İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Putinin “kontrollu qiyam”ı

2016-cı ilin yayında Türkiyədə 300-dək adamın ölümü ilə nəticələnmiş çevriliş cəhdinə “kontrollu darbe” deyirdilər, indi Rusiyada baş verənləri də “qurulmuş oyun” hesab edənlər var

“Priqojinin hərbi qiyamı oyun idi, Putin özü təşkil etmişdi” iddialarına indi tez-tez rast gəlirik. Belə miqyaslı hadisənin ən müxtəlif reaksiyalar, iddialar doğurması təəccüblü deyil. Yadınızdadırsa, eyni iddia 2016-cı ilin yayında-Ərdoğan iqtidarına qarşı hərbi çevriliş cəhdi yatırılandan sonra da ortaya atılmışdı. Bir neçə saat ərzində 300-dək adamın ölümü ilə nəticələnmiş çevriliş cəhdinə xüsusilə müxalifət “kontrollu darbe” deyirdi. Amma bu iddianı sübut edə biləcək, çevrilişin Ərdoğanın nəyinə lazım ola biləcəyi haqda indiyədək də ortaya tutarlı arqument qoya bilməyiblər. Ərdoğan “Gülənçiləri” - FETÖ-ya dönüşdürüb terror təşkilatı elan etmək, hakimiyyətin bütün strukturlarından təmizləmək istəyirdirsə, bunun üçün İstanbulun qana bulanması, vətəndaşlarının qətlə yetirilməsi, hətta öz həyatını risk altına qoyması lazım idimi? Türkiyədəki hərbi çevriliş cəhdinin məqsədi də, hədəfi də, xarici və daxili qüvvələrin güddüyü maraqlar da o zaman da bəlli idi, sonradan üzə çıxanlar da bunları təsdiq etdi.

WhatsApp Image 2023-06-26 at 21.52.00.jpeg (141 KB)

Putinə qarşı qiyama gəlincə, qan-qadasız ötüşdü, bəzi istisnalar nəzərə alınmasa, xüsusi qarşıdurma da olmadı. Amma bu hərbi qiyamda ölən-itən olmasada, hamı o rəylə də razılaşır ki, hadisədə ən çox “qan itirən” prezident Putindir. Adamlar ancaq özünə sui-qəsd edəndə elə damarlarını kəsirlər ki, qan itkisindən ölsünlər. Ya da gülləni elə həyati vacib orqanına sıxır ki, sağ qalmaq şansı olmasın. Adətən, evində yanğın çıxaran adama dəli deyirlər, yəni Putin ağlını o həddə itirib ki, öz ölkəsində bu cür yanğın törətsin, sonra bütün dünyanı tamaşaya toplasın, düşmənlərinin gülüş obyektinə çevrilsin, sonra isə hər tərəfə od düşməməşi üçün “söndürsün”. Uduş, qazanc, məntiq varmı? “Niyə” sualına tutarlı cavab varmı?

Doğrusu, hadisələr hələ davam edərkən, ani olaraq o variantı düşündüm ki, Putin bu qiyamdan istifadə edərək ordunun müəyyən hissəsini “Vaqrer”lə mübarizə üçün Ukraynanın bəzi ərazilərindən çəkərsə, bəlkə də iki mühüm problemi həll etmiş olar. Birincisi, Ukrayna Qərbin istədiyi kimi əks-hücumda bəzi ərazilərə sahiblənərsə, tərəflərin masaya oturması mümkün ola bilər. Putin isə bəzi ərazilərdən ordunu geri çəkilməsinin məcburi olduğunu deyə və bütün məsuliyyəti Priqojinin xain qiyamının üzərinə qoya bilərdi. İkincisi, daxili auditoriyanın və müharibəyə qarşı elitanın “niyə Ukraynaya soxulmuşduq ki, indi də geri çəkildik” kimi suallar qarşısında “nə etməliydim, bütün Rusiyanın taleyi təhlükə altına düşmüşdü” arqumenti qazana bilərdi. Əgər qiyam məsələn, bu xəyali planı gerçəkləşdirmək üçün düşünülmüş olsaydı belə, Putin yenə də qazanclı olmayacaqdı, hakimiyyəti, avtoriteti indiki kimi ciddi zədələnəcəkdi.

patruşev.jpeg (1.10 MB)

“Ən böyük məsuliyyət, əlbəttə ki, TŞ sədri Patruşevin də üzərindədir. Necə ola bilər ki, Amerika kəşfiyyatı sənin burnunun ucunda qiyam hazırlığı olduğunu fiksə edə bilsin, sən isə bunu görməyəsən?”

Daha çox o iddiaya üstünlük verilir ki, qiyam “Putin getsə, dünya daha rahat olar” deyən Qərbə “baxın, mən gedərəmsə, 1600 nüvə başlığı bu cür başıpozuq terrorçu qruplaşmaların əlinə keçə bilər” rəyini ictimailəşdirmək üçün səhnələşdirilə bilərdi. Putinin ən yaxın ətrafına, məsələn, Təhlükəsizlik Şurasında müavini olan Dmitri Medvedyevin açıqlamalarına diqqət edən Rusiya prezidentinin kimlərisə qorxutmaq üçün belə plan quracağını düşünməz. Medvedyev az qala hər yuxudan duran gün dünyanı nüvə silahı ilə hədələmirmi? Dövlət Dumasının sədrinin də mövqeyi kifayət qədər sərt ritorikalıdır. Eləcə də xarici işlər naziri Lavrovun da. Yəni Putinin Qərbi “priqojinlər”lə qorxutmaq üçün nüfuzunu ciddi zədələyən qiyam planı quraşdırması ağlabatan deyil. Qərb zatən, Putinin ətrafı ilə işləyir, əlbəttə ki, prezidentin nəzarəti altında. Bu sırada Şoyqu da var, Təhlükəsizlik Şurasının sədri Patruşev də, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin də. Putindən sonrakı Rusiya şəxsən mənim üçün müəmmadır, proqnoz verə bilmirəm, Qərbin narahatlıqları isə daha ciddidir, bunu anlamaq olar.

WhatsApp Image 2023-06-26 at 21.52.00 (1).jpeg (355 KB)

Putinin qiyamı Kreml rəhbərinə qarşı təhlükəli planlar qurmaq istəyən hakimiyyətdaxili qüvvələrə sərt mesaj vermək üçün planlaşdırdığı da heç bir tənqidə dözmür. Əvvəla, ona görə ki, indi bəzi ekspertlər Putini ilk dəfə olaraq qətiyyətsizlikdə suçlayırlar. Onlara görə, hakimiyyət “Vaqner”çilərə qarşı sərt tədbir görmək əvəzinə, Moskvaya gedən yolları qazmaqla məşğul olub. Priqojinin əlini-qolu sallaya-sallaya Belarusa köç etməsi də heç bir halda Putinə qarşı çıxmaq niyyətində olanlara(əgər varsa) gözdağı ola bilməz...

Qansız ötüşən qiyamın “Vaqner”i nəzarətə alaraq Müdafiə Nazirliyinin içərisində “əritmək”, nə bilim, Şoyqunu vəzifədən uzaqlaşdırmaq üçün səhnələşdirəcəyi də ciddi görünmür. Bu işi bir fərmanla görə bilirsənsə, bu boyda həngamə nəyə lazım ola bilər ki...

WhatsApp Image 2023-06-26 at 21.52.00 (2).jpeg (157 KB)

Bu qiyama görə ən böyük məsuliyyət Putinin üzərindədir. Kişisəl olaraq, Putin xəyanətə uğrayıb, bundan isə heç kim sığortalanmayıb. Bu, yəqin ki, onu bu qiyamın şəxsi olaraq ən çox incidən tərəfidir, prezident kimi isə onun zəifliyidir. Priqojinin getdikcə nəzarətdən çıxdığı onun bəyanatlarından bəlli idi. Şübhəsiz ki, bu təkcə onun məsuliyyəti də deyil. Ən böyük məsuliyyət, əlbəttə ki, Təhlükəsizlik Şurasının sədri Patruşevin də üzərindədir. Necə ola bilər ki, Amerika kəşfiyyatı sənin burnunun ucunda qiyam hazırlığı olduğunu fiksə edə bilsin, sən isə bunu görməyəsən? Priqojin Ukraynadan qoşununu çəkib 200 kilometr aralıda olan Rostova gəlməsini, müharibənin koordinasiya olunduğu Cənub Hərbi Dairəsini tutanda FTX-nin niyə xəbəri olmayıb? Qeyd kimi deyim: Patruşevin oğlu kənd təsərrüfatı naziridir, onun adı da Putinin varisləri sırasında həmişə hallanıb...

Bu qiyamın böyük hesablaşması əlbəttə ki, olacaq. Putinin hakimiyyətdə ciddi dəyişiklik etməsi də gözləniləndir. Patruşev isə işini də, hətta azadlığını da itirə bilər.

Hər şey hələ indi başlayır...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR