İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni vəhşilikləri Basarkeçərdə belə başladı” – Məşhur jurnalist 35 il əvvəl yaşadıqları DƏHŞƏTLƏRDƏN danışdı

Azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və öz miqyasına, icra üsullarına görə ən dəhşətli mərhələsi 1988-1991-ci illərə təsadüf edib. 1948-1953-cü illərdəki deportasiyadan fərqli olaraq, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf edib.

Musavat.com-un qonağı həmin günlərin dəhşətlərini yaşayanlardan biri, Qərbi Azərbaycanın Göyçə mahalında, Subatan kəndində dünyaya gələn araşdırmaçı-jurnalist Qabil Zimistan oğlu Abdullayevdir.

ZİMA.jpeg (63 KB)

“Biz məktəblilərə hücumdan sonra hücumlar total xarakter aldı”

SUBATAN.jpg (30 KB)

Həmsöhbətimiz deyir ki, 8 illik təhsilini Subatandakı məktəbdə bitirəndən sonra sənədlərini tam orta təhsil almaq üçün qonşu Çaxırlı kəndindəki məktəbə göndəriblər:

“Həmin kənddə əhali qarışıq idi, ermənilər də orada məskunlaşmışdılar. Məktəbdə həm Azərbaycan, həm də erməni bölməsi fəaliyyət göstərirdi. Artıq ermənilər baş qaldırmışdı, ermənilər bizimlə dalaşır, söz atır, məktəbə gəlməməyimizi tələb edirdilər. Aranın qarışdığı bir ərəfədə 9-cu sinfi orada bitirdim. O günlərdə, 1987-ci ilin yaz ayları idi, kəndimizdən Çaxırlı məktəbində haradasa oğlanlı-qızlı 15-16 nəfər oxuyurduq. Məktəbdən çıxıb kənd istiqamətində avtobus gözləyir, oradan kəndə gəlirdik. Bir dəfə dərsdən çıxanda ermənilər qabağımızı kəsdilər, bizə hücum etdilər deyə onlarla dalaşmaq məcburiyyətində qaldıq. Bizi daş-qalaq etməyə başladılar. Dava zamanı müxtəlif dərəcəli xəsarətlər aldıq. Mənim isə başımı daşla yardılar, burnum qanadı. Ən dözülməzi də o idi ki, yaşlı ermənilər kənardan davamızı müşahidə edir, uşaqlarının bizə qarşı hücumlarına tamaşa edirdilər. Bir sürü erməni məktəblinin 3 nəfərin üstünə hücumundan sanki həzz alırdılar. O günlərdə hüquq-mühafizə orqanı - milisə şikayət etməyin də mənası yox idi. Bizə qarşı hücumdan sonra erməni məktəblilər bir yerdə uşaqlıqda oynadıqları, bir parta arxasında oturduqları həmkəndlilərimizə, Çaxırlıda yaşayan azərbaycanlı uşaqlara da hücum etdilər, onlara da xəsarət yetirdilər. Ermənilərin kompakt yaşadığı yerlərə saqqallılar gəlirdi, onlara bizi sıxışdırmaq üçün təlimatlar verirdilər. Onların arasında yazıçılar, şairlər, alimlər də var idi. Zori Balayan, Silva Kaputikyan Çaxırlı erməniləri ilə görüşdə yerli əhalini çıxarmaları ilə bağlı söhbətlər, “Dənizdən dənizə Ermənistan” xülyaları, biz türklərin vəhşiliklə guya onları soyqırıma məruz qoymağımız və bu qisası qiyamətə qoyamamaq barədə iyrənc fikirləri artıq beyinləri zəhərləmişdi. Bizi harada görürdülərsə didib-parçalamaq, məhv etmək istəyirdilər”.

BASAR.JPG (319 KB)

“Babalarımın qapısında bir qarın çörəyə işləyən ermənilər sonralar bizi bəyənmədi”

Qabil Zimistanoğlu bildirir ki, o günlərdə ermənilərin fizik-astronom alimi Viktor Hambarsumyan Basarkeçər rayonu üzrə Kommunist Partiyasının ideoloji məsələlər üzrə məsul şəxsi idi:

“O da öz növbəsində kommunist pərdəsi altında öz şovinist siyasətlərini əlaltdan yerinə yetirirdi, son vaxtlar isə açıq-aşkar o torpaqların azərbaycanlıların vətəni olmadığını deyirdilər. Ağsaqqaların dediyinə görə, onun atası Hamazasp da sovet hakimiyyətinin Ermənistanda bərqərar olduğu vaxtlar çox azərbaycanlının işığını söndürmüşdü. Mahalda sayılıb-seçilən azərbaycanlılara sovet hökumətinin əleyhinə işləyən, kulak, qolçomaq damğası vurub, zindanlara atdırıb, Sibirə sürgün etdirmişdi. Nə qədər insanlar haqsızlığı görüb, o dövrdə qaçaq olmuş, onlar müxtəlif zamanlarda məhv edilmiş, sıradan çıxarılmış, mal-dövlətləri dövlət nəfinə keçirilmək adı altında yamğalanmış, əllərindən alınmışdı. Hətta I Dünya müharibəsində belə hərbi komissarlıqda işləyən ermənilərin əli ilə müharibəyə ən çox azərbaycanlıları göndəriblər. Elə hallar olub ki, əsgərliyə yaşı çatmayanlar belə səfərbər olub, heç bir təlim-filan görmədən birbaşa döyüşə göndərilib. Bir ara da yerli əhali ermənilər tərəfindən bu cür dənlənib. Nə qədər azərbaycanlı döyüş meydanında həlak olub, şikəst edilib, itkin düşüb. 1830-cu ilədək anadan olduğum Göyçə mahalında 15 erməni ailəsi olub. Onların əksəriyyəti sənətkar olub, yerli əhalinin işinə yarayırmış. Bənnalıq, dülgərlik, pinəçilik, dəmirçilik edərək ailələrini saxlayırmış. 1828-ci ildə I Nikolayın fərmanı ilə tarixi torpağımız olan İrəvan və ətraf ərazilərdə “erməni əyaləti” yaranandan sonra İrandan, Suriyadan, Türkiyədən erməniləri kütləvi şəkildə köçürüb İrəvana, Vedibasara, Göyçəyə və digər ərazilərə gətirdilər. Çar Rus ordusunun köməyi ilə yerli azərbaycanlıları zorla evlərindən çıxarır və həmin evlərdə erməniləri yerləşdirirdilər.

SOYQİ SON.jpg (116 KB)

Atam Zimistan kişi deyirdi ki, vaxtilə mənim babalarımın qapısında bir qarın çörəyə yalvara-yalvara işləyən ermənilərin tör-töküntüləri sonralar bizi bəyənmədi. Ermənilərin sayı artdıqca, yerlərini möhkəmlətdikcə qudurdular, yerli əhalini tədricən sıxışdırılıb çıxarmağa başladılar. Azərbaycan kəndləri erməniləşdirildi. Bizim kəndin ətrafında yerləşən Qızılvəng, Yarpızlı, Aşağı Zağalı, Gödəkbulaq, Basarkeçər rayonunun özü, Qırxbulaq, Tüstülü kəndlərinin hamısında vaxtilə azərbaycanlılar yaşamışdı. Sadaladığım kəndlərin hamısını zaman-zaman azərbaycanlılardan təmizləyərək erməniləşdirmişdilər. Həmin kəndlərdə bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Yuxarı Zağalı və Çaxırlıda isə qarışıq yaşayırdılar. Sıxışdırıb çıxarmaqla yanaşı, həm də kəndlərin adlarını dəyişib erməniləşdirmişdilər”.

“Bunu bilən azərbaycanlı qadınlar məcburiyyət qarşısında qalıb uşağı evlərdə dünyaya gətirirdilər”

Həmsöhbətimiz deyir ki, ermənilər hər addımda özlərini yerli əhalidən üstün hesab edirdi:

“Adicə rayon mərkəzinə gedəndə mağazadan nə isə alanda ermənicə deməsəydin, onu sənə verməzdilər. Savadlı, bacarıqlı milli şəxsləri müxtəlif formalarla sıradan çıxarıblar. Ya şər atıb, ya da sıxışdırmaqla yerindən, yurdundan didərgin salırdılar. Hakimiyyətdə olduqları üçün əllərində olan bütün resurslardan bizə qarşı istifadə ediblər. Uşaq dünyaya gətirmək üçün xəstəxanalara gedən analar cəllad erməni həkimlər tərəfindən ya şikəst, ya da ölü körpə dünyaya gətirməli olub. Bunu bilən azərbaycanlı qadınlar məcburiyyət qarşısında qalıb uşağı evlərdə dünyaya gətirirdi”.

“Milis rəisi qayıdıb dedi ki, buralarda sizin nə ölümünüz var, ay türk”

Qabil Zimistanoğlu onlara qarşı Çaxırlı məktəbi yaxınlığındakı hücumdan sonra ümumilikdə azərbaycanlılara qarşı hücumların intensiv hal aldığına şahidlik etdiklərini deyir:

“1987-1988-ci illərdə Basarkeçərdə İrəvandan və hansısa bölgədən gətirilən saqqallılar görünməyə başladı. Rayon mərkəzinə hansısa geyim və ya zəruri malları almaq üçün getməli olurdun. O zaman saqqallılar dəstə şəklində hücum edib azərbaycanlıları vəhşicəsinə döyür, gözünü qorxudurdular ki, kəndi tərk edək. Bir dəfə belə bir hadisə mənim də başıma gəldi. Sinif yoldaşım Asiflə Basarkeçərə getdim. Univermaqdan ayaqqabı alıb çıxanda saqqallılar bizi dövrəyə aldı, yenə də dava oldu, 10 nəfərə yaxın idilər, biz isə iki nəfər idik. Mənə müxtəlif bədən xəsarəti yetirdilər. Asifin də vəziyyəti “pis” deyildi. Birtəhər özümüzü milis idarəsinə çatdırdıq. Orada da bizə elə baxırdılar ki, sanki vətən xaini idik. Milislər şikayətimizi qəbul etmək istəmədi. Rayonun milis rəisi Servantes Xaçaturyan idi. Nə baş verdiyini soruşdu. Məsələni izah etdim. Qayıdıb dedi ki, buralarda sizin nə ölümünüz var, ay türk. Xəsarət almağımıza, üstümüzün qan ləkəsi olduğunu görməsinə baxmayaraq, bizdən heç bir izahat almadı. Bizi kabinetinə apardı. Elə bildim, yəqin bizi döyənləri cəzalandıracaq. Amma gözlədiyimin əksinə oldu. Dedi ki, gedin başınızın çarəsini qılın, artıq buralarda qalmağın mənası yoxdur. Sonra bir milis çağırdı və göstəriş verdi ki, taksi saxlatdırsın, bizi kəndimizə göndərsinlər. Taksi sürücüsü 5 rublluq yola 15 rubl aldı. 2 milisin müşayiəti ilə taksi bizi kəndimizin girəcəyinə 1 kilometr qalmış gətirdi, elə orada düşürdülər. Beləcə saqqallılara şərait yaradırdılar ki, işlərini görsünlər, yerli əhalini yurd-yuvasından didərgin salsınlar. Qarşıda bizi dəhşətli günlər gözləyirdi!”

QERB SON.jpg (115 KB)

“Milis rəisi Servantes Xaçaturyan Subatana gəldi, ultimatum verdi – kənddən çıxın!”

Qabil Zimistanoğlu deyir ki, sonrakı günlərin birində milis rəisi Servantes Xaçaturyan Subatanın girəcəyinə gəlib və camaata ultimativ şəkildə kəndi tərk etmək üçün 3 gün vaxt verib:

“Camaat məcbur qalıb soyuq qış günündə dağ yolları ilə Kəlbəcər və Gədəbəyə köçməli oldu. Çox ağır günlər yaşadıq. Başımıza gətirilən müsibətlərə rəğmən, biz erməniləri Xankəndidən, o cümlədən Qarabağda məskunlaşdıqları digər tarixi torpaqlarımızdan belə yola salmadıq, 1 nəfər dığanın belə burnu qanamadı”.

DEPORİ.jpg (51 KB)

“Alban abidəsini apardılar, içindəki xəzinəni söküb ələ keçirdilər”

Qabil Zimistanoğlu deyir ki, Basarkeçərin Subatan kəndində çoxsaylı alban abidələri olub:

“Ermənilər həmin abidələri atalarına başdaşı qoymaq adı ilə gəlib kənddən aparırdılar. Sonradan öyrənirdik ki, həmin daşların üzərində dəyişiklik edib, erməni abidəsi kimi haralarasa basdırırlar. Rəhmətlik Abbas dayımın İrəvandan Setrak adlı bir erməni tanışı vardı. Setrak İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Alban əlifbası ilə oxumağı bacarırdı. Setrak atasına başdaşı qoymaq adı ilə gəlib dayımgilin həyətində olan iri bir abidə daşını apardı. Daşı aparmaq üçün kəndə “Kolxida” gətizdirmişdi. Kəndin cavanları daşı zorla yük yerinə qoydular. Abbas dayı danışırdı ki, aradan aylar keçəndən sonra İrəvana getdim, onların evini tanımadım. Yerində imarət tikmişdilər. Setrak isə sanki məni tanımadı. Həmişə məni içəri dəvət edən Setrak bu dəfə üzünü turşutmuşdu. Daşın içində dəfinə varmış... Bu söhbəti kəndimizdə çox adam bilir, yeri düşdükcə danışırdılar”.

“Kolxoz və sovxoz sədrləri “Daşnaksütyun”a işləyirdi”

Həmsöhbətimiz deyir ki, o günlərdə Ermənistan hakimiyyəti kommunist köynəyinə bürünüb, özlərinin “türksüz Ermənistan” yaratmaq ideologiyasını həyata keçirirdi:

“Əsas məsul yerlərə qatı millətçilər təyin edilir, yerli əhali hər cür vasitələrlə sıxışdırılırdı. Hətta vəziyyət o həddə çatmışdı ki, Azərbaycan kəndlərində kolxoz və sovxozlara ermənilər sədr təyin olunurdu. Subatan kənd sovxozuna da Samvel Vartanyanı sədr təyin etmişdilər. O, sədrdən çox “Daşnaksütyun” partiyasına bir xəbərçi rolunda iştirak edirdi. Kənddə olan əhval-ruhiyyəni, danışıqları çatdırırdı.

“Toylarda erməni xanəndələri “Hayı başman, türkü düşman” mahnısını oxutdururdular

Məhsul yığılıb qurtarandan sonra isə bizə burada qalmağın olduqca çətin olduğunu, yaşamağın mümkün olmadığını deyirdilər. Tanıdıqlarım qatı millətçilərdən Marat Nurcanyan, Razmik Danielyanın adlarını çəkə bilərəm. Onlar hər an yerli əhalinin qanını içməyə hazır idilər. Tayqulaq Andronikə mahnı yazdırmışdılar. Toylarda erməni xanəndələri “Hayı başman, türkü düşman” mahnısını oxutdururdular. Vəziyyət o həddə çatmışdı ki, yerli əhali olan bizlər çox çətin bir seçim qarşısında qalmışdıq. Bacardığımız qədər ev-eşiyimizdən, doğma elimizdən çıxmamaq üçün əlimizdən gələni etdik. Ermənilər bizə qarşı sistemli şəkildə iş aparırdılar, ötən əsrin əvvəllərində olduğundan fərq bu idi ki, yerli hakimiyyət də tam erməniləşdirilmişdi. Sözümüzü deyəcək bir ünvan qalmamışdı. Tarixdən bilirik ki, azərbaycanlılar Qərbi Azərbaycandan 4 dəfə deportasiya olunub. 1905-1907-ci illər, 1918-1920-ci illər, 1948-1953-cü illər, 1988-1992-ci illərdə. Həmişə də silahlanmış nizami orduya qarşı könüllü müdafiə dəstələri vuruşub. Son ana qədər mübarizə aparıblar ki, yurdlarını tərk etməsinlər. Biz Göyçənin aşıqları, şairləri, yaradıcı şəxsləri barədə çox danışmışıq. Amma erməni-rus silahlı qüvvələrinə qarşı vuruşan el qəhrəmanları barədə yaza və danışa bilməmişik. Sovet dövründə isə qəhrəmanlarla bağlı mövzuya toxunmaq mümkün deyildi. Ötən əsrin əvvəllərində vuruşan el qəhrəmanlarından biri də kəndimizdən Qara Əsəd olub. O, başının dəstəsi ilə erməni quldurlarının qarşısını böyük qəhrəmanlıqla ala bilib. Ermənilərə qarşı döyüşənlər sırasında isə İsmayıl, Elləz, Namaz, Şeşəbığ Hümbət, Əli və başqalarının adını çəkmək olar. Mahalda nüfuz sahibi olan Hacı Ələkbər də özünümüdafiə dəstələrinin daha da ruhlanmasında öz xeyriyyəçilik yardımını əsirgəmir, dəstə üzvlərinin silah-sursatla təmin edilməsində əlindən gələni edirdi.

“Ermənilər onu qalağa ataraq diri-diri yandırıblar”

O dövrdə kəndimiz ermənilər tərəfindən işğal olunanda Şirəli adlı bir şəxs aran zonasından kəndə taxıl aparırmış. Ermənilərin kəndə doluşduğundan xəbəri olmayıb. Ermənilər onu qalağa ataraq diri-diri yandırıblar. Səsi ərşə bülənd olan Şirəlini xilas etmək üçün Elləz, İsmayıl və bir neçə nəfər gəlsə də, istəklərinə nail ola bilməyiblər. Atışma zamanı Elləz yaralanır və dəstə üzvləri məcburiyyət qarşısında qalaraq geri çəkilməli olur. Qara Əsəd təkbaşına Çamırlıda mühasirədə olan Hacı Nağı oğlu Mustafaya kömək etmək üçün qonşu Alçalı kəndinə yollanır. Özü ilə patronlar da götürür. Kənd qəbiristanlığında güclü döyüşlər gedir. Döyüş zamanı düşmən tərəf xeyli tələfata yol verir. Mustafa isə ağır yaralanır və bir-iki gündən sonra həlak olur. Onu Səməndölən deyilən bir ərazidə dəfn edirlər. Əhali geri qayıdanda ehtiram olaraq öz el qəhrəmanının qəbri üzərində məqbərə tikir. Amma sonralar ermənilər duyuq düşəndə ki, Mustafa vaxtilə ermənilərə qarşı mübarizə aparıb, onun məqbərəsinə partlayıcı qoyub dağıdıblar.

“Ermənilərin hücumunu gözləyirdik, Subatana rus tankları gəldi”

1988-ci ildə də kəndimizdə özünümüdafiə dəstələri yaradılmışdı. Kəndimiz 3 tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu. Yalnız bir tərəfdə Azərbaycan kəndləri var idi. Hər gecə növbəlilik əsasında 3 yerdə keşik çəkilirdi ki, ermənilər qəfil kəndə hücum edə bilər. Çünki o zaman ermənilər əməlli-başlı silahlanmışdı, hər an hücum gözlənilirdi. Kənd cavanlarının ayıq-sayıqlığı nəticəsində ermənilərin hücum planı alınmadı. 1988-ci ilin dekabrında isə sovet ordusunun əsgərlərini kəndimizə göndərmişdilər. Əvvəl elə bildik ki, bizi ermənilərdən qorumağa gəliblər. Sonra bildik ki, onları bizdən qorumaq üçün kəndə göndəriblər. Ermənilər hücum edəndə onlara qarşı mübarizə aparanları aradan götürsünlər”.

Azərbaycan bayrağı altında el-obamıza qayıtmaq istəyirik

Qabil Zimistanoğlu 35 illik ayrılığa baxmayaraq, yenə də öz kəndləri, el-obalarına dönəcəkləri günlərin yetişəcəyinə ümidini itirmədiyini deyir:

“Yurd yerlərimizi həmişə anır, müxtəlif səpkili tədbirlər keçiririk. 2017-ci ildə isə Qərbi Azərbaycan İctimai Birliyi təşkil etmişik. Pandemiya dövründə belə boş dayanmadıq. Qərbi Azərbaycanda yaşayıb-yaradan şəxslərlə bağlı onlayn tədbirlərimizi davam etdirdik. Bizim keçirdiyimiz tədbirlər barədə süjetlər hazırlandı və bu haqda ölkənin müxtəlif mətbu orqanlarında məlumat verildi. Yurd yerlərimizə qayıtmaq istəyirik.

BASAR YENİ.png (363 KB)

Sevinirik ki, Qərbi Azərbaycan məsələsi artıq dövlət səviyyəsində diqqət mərkəzinə çevrilən prioritet məsələlər sırasındadır. Müxtəlif fikirlər səsləndirilir. Müxtəlif dövrlərdə hazırlanmış xəritələrin ortaya çıxarılması nəzərdə tutulur. Bir ictimai birlik kimi bizim təklifimiz 1920-ci ilin xəritəsi əsasında sülh müqaviləsinin bağlanmasıdır. Əgər elə olarsa, mənim dünyaya gəldiyim kənd avtomatik şəkildə Azərbaycanın ərazisi hesab olunacaq, üçrəngli bayrağımız altında geri qayıdacağıq. Ötən əsrdə bir neçə dəfə soyqırıma məruz qalmışıq və heç kim zəmanət verə bilməz ki, bizdən sonrakı nəsillərin başına bu faciələr ermənilər tərəfindən gətirilməyəcək. Ermənilər bizimlə Çaxırlı kənd məktəbində dava-dalaş etdikləri üçün məcbur olub 1988-ci ilin sentyabrında 10-cu sinfi Canəhməd kəndində oxudum. Qonşu Ağyoxuş kəndində qohumlarımgildə qalır, Canəhməd kəndinə oxumağa gedirdim. Bu minvalla dekabra qədər oxudum. Rayona gedən bir neçə Canəhməd, Ağyoxuş kənd sakinlərini ermənilər qanına qəltan etmişdilər. Yusif adlı bir şəxsi elə döymüşdülər ki, sakinlər arasında söhbət gəzirdi ki, o, ölə bilər. Çox böyük çətinliklə avtomobil karvanına qoşularaq Şişqaya kəndinə çatdıq. Bu kənddə azərbaycanlılar yaşayırdı. Avtomobil sürücüsünə siqaret lazım oldu. Mən hamıdan kiçik olduğum üçün mağazaya getməli oldum. Orada hər kəs erməni dilində danışırdı, ermənilər Şişqayanı artıq zəbt etmişdilər. Ani olaraq fikirləşdim ki, geri qayıtsam, ermənilər məndən şübhələnə bilər. Ona görə ermənicə danışdım, 2 “Salyut” siqareti alıb geri döndüm. Çəmbərək rayonunun Orcanikidze kəndindən keçəndə orada yaşayan ermənilər maşın karvanına benzin dolu butulkalar atırdılar. Bizdən arxada bir nəfərin köçünə yanğın düşmüşdü. O zaman telefon filan olmadı ki, şəklini və ya videosunu çəkək.

Azərbaycanlılar köçə düşən yanğını birtəhər söndürdülər. Həmin kənddə evlər hündürdə yerləşirdi. İkinci benzin dolu butulkanın haradan gəldiyini görmədik. Bizdən öndəki avtomobilin kapotunun üstünə düşərək təkərlərin arasına düşdü. Xoşbəxtlikdən yanğın olmadı. Yolların kənarında həmyerlilərimizin maşınlarına hücumların nişanələri də qalmışdı - köçlər yol kənarına dağılmışdı. İnsanların sifətlərində bir vahimə, təlaş vardı. 7 dekabr mənim üçün çox kədərli, ağır günlərin ən ağırıdır. Göyçəni sonuncu gördüyüm, vidalaşdığım və heç zaman unutmadığım bir gündür. Həm də ona görə unudulmazdır ki, yerlər, göylər də yurd yerlərini məcburi tərk etdiyimizə dözə bilmirdi. Həmin gün dəhşətli bir zəlzələ oldu. Erməni haqsızlığını Allah da götürmədi. Zəlzələ insanlarımızı erməni zülmündən azad etdi. Gözəldərədə borulara diri-diri doldurularaq ağzı qaynaqlanan uşaqlar da dəhşətli ölümdən xilas oldular. Bizi el-obamızdan belə didərgin saldılar. Ötən illər çox çətin oldu, amma şanlı qələbəmiz bizim də ümidlərimizi yenilədi, öz el-obamıza qayıdacağımıza inamımızı artırdı”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR