İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni icması ilə dialoq dayandı? - rəylər

“Suriyadan, Livandan köçən erməni niyə Qarabağa qayıtmalıdır ki...”

Azərbaycan dövləti Qarabağdakı erməni azlığın konstitusiyamız çərçivəsində cəmiyyətimizə reinteqrasiya məsələsində qətidir. Ermənilərin böyük hissəsi çıxıb getsə də əlbəttə ki, Bakının prinsipial mövqeyi dəyişməyəcək. Çünki bu bizim suverenlik və ərazi bütövlüyümüz məsələsi, “qırmızı xətt”imizdir.  

Məlumdur ki, reinteqrasiya istiqamətində davamlı addımlar atılır. Artıq antiterror tədbirlərindən sonra icma nümayəndələri ilə üç görüş reallaşıb - Yevlaxda və Xocalıda. Həmçinin Azərbaycan prosesi sürətləndirmək üçün dövlət səviyyəsində İşçi Qrupu yaradıb.

Bəs yaxın perspektivdə nə gözlənilir? Yolun harasındayıq? Bakının reineqrasiya taktikasına düzəliş etməsi mümkünmü? Erməni icmasını təmsil edən nümayəndələr həmənkidirmi, yoxsa artıq onlar da Qarabağı tərk ediblər? Dialoq hansısa şəkildə davam edəcəkmi?

Yeri gəlmişkən, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalı istifadəyə verilib. Portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinlərinləri ilə yanaşı Ermənistan ərazisinə gedən erməni sakinlərinin də istifadəsinə şərait yaradılıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən mediaya bildirilib ki, Ermənistanın bir sıra provayderləri Azərbaycanın dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan müşahidələr nəticəsində bəlli olub ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına mane olmaq üçün Ermənistanın provayderləri tərəfindən bağlanıb. Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub. Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur.

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir.

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı: “Siyasi oyunlara baxmayaraq, Azərbaycan dövlətinin əsas istəyi vətəndaşlarının problemlərinin həlli yönündədir”

Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, rəsmi Bakının yol xəritəsi var və Xankəndidə sosialyönümlü işlərin həyata keçirilməsi ilə bağlı dövlət qurumlarının fəaliyyəti bərpa olunub: “Erməni əhalisi tərəfindən Azərbaycan dövlət qurumlarına müraciətlər var, ümumi müraciət sayı 100-ə çatıb. Onlar arasında sosial problemini həll etmək istəyən də var. Bu müraciətlərin çoxalacağını düşünürəm. Orada erməni əhalisi müəyyən qədər az qisimdə qalıb. Onlar da anlayırlar ki, indiyə qədər bel bağladıqları iki qapı - separatçı rejim tamamilə ləğv edildi, ikinci isə Rusiya sülhməramlıları idi ki, artıq onlar da Azərbaycanla birlikdə fəaliyyət göstərirlər. Ermənilər də anlayırlar ki, bu bölgədə yaşamaq istəyirlərsə, Azərbaycana müraciət etməlidirlər. Ola bilsin, ilk dövrlərdə çəkinəcəklər, bəzi problemlər ola bilər olsun. Təsəvvür edin ki, 30 il erməni separatçılarının girovluğunda yaşayıblar. Yəni prosesin sürətli getməməsi bu baxımdan normaldır. Fikrimcə, qarşıdakı dövrdə müraciətlər daha da çoxalacaq. Hələlik 5-6 erməni az olacaq, amma müraciət edən ermənilərin problemi həll edildikcə, bu, digərləri üçün nümunəyə çevriləcək. Fikrimcə, qarşıdakı dövrdə vətəndaşlıq üçün müraciət edənlər də çoxalacaq. Ümumi olaraq bölgədə Azərbaycan vətəndaşı olaraq, Azərbaycan bayrağı altında normal yaşamaq istəyənlərin sayının çoxalması məsələsi önəmlidir. Burada əsas məsələlərdən biri qayıtmaq istəyənlərin taleyinin necə olacağı ilə bağlıdır. Azərbaycan tərəfi bunu rəsmi şəkildə elan edib ki, heç bir problem yoxdur. Ermənistandan çıxıb gedənlərin arasında kim qayıtmaq istəyərsə, onlara şərait yaradılacaq. Amma fikrimcə, qayıtmaq istəyənlərin sayı az olacaq. Çünki 44 günlük müharibədən sonra Rusiya sülhməramlıları onları müxtəlif vədlərlə bölgəyə qaytarırdılar. Həm də onların o vaxtı qondarma rejimi var idi və Rusiyaya güvənirdilər. Gedənlərin əksəriyyəti qayıtmayacaqlar, onların çoxu heç Ermənistanda da yaşamaq istəmirlər. Onlar üçüncü ölkəyə getmək istəyirlər. Az bir qismi də var ki, Ermənistanda da sosial problemlə üzləşiblər. Artıq mediada yayılan məlumatlar göstərir ki, gedən ermənilərin problemləri heç də həll edilmir. Xüsusilə ev və digər məsələlərlə bağlı. Onların qayıtması mümkün ola bilər. Təbii ki, onlar Azərbaycan vətəndaşlığı adı altında yaşamalıdırlar, Laçın postunu keçərlərsə, orada vətəndaşlığı təsdiq edən sənəd verməlidirlər”.

Ekspert daha mühüm bir məsələyə toxunub, o, “istənilən erməni Qarabağda yaşaya bilərmi” sualına toxunub: “Bu məsələyə xüsusi olaraq diqqət edilməlidir. Kim istəsə gələ bilərmi? Bu bir qədər açıq qalan sualdır. Çünki vaxtilə Ermənistanın müxtəlif yerlərindən Qarabağa köçən ermənilər var. O cümlədən, dünyanın istənilən yerindən Amerikadan, Yaxın Şərqdən, Livandan, Suriyadan Qarabağa köçən ermənilər də var idi. Onlar da gedənlər arasındadır. Onların yenidən Qarabağda yaşamağa haqları varmı?! Hər istəyən yaşaya bilməz axı. Söhbət vaxtilə Azərbaycan vətəndaşı olmuş şəxslərdən gedir, Azərbaycan SSRİ dövründə bu bölgədə yaşayanlara daha çox üstünlük veriləcək. Haqqı olan da budur. Güman ki, müraciət edənlər arasında o şəxslər də var. Yaxud o şəxslər vəfat edibsə, onların  varisləri var, burada onların mülkləri var, Azərbaycanın bu məsələyə xüsusi diqqət edəcəyini düşünürəm.  Bu, yolun hələ başlanğıcıdır. Azərbaycanlılara qarşı çox axmaq, absurd bir iddiaları var. Ermənistanın qayıdışla bağlı planları var. Rəsmi Bakı məsələyə daha diqqətlə yanaşır. Hazırda əsas məsələ erməni əhalisinin sosial probleminin həllidir. Reinteqrasiya məsələsində də əsas bunun üzərində dayanacaqlar. Üçüncü tərəflərin siyasi oyunlarına baxmayaraq, Azərbaycan dövlətinin əsas istəyi vətəndaşlarının problemlərinin həlli yönündədir”.   

Aqşin Kərimov: Akarın Azərbaycanla bağlı BƏYANATI: Müdafiə naziri nə demək  istəyir?– - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov isə bildirib ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı başlanılan əməli fəaliyyətin konturlarını açıqlayıb: “Reinteqrasiya prosesində erməni sakinlərə: Hüquqi və idarəetmə sahəsində, iqtisadi sahədə, sosial sahədə, mədəniyyət və din sahəsində Azərbaycan Konstitusiyası ilə müəyyən edilən bütün hüquqlar tanınır. Bunlar regionda erməni kartı ilə oynanılan oyunların sonunu gətirir, artıq o dövr də deyil ki, Qarabağda ermənilər hansısa formada silahlı təşkilatlanma yarada bilsinlər. Birincisi, ona görə ki, Azərbaycan təhlükəsizlik sferasında ciddi addımlar atır, məsələn, Prezident Administrasiyasının məlumatındakı bu iki tezis diqqət çəkir: tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır;  Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edirlər.

İkincisi, elə bir zaman deyil ki, Qarabağa qeyri-qanuni daşımalar baş versin və ya Azərbaycanın hava məkanını pozmağa cürət edilsin. Qarabağdakı ermənilərin taleyi Azərbaycanın konstitusion quruluşunun zəmanətindədir. Baş verə biləcək istənilən xoşagəlməz hadisəyə görə məsuliyyət Azərbaycan qanunvericiliyi əsasında təyin ediləcək. Yəqin ki, sırada Qarabağda məhkəmə hakimiyyətinin qurulması prosesi durur. Hər hansı hüquq pozuntularına görə cəzakəsmə aparatında ermənilərə müstəsna imtiyaz tanınmayacaq - qanun nəyi tələb edirsə, ona uyğun cəzalandırma şəkli olacaq. Diqqətəlayiq əhəmiyyətli hadisələrdir, çünki Azərbaycan vətəndaşlığı alacaq ermənilərə kənar güclər müstəsna hüquqlu predmet kimi baxmaq vərdişlərindən əl çəkməli olacaqlar.

Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsinin təmin edilməsi regionda maliyyə-kəşfiyyat dayanıqlılığına qarantiya verir. Yəni region nə çirkli pulların yuyulması, nə də digər maliyyə cinayətlərinin məkanı ola bilər - bunun özü ümumi təhlükəsizlik sistemində lazımlı komponentdir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR