İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni diplomatlar Heydər Əliyevin nəhəng siyasi xadim olduğunu etiraf edirdilər”

XİN xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov vaxtilə ABŞ-da aparılan Azərbaycan-Ermənistan danışıqları ilə bağlı maraqlı açıqlama verib.

“Təsəvvür etmək çətindir ki, Heydər Əliyev “siyasi cırtdanlarla” görüşdüyü zaman danışıqlarda hansı mənəvi yükü yaşayıb. Ona görə də Vətən Müharibəsindəki qələbə həm də xalqın Ümummilli Liderin xatirəsi qarşısında mənəvi borcunun yerinə yetirilməsidir”.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Beynəlxalq Təhlil Mərkəzində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Heydər Əliyevin Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanla təkbətək danışıqlardan sonra mən BMT-nin daimi nümayəndəliyində işlədiyim müddətdə tanıdığım ABŞ-dan olan erməni ekspertdən təəssüratını soruşdum. Erməni ekspert Levon Ter-Petrosyanın sülhün zəruriliyi barədə tezisinin fəal dəstəkçilərindən olan kifayət qədər mötədil erməni nümayəndəsi idi. Amma bununla belə ondan bu cür açıqlama gözləmirdim.

Erməni ekspert, “mən yalnız onu deyə bilərəm ki, bizdən olan cırtdan sizdən olan nəhənglə görüşdü”.

Doğrudan da, keçmişdə SSRİ kimi fövqəldövlətin rəhbərlərindən biri olan şəxsiyyətin, Qarabağ kəndlərinin talançıları, təsadüfən özlərini hakimiyyət sükanı arxasında tapmış bu siyasi cırtdanlarla danışıqlar zamanı yaşadığı o daxili hissləri, ziddiyyətli hissləri təsəvvür etmək çox çətindir. Lakin millətin ali mənafeyi və sülh naminə Ümummilli Lider şəxsi hisslərinə qalib gəldi. Onun fədakar xidmətinin nəticəsi bu oldu ki, Ermənistan Azərbaycan torpaqlarının işğalının nəticələrini qanuniləşdirə bilmədi.

“Ona görə də Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə həm də Heydər Əliyevin fədakar xidməti qarşısında xalqın mənəvi borcunun yerinə yetirilməsidir”, - deyə diplomat qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR