında dəyişiklik ölkənin daxili işidir. Guya Azərbaycan ermənilərə yeni “ana qanunu” yazmağa diktə edir ki, bu, tamamilə yalan iddiadır. Azərbaycan erməni konstitusiyasının məlum preambulasındakı dəyişiklikdə israr edir. Ermənilər istəyirlər, konstitusiyada Makronun da çox sevdiyi LGBT-ni qanuniləşdirsinlər, ondan bizə nə? Minsk Qrupu ilə bağlı tələbi də İrəvan ən müxtəlif bəhanələrlə iqnor edir. Guya sülh müqaviləsi imzalananda Minsk Qrupu avtomatik olaraq “ömrünü başa vuracaq”. Ermənistan 4 ildir “ölən” Minsk Qrupunu “qurudub” saxlaya, onlara İrəvanda muzey də, mavzoleydə yarada bilər. Amma qəbul etməlidirlər ki, Bakı bir daha bu mənasız “üçlük”lə heç bir halda masa arxasında daha oturmayacaq. Ermənilər Minsk Qrupunun “ölüsünü nə qədər qıdıqlayır-qıdıqlasın” Azərbaycan üçün heç nə dəyişməyəcək. Yaxşı, bizim bu qədər xoş niyyətimizə, kompromisə rəğmən niyə erməni cəmiyyəti yenə də sülh razılaşması istəmir?
Azərbaycanın sülh sazişinə əşhədü ehtiyacı yoxdur, əslində, daha çox Ermənistan bunun üçün cəhdlər etməlidir. Ən azı o səbəbdən ki, Ermənistan İkinci Qarabağ müharibəsində məğlub tərəfdir. Prezident İlham Əliyev çıxışlarının birində “əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür” deyib. Elə o ərəfələrdə Paşinyan da bəzi xarici və daxili qüvvələrin Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasını istəmədiyini demişdi. Paşinyan sülhə qarşı olanlar dedikdə daha çox müxalifəti və kilsəni nəzərdə tuturdu.
“Xarici qüvvələr” dedikdə aydındır ki, Paşinyan ənənəvi olaraq yenə Moskvaya işarə edirdi. Amma nədənsə, onu silahlandıran Fransanı sülhə əngəl olduğunu “unudur”.
Paşinyan o mənada haqlıdır ki, erməni cəmiyyətinin ruhi xəstəliyi hələ də davam edir. Erməni cəmiyyəti düşünür ki, sülh sənədi Ermənistana heç nə verməyəcək, onun imzalanması ən yaxşı halda Paşinyan hakimiyyətinə təbliğat üçün lazımdır. Hətta revanşist müxalifət iddia edir ki, Azərbaycan hakimiyyəti bilərəkdən sülh sazişində belə kompromisə razılıq verib ki, Ermənistanda parlament seçkilərində Paşinyan çox “gücə düşməsin”. Bütün bunların müqabilində isə Ermənistanda seçkilərdən sonra Paşinyan hakimiyyətdə qalaraq Zəngəzur dəhlizini də açacaq, anklavların qaytarılmasına da razılaşacaq, hətta qərbi azərbaycanlıların yurdlarına qayıtması üçün də ilkin addımlar atacaq. Bir sözlə, ermənilərin ürəyini “partladacaq”. İndidən bu iddialar haqda nəsə demək mümkün deyil, amma bu tələblər əlbəttə ki, gündəlikdə qalır və Azərbaycan heç bir halda prinsipial məsələlərdə geri çəkilməyəcək.
Nazim SABİROĞLU,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ