Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Tavuş vilayətində yeni hərbi aktivlik müşahidə olunur. Silahlı qüvvələrə yeni silahlar verilir, bölgədə bunkerlərin tikintisi aparılır və çox böyük, bahalı hərbi infrastruktur layihələri həyata keçirilir. Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İctimai Şurasının üzvü Sosi Tatikyan “Haykakan Jamanak” nəşrinə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanla birlikdə Tavuşun Kirants qəsəbəsinə səfər edən İctimai Şura üzvləri yeni silah nümunələri və müdafiə məqsədli tikililərlə tanış olublar: “Təkcə Kirantsda aparılan işlərlə deyil, həm də Ermənistan Silahlı Qüvvələri üçün alınmış və ölkə daxilində istehsal olunan bəzi silahların nümunələri ilə tanış olduq. Çox böyük, nəhəng və baha başa gələn iş aparılır”.
O, bu işlərin “sırf Ermənistan ərazisinin müdafiəsi üçün” aparıldığını iddia edib.
Xatırladaq ki, Paşinyan oktyabrın 25-də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants qəsəbəsinə səfər etmişdi. Maraqlıdır ki, baş nazir daha əvvəl dəfələrlə bəyan etmişdi ki, “müharibə olmayacaq” və sülh sazişinin mətni artıq paraflanıb. Amma reallıqda Ermənistan tərəfi həm silahlanmanı gücləndirir, həm də sərhəddə bunker tipli istehkamlar qurur. Bütün bunlara “müdafiə tədbirləri” adı verilməsi isə çoxsaylı suallar doğurur.
Azərbaycan Ordusunun heç bir hücum və hərbi eskalasiya planı yoxdur. Bakı açıq şəkildə sülh prosesinin sürətləndirilməsinin tərəfdarıdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü tam bərpa edib və bundan sonra Ermənistanın üzərinə düşən sonuncu öhdəliyi, sülh sazişini imzalamağı gözləyir.
Yəni Azərbaycanın öz suveren sərhədlərindən kənarda hərbi əməliyyat keçirmək niyyəti yoxdur. Hətta bir müddət öncə Ermənistan mətbuatında yayılan “Zəngəzur güc yolu ilə açılacaq” kimi təbliğat nağılları da blef çıxdı. 8 avqustda əldə edilən razılaşmaya əsasən, kommunikasiya xəttinin “Tramp yolu” adlanan alternativ marşrutla açılması planlaşdırılır.
Bu şəraitdə Ermənistanın sərhəddə bunkerlər tikməsi haqlı olaraq suallar doğurur: Münaqişənin yenidən alovlanması riski varmı? Ermənistan rəhbərliyi kimdən qorxur və nəyə hazırlaşır? Bunkerlər hansı məqsədlə və hansı vəsait hesabına inşa olunur?
Erməni mətbuatında bu barədə müxtəlif iddialar səslənir. Bəzi nəşrlər bunu “daxili təhlükəsizlik tədbirləri” kimi təqdim edir, digərləri isə Tavuş bölgəsindəki istehkamların psixoloji və siyasi mesaj daşıdığını yazır. Yəni Paşinyan hakimiyyəti bu yolla həm orduya, həm də cəmiyyətə “təhlükəsizik görüntüsü” yaratmaq istəyir.
Amma əslində bu addımlar sülh prosesinə zidd və regionda etimad mühitini zədələyən davranışlardır. Ermənistan hakimiyyəti “bunker siyasəti” ilə öz qorxularını gizlətməyə çalışsa da, fakt budur ki, bu cür hərbi ritorika və istehkamlaşma siyasəti Cənubi Qafqazda gərginliyin azaldılmasına deyil, əksinə, onun dərinləşməsinə xidmət edir.

Elxan Şahinoğlu
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a danışıb: “Münaqişənin alovlanma riskinin böyük olduğunu hesab etmirəm. Yəni ermənilər və Ermənistan böyük dərs aldı. Biz işğala son qoyduq, Ermənistan böyük zərbə aldı, həm canlı itki verdi, həm də hərbi texnikasının bir qismini ələ keçirdik, bir qismini məhv etdik. Bu, qısamüddətli dərs oldu. Uzunmüddətli təsirini demək çətindir, amma ən azı 20-30 illik dərs oldu: əhali azalıb, hərbi büdcələri də gələn il üçün azaldılacaq.
Amma bu bunkerlərin tikilməsi həqiqətən də suallar doğura bilər. Bu suallara ikitərəfli müzakirələrdə cavab verilməlidir: məqsədləri nədir, nədən ehtiyat edirlər, nədən qorxurlar? Azərbaycana hücum planı varmı? Sərhədi möhkəmləndirmək düşüncəsindədirmi? Bunları tikməklə sərhəd möhkəmlənə bilərmi? Belə söhbətlərə Ermənistan rəsmlərinin cavab verməsi yerində olardı. Əminəm ki, Azərbaycan rəsmiləri ilə dialoq davam edir, xarici işlər nazirlikləri arasında e-mail yazışmaları da var. Bu suallar əlbəttə ki, onlara yönəldilə bilər. Ermənistan deyə bilər ki, bu, onların daxili məsələsidir, amma bunkerlərin sərhəddə tikilməsi artıq yalnız daxili məsələ deyil. Əgər hərbi büdcələri azaldılıbsa, bunkerlərin tikilməsinin maliyyələşdirilməsi necə izah ediləcək? Hansı büdcədən vəsait ayrılıb? Yəni İrəvanın rəsmi açıqlamasına ehtiyac var.
Başqa tərəfdən, ola bilər ki, bu, dezinformasiya xarakteri daşıyır. Belədirsə, məlumatın təsdiqi və izahı Ermənistandan tələb olunur".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ