İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qarabağda qalmaq istəmirlər

Ekspert: “Sərhəd-buraxılış məntəqəsində bu gedənlərin hamısına niyə getdiyi soruşulmalı və videoqeydiyyat aparılmalıdır”

Qarabağda bir sutkalıq lokal antiterror tədbirlərindən sonra Azərbaycan vətəndaşı olaraq qalıb yaşamaq istəməyən ermənilərin Ermənistana köçü dünən də davam edib. Dünənə olan məlumata görə, Qarabağı könüllü tərk edən ermənilərin sayı 15 mini keçib. Bunlar əsasən işğal zamanı qanunsuz məskunlaşdırılan ermənilərdir. Ermənilər AzTV-yə və digər televiziyalara müsahibələrində Azərbaycandan könüllü olaraq köçdüklərini deyirlər.

Bəzi siyasi təhlilçilər hesab edir ki, ermənilər yaratdıqları köç mənzərəsi  ilə dünya birliyini, beynəlxalq təşkilatları, böyük dövlətləri Azərbaycanın üstünə qaldırmaq, Azərbaycana qarşı gələcək “etnik təmizləmə” ittihamlarına zəmin hazırlamaq məqsədi güdürlər.

Başqa məlumatlara görə, ermənilərin hamısı ərazini tərk edib Ermənistana köçmək istəyir. Onlara Azərbaycan vətəndaşlığını qəbul edənlərə hər cür şəraitin yaradılacağı və köçmələrinə ehtiyac olmadığı bildirilsə də, ermənilər fikirlərindən daşınmırlar. Odur ki, erməni əhalinin təkid edəcəyi, fikrindən daşınmayacağı halında ermənisiz Qarabağ görə bilərik. Amma yenə də aydınlaşmalı sual qalır: tamamilə ermənisiz Qarabağ Azərbaycan üçün hansısa problemlərə yol aça bilərmi?

Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, ermənilər Azərbaycan pasportundan imtina edirlərsə və Ermənistana, yaxud başqa ölkəyə köçmək istəyirlərsə, özlərinin seçimidir, gedirlər getsinlər. Azərbaycan onların bu seçim hüququnu poza bilməz, zorla heç kimi saxlamaq olmaz. Zorla saxlamaq istəsək, ermənilərin hüququnu pozmuş olarıq: “Azərbaycan dövləti onun vətəndaşlığını qəbul edən, qanunları ilə yaşamağa razı olan erməni sakinlərə ölkənin digər vətəndaşlarına verilən hüquqları verir. Bunu ən yüksək səviyyədə bəyan edib. Qarabağdakı erməni sakinlərin nümayəndələri ilə görüşlərin keçirilməsi də Azərbaycanın bu mövqeyinin təsdiqidir. Azərbaycan erməni sakinlərin yaşayışının yaxşılaşması üçün son bir həftədə humanitar yardımlar, ərzaq, yanacaq və digər zəruri məhsulları onlara çatdırıb və prosesi davam etdirir. Yəni Azərbaycan dövləti erməni sakinlərin Azərbaycan qanunlarını, Azərbaycan pasportunu qəbul edib qalıb yaşamaları üçün gərəkən addımları atır və atmaqda davam edir. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanın Qarabağdan kənar bölgələrində 30 ildən artıqdır erməni mənşəli vətəndaşlarımız digər vətəndaşlarımız kimi təhlükəsiz yaşayırlar, onlara qarşı heç bir ayrı-seçkilik edilməyib indiyə qədər. Qarabağda qalacaq erməni vətəndaşlarımıza da eyni münasibət olacaq. Odur ki, heç bir dövlət və ya beynəlxalq təşkilat bizi erməniləri son nəfərinədək köçürməkdə ittiham edə bilməz. Digər tərəfdən isə dediyimiz kimi, Ermənistana köçən ermənilərin özləri televiziyalara açıq şəkildə bəyan edirlər ki, onlara heç kim "köçün" demir, onları zorla köçürən yoxdur, özləri öz istəkləri ilə köçürlər. Bu da onların seçimidir. Qeyd etdiyimiz kimi, heç kimi məcbur etmək olmaz ki, mütləq Qarabağda qalmalısan".

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Dr. Cəfərov Nazim Kamil

 Nazim Cəfərsoy

Siyasi ekspert Nazim Cəfərsoy bildirib ki, Azərbaycan dövləti Qarabağdan köç edən bütün ermənilərə “Bizə Azərbaycan tərəfindən heç bir təzyiq  yoxdur,  özümüz gedirik” şəklində bir sənəd imzalatmalıdır: “Ayrıca sərhəd-buraxılış məntəqəsində bu gedənlərin hamısına niyə getdiyi soruşulmalı və videoqeydiyyat aparılmalıdır. Bu çox vacibdir. Çünki bu gedənlər sabah bizi "etnik təmizləmə" iddiası ilə məhkəməyə verəcəklər, təbliğ  kampaniyasında aktiv rol alacaqlar və s. Dövlət olaraq yeni problemlərlə üzləşməmək üçün bunları mütləq etməliyik. Bu videolar və sənədlər məhkəmə prosesi və kampaniyaları təsirsiz hala gətirmək üçün şərtdir. Qarabağda ermənilərdən müsahibə alan jurnalistlər mümkün qədər mülki əhaliyə oradan niyə çıxdığı məsələsini ətraflı soruşsunlar. Bu cür nümunə var, amma azdır. Çalışıb hamıdan soruşmaq lazımdır. Videoları saxlamaq lazımdır, əmin olun ki, hamısı lazım olacaq".

Siyasi ekspertlər hesab edir ki, AzTV-nin köçən ermənilərlə bağlı reportajı kimi reportajların sayını çoxaltmaq və dünyaya yaymaq lazımdır. Ermənilər keçmişdə azərbaycanlılarla mehriban yaşadıqlarını, sonra “nə oldusa” belə vəziyyətin alındığını, amma Qarabağdan öz xoşları ilə, hər hansı zorakılıq olmadan köçdüklərini kameraya söyləyirlər. Bu kimi materialları davamlı etmək, arxivləşdirmək, günün birində Azərbaycana qarşı beynəlxalq səviyyədə iddialar qaldırılanda ortaya qoymaq lazımdır. Amma elə isti-isti də faktları, reportajları beynəlxalq auditoriyaya yaymaqda fayda var. Bir azdan “genosid”, “etnik təmizləmə” nağılı başlaya bilər. Azərbaycan dövləti bu nağılları da alt-üst etmək üçün lazımi hazırlıqlarını aparmalıdır. Hətta Azərbaycanın ayrı-ayrı sorğu təşkilatları, beyin mərkəzləri, QHT-lər də Laçın qapımızdan keçən erməni əhali arasında sorğular keçirə bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR