İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər 3 il ərzində Qarabağa hücum məqsədli silahlar yığıb - hərbi ekspertdən açıqlama

Ramil Məmmədli: “Antiterror tədbiri ilə Azərbaycan 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndini də icra etmiş oldu”

Hazırda Qarabağda ermənilərin yaşadığı bölgədə silahsızlaşdırma davam etdirilir. Müdafiə Nazirliyinin sentyabrın 25-də yaydığı məlumatda deyilir ki, Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib. Qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub. Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, “Faqot” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.

Müdafiə Nazirliyinin digər rəsmi məlumatında Yuxarı Veysəlli kəndi istiqamətində müsadirə edilmiş silah-sursat aşkarlandığı açıqlanıb:

"Sentyabrın 24-də Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib. Xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib. Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir".

Müdafiə Nazirliyi gün ərzində bir neçə dəfə Qarabağda ermənilərin yaşadığı ərazilərdə aşkarlanan silah-sursatla bağlı məlumat yayır, vidoelar təqdim edir.

Digər bir məlumatda isə deyilir ki, Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazisindəki erməni yaraqlıları indiyədək 6 zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə vasitələr və daşınan zenit raket kompleksi (DZRK), habelə 130 minə yaxın döyüş sursatı təhvil verib: “Hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq, Qarabağın silahlı qüvvələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib. Sentyabrın 24-dək qeyd olunanlar təhvil verilib: 6 ədəd zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə silahlar və daşınan zenit raket kompleksi, 130 minə yaxın döyüş sursatı”.

"Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya uyğun olaraq, Qarabağdakı erməni silahlı birləşmələri silah və hərbi texnikanı təhvil verirlər. Sentyabrın 23-nə olan məlumata görə, 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah, tank əleyhinə silahlar və zenit raket kompleksi, 22 minə yaxın döyüş sursatı təhvil verilib", - məlumatda qeyd edilir.

“Azərbaycanın Qarabağ bölgəsində davam edən cəmi 3 günlük tərk-silah prosesi göstərdi ki, bu region işğal altında olduğu illər ərzində hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında qeyd edib. Hikmət Hacıyevin sözlərinə görə, Qarabağdakı əhalinin sayına və ərazinin ölçülərinə görə regionun bu dərəcədə hərbləşdiriləcəyi heç gözlənilmirdi. O bildirib ki, tərk-silah və demobilizasiya reinteqrasiyanın əsas komponentləridir.

Tovuz hadisələri zamanı da belə olmuşdu - Ramil Məmmədli - "İki sahil"

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Qarabağ işğal ediləndən sonra orada Ermənistan Müdafiə Nazirliyinin əlahiddə statuslu Ümumqoşun Ordusu yerləşdirilmişdi: “Bu ordu bütün komplektasiyalarda, bütün təyinatlarda silah-sursat və texnikalarla təchiz olunmuşdu. Həmin ordunun əsas təyinatı müdafiə, əməliyyatlar başlayan zaman hücuma meylli bölmələrdən təşkil olunmuşdu. Bu baxımdan, Ermənistan Müdafiə Nazirliyinin Qarabağdakı hərbi birləşmələri 44 günlük Vətən müharibəsindən sonra da itirdiyi mövqelərdəki silah-sursat və texnikaları yenidən komplektləşdirmək üçün hərəkətə keçib. Müharibədən sonra Laçın yolu üzərindən ta yol bağlanana qədər, Azərbaycan orada sərhəd-keçid məntəqəsi qurandan sonra silah-sursat və texnikaların daşınmasını həyata keçiriblər”.

Hərbi ekspert deyib ki, qarşı tərəfin əsas məqsədi torpaqları işğal altında saxlamaq olub: “Düşmən həmin silah-sursat və texnikaları ərazilərimizi işğal altında saxlamaq, məqam düşəndə isə yenidən digər ərazilərin işğalını həyata keçirmək üçün toplamışdı. 2020-ci il Vətən müharibəsindən sonra 2023-cü ilə qədər Ermənistan Ümumqoşun Ordusunu müdafiə və hücuma meylli silah-texnikalarla təchiz etmişdi. Ermənilərin 23 saat 43 dəqiqəlik antiterror əməliyyatına qədər işğal altında saxladıqları ərazilərimizdə bunca silah-sursat və texnika var. Həmin silah-sursat və texnikalar daha çox hücum üçün istifadə olunan hərbi təyinatlı vasitələrdir”.

Hərbi ekspert deyib ki, müsadirə olunan silah-sursat və texnikalardan da görünür ki, Ermənistan bütün istiqamətlərdə silahlanma işini davam etdirib: “Burada bir məqsəd olub - müharibə və müharibəyə meylli qüvvələri stimullaşdırmaq. Keçirilən antiterror əməliyyatının sonucu olaraq Ermənistanın bütün təkziblərinə baxmayaraq, ötən 3 il ərzində Qarabağdakı separatçıları silahlandırmaqla məşğul olduğu təsdiqini tapıb. Antiterror əməliyyatı ilə Azərbaycan 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndini də icra etmiş oldu. Həmin bənddə məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, tərk-silah olunması nəzərdə tutulurdu. Bunu da Ermənistan tərəfi etməli idi, təəssüf ki, etmədilər, əksinə, Qarabağda erməniləri silahlandırmaqla məşğul oldular. Nəticə də göz qabağındadır. Cəmi 23 saata ağ bayraq qaldırıb tərk-silah olmağa razılaşdılar”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR