Onlayn ictimai-siyasi qəzet
Vaaqn Xaçaturyan iddia edib ki, Bakıda həbsdə olan separatçıların azad edilməsi üçün davamlı iş aparılır; Qarabağa qayıtmaq isə o halda mümkün olacaq ki...
Ermənistan rəhbərliyi Qarabağdan könüllü köçüb gedən ermənilərin yenidən Qarabağa qaytarılması xülyasından əl çəkmək istəmir. Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Armenpress” və “Şant” telekanalına müsahibəsində deyib ki, ermənilərin “Dağlıq Qarabağa” qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunandan sonra danışmaq mümkün olacaq. Ermənistan prezidenti qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır, qayıdışdan danışmazdan əvvəl ilk növbədə “təhlükəsizlik məsələləri həll edilməlidir”.
Ermənistan prezidenti deyib ki, müəyyən amillər var və Qarabağdan getmiş ermənilərlə bağlı hansısa “şərtlərdən” də danışıb. Xaçaturyan əmindir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla danışıqlar yolu ilə həllə nail olmaq olar. O qeyd edib ki, bu çətinliklər “irəliləməyə” mane olmamalıdır.
Vaaqn Xaçaturyan iddia edib ki, Bakıda həbsdə olan erməni məhbusların azad edilməsi məsələsi ilə bağlı gündəlik və davamlı iş aparılır: “Bu, necə nəticələnəcək, harada nəticələnəcək, hansı razılaşma əldə olunacaq, mən indi bu barədə danışa bilmərəm, çünki bu söhbətlər nəticəsində biz müəyyən nəticəyə gəlməli və başa düşməliyik ki, nəyin əsas və ya nə olması lazımdır. Bu gün heç kimə təminat verə bilmərik ki, məsələn, sabah və ya gün sabahdan sonra bu insanlar azad olunacaq, lakin mən deyə bilərəm və ya zəmanət verə bilərəm ki, bu iş həqiqətən gedir və nə vaxtsa biz mütləq uğur qazanacağıq”, - deyə Xaçaturyan vurğulayıb.
Yada salaq ki, rəsmi Bakı açıq şəkildə bəyan edib ki, ermənilərin Qarabağa qayıdışı qərbi azərbaycanlıların geri qayıdışı ilə paralel həyata keçirilməlidir, əks halda, o qayıdış mümkün deyil. Eyni zamanda Azərbaycan hökuməti bildirib ki, ermənilərlə bağlı heç bir şərt irəli sürülə bilməz, onlar bizim ərazilərdə yalnız Azərbaycan vətəndaşları olaraq, bizim qanunlarımız çərçivəsində yaşaya bilərlər.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilərin Qarabağdan getməsindən sonrakı müəmmalı proses davam edir: “Azərbaycan erməni əhalini Qarabağdan çıxarmırdı, heç bir mülki erməniyə təzyiq edilməmişdi, onların həyatın təhlükə yox idi. Azərbaycan dövləti onların qalıb Azərbaycan vətəndaşı kimi yaşaması üçün hər cür şəraiti təmin etmişdi və bunu bəyan eləmişdi. Beynəlxalq təşkilatlar və dövlətlər də bunu aydın şəkildə görürdülər. Amma qəfildən haradansa ermənilərə tapşırıq gəldi və bir həftə ərzində Azərbaycanın Qarabağ bölgəsindən köçdülər. Onlar köçən zaman açıq bəyan edirdilər ki, könüllü köçürlər və onlara xunta rejimindən köçmək təlimatı gəldiyini də deyirdilər. Yəni erməniləri Azərbaycan dövləti çıxarmayıb. Ermənilər açıq bəyan edirdilər ki, Azərbaycan hərbçiləri və polisi tərəfindən onlara heç bir təzyiq olmayıb. Dəfələrlə ən yüksək səviyyədə çağırış edildi ki, erməni əhali Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyirsə, onlara vətəndaşlarımıza verilən bütün təminatlar veriləcək. Lakin ermənilər özlərinə xüsusi əlahiddə təminatlar istəyirdilər. Azərbaycan qanunlarında isə ölkə vətəndaşlarının hər birinə eyni hüquqlar tanınır. Ermənilərə nə üçün xüsusi fərqli hüquqlar verilməli idi?! Onların heç bir nə hüquqi, nə də mənəvi haqqı yoxdur buna. İndi də erməni prezidentin sözlərindən belə çıxır ki, yenə də şərtlərlə çıxış edirlər. Ermənilər Azərbaycan qarşısında hansı xidmətlərinə görə xüsusi təminatlar istəyirlər?! Azərbaycana qarşı cinayətlərinə görə onlara xüsusi imtiyazlar verilməlidir?! Bunu heç vaxt görməyəcəklər. Azərbaycan şərt qəbul etmir və əvvəldən də bir şərti var. Həmin şərti qəbul edən və Azərbaycana qarşı cinayətlərdə iştirak etməyən ermənilər qayıda bilər. Azərbaycanın mövqeyi budur. Bu məsələnin Ermənistanla sülh müqaviləsi ilə əlaqələndirilməsi isə mənasızdır. Ermənilərin tez-tez dilə gətirdiyi "beynəlxalq təhlükəsizlik təminatı" məsələsi qətiyyən qəbulolunan deyil. Azərbaycandan könüllü gedən ermənilər başa düşürlər ki, onların artıq geriyə yolu yoxdur. Onlar Azərbaycana qarşı cinayətlərdə müxtəlif formalarda iştirak ediblər və özləri də bunun fərqindədirlər. Geriyə qayıtmaq yollarını özləri öz əməlləri ilə bağlayıblar. Onlar Azərbaycana qayıtmaq üçün mənəvi hüquqlarını itiriblər. Bunu özləri də bilirlər. Ermənistan isə indi də həmin ermənilərdən manipulyasiya kimi istifadə edir".
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə bildirdi ki, Ermənistan tərəfi münaqişənin mövcud olduğu dönəmdə də, müharibədən sonrakı dövrdə də bütün məsələlərdə reallıqdan kənar, özlərinin düşündükləri kimi şərhlər verməyə çalışıb. Bu gün də eyni davranışlarını davam etdirirlər: “10 noyabr üçtərəfli bəyanatını təhrif edib özlərinə uyğun formada təqdim edirdilər. İndi də Ermənistanın prezidenti Azərbaycana qarşı ağır cinayətləri törədən və hərbi əsir anlayışı ilə zərrə qədər uyğun gəlməyən məlum cinayətkarlarla bağlı reallıqdan kənar mövqe bildirib. Bir ölkənin prezidentinin bu cür fikirlər bildirməsi ictimaiyyəti çaşdırmağa xidmət edir. Əslində o açıqlama daha çox erməni cəmiyyətinə hesablanmış əsası olmayan fikirlərdir. Məsələnin başqa tərəfi budur ki, ermənilər COP29 öncəsi həm Bakıda saxlanan erməni cinayətkarlarla bağlı, həm də Qarabağdan könüllü köçmüş ermənilərlə əlaqədar bəyanatlar verirlər. Azərbaycan sülh və insanlıq əleyhinə cinayətlər törətmiş həmin terrorçuları tamamilə beynəlxalq hüquqa və ölkə qanunvericiliyinə əsaslanaraq həbs edib. Həmin adamlar hərbi əsir deyillər ki, onların azad edilməsi istiqamətində Ermənistanla hansısa danışıqlar olsun. Həmin cinayətkarların məhkəmə istintaqı keçiriləcək və tamamilə ədalətli, qanunlar çərçivəsində mühakimə olunacaqlar. Azərbaycan Ordusunun əlində kifayət qədər imkanlar var idi ki, keçmiş xunta rejiminin rəhbərliyində olmuş o cinayətkarları əməliyyat zamanı zərərsizləşdirsin. Lakin Azərbaycan yenə də sivil qaydada davrandı və onları həbs etdi. Və onların heç bir hüququ bu günə qədər pozulmayıb. Onlara qarşı beynəlxalq hüququn heç bir bəndi, maddəsi pozulmayıb. Onların məhkəməsi həyata keçiriləcək, ədalət məhkəməsi onların əməllərinə qiymət verəcək. Azərbaycanla Ermənistan arasında müzakirə mövzusu sülh müqaviləsidir, cinayətkar terrorçuların məsələsi yox”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ