Onlayn ictimai-siyasi qəzet
Gələn il Azərbaycanda (fevral), qonşu Rusiya (mart) və ABŞ-da (noyabr) prezident seçkiləri keçiriləcək. İyun ayında isə Avropa İttifaqına üzv ölkələrdə Avropa Parlamentinə (AP) seçkilər olmalıdır. Məlumdur ki, bu qurum ölkəmizə münasibətdə Ermənistan Parlamentindən də aqressiv bir mövqe tutur.
44 günlük Vətən müharibəsindən sonra AP-nin qəbul etdiyi son dərəcə qərəzli, riyakar, bölgədəki reallıqdan tam uzaq, erməni revanşistləri qızışdıran təxribatçı qərarlarını yada salmaq kifayətdir. Həmin sənədlərdə Azərbaycana qarşı sanksiya tələbləri də yer alıb. Həmçinin beynəlxalq hüquqa məhəl qoyulmadan ölkəmiz “artsax”a qarşı təcavüzdə suçlanıb. Belə çıxır ki, Azərbaycan özü-özünə təcavüz edibmiş! Bu azmış kimi, kriminal xunta rejiminin həbs edilən rəhbərlərini faktiki siyasi məhbus elan edərək həyasızcasına rəsmi Bakıdan onların qeyd-şərtsiz azad olunması tələb edilib. Bu dərəcədə avropalı parlamentarilər simasızlıq nümayiş etdirib. Bəs AP-yə yeni seçkilər Azərbaycana nə vəd edir? Təzə tərkib də erməni lobbisinin oyuncağı olacaq, yoxsa? İşğalçı ölkənin baş naziri Paşinyanı ayaqüstə alqışlayan AP üzvləri bununla hansı dəyərlərə xidmət etdiklərini də nümayiş etdirmişdilər.
O baxımdan gözləntilər var ki, bəlkə seçkidən sonra yeni tərkib daha vicdanlı, obyektiv ola. Hərçənd, avropalı deputatların çoxu erməni lobbisinin təsiri altındadır. Bu gün Avropa İttifaqının yaydığı bütün bəyanatlarda Azərbaycanın köhnə qitə üçün ümid yeri, respublikamızın Avropa ölkələrinin enerji təchizatında ən vacib ölkə olduğunun vurğulandığı halda bu təşkilat riyakarlığını davam etdirməkdədir. Yeri gəlmişkən, vaxtilə Avropa Parlamenti qitənin özünün enerji təhlükəsizliyi üçün əhəmiyyəti zaman keçdikcə bilinən “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə qarşı da çıxmışdı. Bəs, seçkidən sonra nələr dəyişə bilər?
Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrell naməlum və hərbi münaqişələrdən qorxaraq seçicilərin qarşıdan gələn Avropa Parlamenti seçkilərində sağçı populist partiyaları dəstəkləyə biləcəyindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, Avropa Parlamentinə iyunda keçiriləcək seçkilər ABŞ-da keçiriləcək prezident seçkiləri qədər taleyüklü ola bilər. “Mən qorxuram ki, avropalılar qorxduqları üçün səs verəcəklər. Naməlum və qeyri-müəyyənlik qarşısında qorxunun təhlükəsizlik reaksiyası tələb edən bir hormon istehsal etdiyi elmi şəkildə sübut edilib. Bu bir faktdır”, - deyə Borrell bildirib. Əvvəllər Borrell Avropa İttifaqını dövlətlərin və xalqların cəlb olunduğu maqnitlə müqayisə edirdi: “Avropa İttifaqının genişlənməsi bizim gündəmimizdədir, çünki Aİ dövlətləri və xalqları özünə cəlb edən bir növ maqnitdir. Bunun avropalılar üçün yaxşı olub-olmadığını mübahisə edə bilərik, amma bu, faktdır: hamı Avropa İttifaqına üzv olmaq istəyir...”
Asim Mollazadə: “Seçkidən sonra Azərbaycana münasibətdə dəyişiklik gözləmirəm”
Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, seçkidən sonra Avropa Parlamentinin Azərbaycana münasibətində dəyişiklik gözləmir: “Avropada fəaliyyət göstərən əsas siyasi qüvvələr Avropa Parlamentində təmsilçiliyini saxlayacaq və bizə qarşı mövqeyi davam etdirməyə çalışacaqlar. Yəni həmin siyasi qüvvələr parlamentdə təmsil olunacaqlar. Bu prosesin arxasında Fransa rəhbərliyi dayanır. Fransanın mövqeyi erməni lobbisi ilə eyni mövqedir. Azərbaycanın isə bir sıra Avropa ölkələri ilə yaxşı münasibəti var. Ona görə də erməni lobbisi ilə əməkdaşlıq edən avropalı deputatların Azərbaycan əleyhinə fəaliyyətinin heç bir əhəmiyyəti, təsiri yoxdur”.
Fuad Əliyev: “Avropa Parlamenti özünü Ermənistan parlamenti kimi aparır, heç bir təsirləri də yoxdur”
Prezidentliyə namizəd Fuad Əliyevin sözlərinə görə, Avropa Parlamenti özünü Ermənistan parlamenti kimi aparır. Onun fikrincə, Qərbin qərəzli münasibətində böyük ölçüdə dəyişiklik olmayacaq: “Avropalı deputatlar ilə Daşnaksütyun partiyasının deputatları arasında elə ciddi fərq yoxdur. Onlar az qalır ki, bizi işğalçı adlandırsınlar. Həmin avropalı deputatların ölkələrində separatizm problemi ola-ola bizə qarşı ədalətsiz mövqe tuturlar. Ancaq Azərbaycan dövləti bu məsələdə hansısa əski parçası olan, hüquqi yükü olmayan qətnamələrin qarşısından geri çəkilən deyil. Seçkidən sonra da bizə qarşı ittihamlar davam edəcəksə, itirən tərəf Avropa Parlamenti olacaq. Bizim Avropa İttifaqı, Avropa Komissiyası ilə çox yaxşı əlaqələrimiz var”.
F.Əliyev hesab edir ki, Makronun Avropa Birliyində, eləcə də Avropa Parlamentində təsirləri mövcuddur: “Onlar Dağlıq Qarabağı ayırırlar. Bu, separatçı baxış və bəyanatlarda da göstərilir. Avropalı deputatları yemləyən erməni lobbisi və diasporu onları tribunada belə haqsız danışmağa vadar edir. Onlar satılmış, pula işləyən, dəyərləri ayaqlar altına ataraq erməni lobbisinin əlinə baxan deputatlardır. Azərbaycan Avropa Parlamentinin qətnamələrini rədd edir, onsuz da tövsiyə xarakterli olur və heç bir hüquqi təsir imkanı yoxdur. Mənə belə gəlir ki, bu məsələdə bizim də üzərimizə iş düşür. Azərbaycan diasporu çox işləməlidir, təbliğat güclənməlidir, informasiya və diplomatiya savaşında hücum strategiyası seçməliyik. Təəssüf ki, potensialımızdan az istifadə edirik. Artıq hərb meydanında döyüş bitib, amma hibrid savaş qurtarmayıb. O səbəbdən də xarici təzyiqlərə, qərəzli bəyanatlara qarşı adekvat addımlarımız olmalıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ