İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni canilərini cəzalandırmaq üçün bundan başlamalı - “Ağ kitab” təklifi

 

Azərbaycan yolun harasındadır? Günel Səfərova: “Amma Qərbdən ədalətli yanaşma gözləmirik...”

“Rusiyanın ekspert icması erməni lobbiçilərinin dezinformasiyalarına uymur və Azərbaycanın erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı ədalətli tələbini dəstəkləyir”.

“Yeni Müsavat” bildirir ki, bunu rusiyalı hərbi ekspert, ölkəmizə münasibətdə həmişə ədalətli mövqeyi ilə tanınan “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Rusiyalı analitik Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə qarşı mübarizə üsulları təklif edib: “Son 30 ildə Azərbaycana qarşı cinayət törədənlər cəzalandırılmalıdır. Hesab edirəm ki, BMT-nin 4 dilində ”ağ kitab" nəşr olunmalıdır. Hərbi cinayətkarların və əmr verənlərin hamısının siyahısı tərtib edilməli, tribunalın yaradılması üçün müvafiq hüquqi strukturlara müraciətlər edilməlidir. Erməni hərbi cinayətkarların sonradan İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi məqsədilə müvafiq hökmlərin çıxarılması və müvafiq sübut bazasının təqdim edilməsi ilə istintaq tədbirlərinə başlamaq lazımdır".

Bəs bu yöndə iş gedirmi? Azərbaycan yolun harasındadır? BMT-nin “ağ kitabı” nədir?

Azərbaycan “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə  Protokolu təsdiqləyəcək

Onu da deyək ki, Milli Məclis “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu təsdiq edib. Milli Məclis bu protokolu ratifikasiya etdikdən sonra onun müddəalarından və bütövlükdə, konvensiyanın verdiyi imkanlardan maksimum istifadə edərək ölkəmizə və vətəndaşlarımıza qarşı ən müxtəlif cinayətlər, xüsusilə hərbi, soyqırım və insanlıq əleyhinə cinayət törətmiş ermənilərin ədalət mühakiməsinə cəlb olunmasına və layiqli şəkildə cəzalandırılmasına nail olmağa çalışmalıyıq.

Dördüncü Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarını, xüsusilə müddətin keçməsinə dair 10-cu maddənin, sorğu və əlavə sənədlərə dair 12-ci maddənin, üçüncü dövlətə verilməyə dair 15-ci maddənin yeni redaksiyada verilməsi və təkmilləşdirilməsi bizə imkan verəcək ki, cinayət törətmiş həmin şəxsləri tələb edə bilək.

Təkcə 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələri və digər vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasına, mülki vətəndaşlarına qarşı müxtəlif beynəlxalq cinayətlərin törədilməsi faktları aşkar edilməklə başlanılmış ümumilikdə 87 cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. 87 cinayət işindən 9 cinayət işi üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya Federasiyasının, 17-si Ermənistan Respublikasının, 5-i Fransa Respublikasının, 1-i isə Gürcüstanın vətəndaşlarıdır. Ermənistanın cinayət törətmiş bu şəxsləri hələlik bizə verməyəcəyi bəllidir, lakin biz konvensiyanın müddəalarından istifadə edərək Rusiya, Fransa və Gürcüstandan olan təqsirləndirilən şəxslərin Azərbaycana gətirilərək cəzalandırılmasına nail olmalıyıq.

Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam” – Günel Səfərova -  AzToday

Günel Səfərova 

“Vətəndaş” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, Haaqa Tribunalında uduzduğumuz tərəf var: “Bu da ondan ibarətdir ki, biz Təhlükəsizlik Şurasının üzvü deyilik, Ermənistan da qoşulmayıb. Ona görə hərbi cinayətlərlə bağlı müraciət edə bilmirik. Bir halda mümkündür - bizi təmsil edən dövlət məsələ qaldırsın. Açığı, bu da inandırıcı görünmür. Ona görə ya gərək həmin dövlətlərlə əlaqələri yaxılaşdırıb Haaqada iş qaldırılmasına nail olaq, ya da ayrıca dünya birliyinə səslənə bilərik. Misal üçün, Baş Prokurorluq cinayət işi açır, həmin sübutlar əsasında dünyaya səslənə bilərik. Sadəcə, hüquqi nəticə tezliklə olmayacaq. Bununla belə alt sənədləri hazırlamalıyıq”.

Hüquqşünas qeyd etdi ki, Baş Prokurorluq qeyri-qanuni hərəkətlər varsa, cinayət işi açır və təhqiqat aparır: “Amma Ermənistanda azərbaycanlılara qarşı belə bir iş açılmayıb. Bu da əlimizi gücləndirir. Sadəcə, beynəlxalq hüquq normasını Avropa ölkələri özləri üçün alət kimi istifadə edir, bizə gələndə riayət etməyə çağırırlar. Məsələn, deyirlər ki, Ukraynada ərazi bütövlüyü var, Azərbaycanda isə xalqların özü müqəddəratını təyinetmə hüququ var. Yəni iki konfliktə fərqli yanaşma var. Hər bir halda əlimizdəki sübutları Avropa Məhkəməsinə və Haaqa Tribunalına təqdim etməliyik. Amma Qərbin ədalətli yanaşacağını gözləmirik. Bir müsəlman ölkəsi üçün bunu etməyəcəklər. Fikrimiz Kosovoya getməsin, Serbiyaya münasibətlə Ermənistana baxış fərqlənir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR