İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Vardanyanı öldürüb, günahı azərbaycanlıların üzərinə ata bilərmi - rəy

Erməni mediası azərbaycanlıların onu hədələdiyini yazır; deputat: “Bəli, Azərbaycan tərəfi Rubenə qarşı addımlar atacaq, amma bu addımlar sırasında sui-qəsd nəzərdən keçirilmir”

Qarabağda qanunsuz yolla məskunlaşandan sonra oyuncaq rejimin qondarma “dövlət naziri” postunu tutan rusiyalı oliqarx Ruben Vardanyanın Kremlin “layihəsi” olduğu artıq heç kimdə şübhə doğurmur. Onun aparıcı Rusiya KİV-lərində təbliği bunun daha bir təsdiqidir. 

Ancaq maraqlıdır ki, Rusiyanın RBK nəşri Vardanyandan iki gün öncə aldığı təxribatçı müsahibənin anonsunu versə də, son anda yayımlamayıb. Heç bir səbəb də göstərməyib. Erməni mediası isə bunu azərbaycanlıların Vardanyana və ondan müsahibə alan jurnalisti hədələməsi ilə əlaqələndirib.

“İlya Doronov (RBK-nın müxbiri - red.) Ermənistana xüsusi olaraq bu müsahibə üçün səfər edib, söhbət onun tərəfindən lentə alınıb və elan edilib, lakin RBK onu dərc etməkdən imtina edir. İmtina səbəbi sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərdən müsahibə elan edildikdən sonra İlya və onun ailə üzvlərinin fiziki zorakılıqla hədələnməsidir”, - deyə News.am nəşri Vardanyanın qeyri-rəsmi Telegram kanalında istinadən yazıb. Həmçinin Vardanyaın özünə də təhdidlərin olduğu deyilir.

Bu bir faktdır ki, Qarabağda peyda olan kimi Azərbaycan əleyhinə açıqlamalar verən bu məxluq qanunla ciddi cəzalandırılmağı çoxdan haqq edib...

Amma doğrudanmı azərbaycanlılar Ruben Vardanyanı öldürmək istəyir? Vardanyanı ermənilər özləri öldürüb, sonra bunun azərbaycanlılar tərəfindən edildiyi görüntüsünü yaratmaq üçün belə addım ata bilərmi? Yaxud onun qaçıb aradan çıxması mümkünmü? Azərbaycan üçün ən yaxşı variant hansıdır?

Arzu Nağıyev: “Bu gün ölkədə yeni bir siyasi konfiqurasiya və siyasi sistem  yaranıb”

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev erməni mediasında yayılan iddiaların cəfəng olduğunu bildirib. O, “Yeni Müsavat”a deyib ki, erməni tərəfi bu iddiaları səsləndirməklə növbəti dəfə xislətlərini ortaya qoyub: “Terror törətmək Azərbaycana, bizim millətə xas əməl deyil. Ermənilər isə terrorçu xislətləri ilə Azərbaycanda, keçmiş Sovetlər Birliyi ərazisində ad çıxarıblar. Məsələn, 8 sentyabr 1984-cü ildə erməni Henrix Vartanov Bakı şəhərində 106 saylı sərnişin avtobusunu partladılıb. Hadisə zamanı 2 uşaq anası olan Fatma Surxalizadə həlak olub, 3 nəfər yaralanıb. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları Tiflis-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışdılar. O zaman 5 adam həlak oldu və 25 nəfər yaralandı. 7 oktyabr 1989-cu ildə Artur Abramyan Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay üzərindəki körpünü partlatmışdı.

13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladıldı, nəticədə 13 nəfər ağır yaralandı. 11 iyul 1990-cı ildə Arkadi Ayriyan, Samvel Babayan Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobusu partladılar. Xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı da terror aksiyası keçirdilər. Nəticədə 1 qadın, 7 kişi qətlə yetirildi, 23 nəfər isə ağır yaralandı. İstintaq zamanı müəyyən edildi ki, terror aksiyasını Xankəndi şəhər sakinləri Napaleon ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törədiblər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azəbaycanlı kəndlisini qətlə yetirdilər. Hər 2 cinayətkar həbs olundu, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edildilər. Samvel Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirildi. Siyahını uzatmaq da olar.

Ermənilər 3 iyul 1994-cü ildə Bakı Metropoliteninin "28 May" - "Gənclik" stansiyaları arasında elektrik qatarında partlayış törətdilər. Partlayış nəticəsində 13 nəfər həlak oldu, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı. Ermənilərin terrorçu xisləti hər kəsə bəllidir və bu baxımdan Ruben Vardanyana münasibətdə də Azərbaycanın atacağı addımları öz arşınları ilə ölçürlər. Bəli, Azərbaycan tərəfi Ruben Vardanyana qarşı addımlar atacaq, amma bu addımlar sırasında sui-qəsd nəzərdən keçirilmir. Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib və Ermənistan vətəndaşlığını qəbul edib. Bundan sonra Azərbaycanın icazəsi olmadan ölkəmizin suveren, dünya dövlətləri tərəfindən qəbul olunan və tanınan sərhədlərini qanunsuz aşaraq Xankəndinə gəlib. Onun bu addımına Azərbaycan qanunlarına uyğun olaraq cinayət işi çərçivəsində qiymət veriləcək. Ruben Vardanyan Azərbaycanın icazəsi olmadan ölkəmizin sərhədlərini aşan andan cinayət məsuliyyəti yaranıb".

Deputat deyib ki, Azərbaycan tərəfi Ruben Vardanyanın barəsində beynəlxalq axtarış verməklə yanaşı həbsi üçün də müvafiq addımlar planlaya bilər: “Möhtərəm cənab Prezident Ruben Vardanyanla bağlı fikrini açıq şəkildə ifadə etdi. Dedi ki, əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Vardanyan Azərbaycan ərazisində olan qondarma rejimin başına keçməklə də cinayət törədib. Həmin rejimi nəinki dünya dövlətləri,  heç Ermənistanın özü də tanımır. Vardanyanın Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisində nə işi var? Vardanyana məsləhətim budur ki, cibindəki Ermənistan pasportuna və Ermənistan xəritəsinə baxsın, hazırda harada olduğunu bir daha özü üçün dəqiqləşdirsin. Yoxsa sonra gec olacaq. Onun da barəsində digər erməni cinayətkarlar kimi Azərbaycan məhkəməsi hökm çıxarmalı olacaq”. 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR