İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan demokratiya dərsi: II tur Türkiyənin bədxahlara mesajı oldu - təxribat planları işə düşə bilərmi...

Politoloq: “Bədxahlar sakit oturmayacaq, lakin bundan sonra da kənardan edilə biləcək təxribatlar əks-effekt verərək Türkiyədə xalqla ”Cümhur" ittifaqı arasında qarşılıqlı etimadı daha da artıracaq"

Bütün geopolitik, siyasi şərtlər, habelə reallıqlar, Türkiyə cəmiyyətinin yanaşması, xarakteri onu deməyə əsas verirdi ki, seçkilərdə növbəti dəfə Rəcəb Tayyib Ərdoğan və AKP qalib gələcək. 80 milyonluq ölkədə məhz Ərdoğan hakimiyyəti dövründə formalaşmış seçki sisteminə də kimsə saxtakarlıq iddiasında buluna bilmədi. Beynəlxalq təşkilatlar da seçkinin normal, demokratik keçdiyinə dair rəy verdilər. Seçki uğurla baş tutdu və bilindiyi kimi, Ərdoğan liderliyini rəsmən qorudu. 0,5 səs faizi ilə seçkinin ikinci turunun elan edilməsi isə Ərdoğanın demokratik yanaşmasının təzahürüdür.

Əlbəttə, AKP istəsəydi bütün dünyada, hətta Amerikada da istifadə olunan xüsusi seçki texnologiyalarından istifadə edərək, azı 51 faiz toplaya bilərdi, heç bir mübahisəsiz. Sinan Oğanı da siyasi manevrlərlə tərəfinə çəkmək imkanları iki vur iki idi. Ancaq Ərdoğan təfəkkürü Türkiyə dövlətinin üzərinə hansısa bədxahların toz qondurmasını belə rəva görmədi. İkinci tur Ərdoğanın və Türkiyə dövlətinin imicinin daha da yüksəlməsi üçün mühüm gedişat oldu.

Əlbəttə, Türkiyənin bədxahları bundan ciddi nəticələr çıxaracaqlar və qarşıdakı müddətdə kimsə Ərdoğanın guya antidemokratik olmasına dair yanlış təbliğatı da darmadağın olacaq. Usta gediş həm də ona gətirib çıxardı ki, ikinci turda Sinan Oğanın dəstəkçiləri məhz Ərdoğana səs verəcək.

“Biz Cümhur İttifaqı olaraq ölkəmizdə keçirilən ən kritik seçkilərin ilk sınağından çıxdıq. Allahın izni ilə 28 mayı "Türkiyə Yüzyılı"nın müjdəçisi edəcəyik". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu twiti ilə özünə, komandasına və türk millətinə nə qədər arxayın olduğunu bir daha bəyan etmiş olub. Seçicilərinə təşəkkür edən Türkiyə lideri bildirib ki, təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə aparıb. Ərdoğan qeyd edib ki, Türkiyə ondan xidmət, hərəkət gözləyir, millət hədəflərinə çatmağı gözləyir...

Bəs bundan-şəffaf seçkidən sonra arzuları nakam qalan Türkiyə bədxahları ölkədə hansısa çevriliş, təxribat planlarına baş vura bilərmi? Türkiyənin qarşıdakı yaxın aylarda, 1 ildə hansısa təhlükə gözləyə bilərmi?

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, 14 may prezident və parlament seçkilərinin nəticələri Qərb qüvvələrinin Türkiyənin bölgədə artan, güclənən nüfuzunu qəbul etmək istəmədiyini bir daha göstərdi: “Həmin qüvvələr Türkiyədə dəyişikliklər etməklə, seçkilər yolu ilə hakimiyyət dəyişikliyi eləməklə özlərinə yaxın, onların sifarişləri əsasında idarəetməni həyata keçirəcək komandanı formalaşdırmaqla sözəbaxan bir Türkiyə formalaşdırmağa çalışdılar. Xüsusilə də son illər Türkiyənin Orta Şərqdə ortaya qoyduğu iddia, qətiyyətli mövqe bir sıra neoimperialist güclərin, dünya ağalığı iddiasında olan qüvvələrin maraqları ilə ziddiyyət təşkil etdiyi üçün bu planları qurmaqla özlərinin gələcək strateji hədəflərinə nail olmağa çalışırdılar. Bu gün dünyanın ürəyi əslində məhz Orta Şərqdə döyünür. Orta Şərqdə prosesləri idarə edən, proseslərə nəzarət imkanlarını ələ keçirən qüvvə də dünyanın əsas güc sahiblərindən birinə çevriləcək. Bunu yaxşı dərk eləyən Çin dövləti də kifayət qədər bölgəmizdə aktivləşməkdə və müxtəlif üsullardan, əsasən də iqtisadi investisiya siyasəti həyata keçirməklə bölgələrdə təsiretmə gücünü formalaşdırmağa çalışır. ABŞ başda olmaqla, Qərbi Avropa güclərinin əsas hədəflərindən biri də Orta Şərqdə Rusiyanın, Çinin və Türkiyənin artan gücünün, rolunun qarşısını almaqla özlərinin mövqelərini gücləndirmək və rəqiblərinin üzərində əhəmiyyətli üstünlük qazanmaqdır. Bu yolda indiki halda başlıca maneə güclü, sözə baxmayan Türkiyədir. Buna görə də Türkiyəni bu vəziyyətə gətirib çıxaran komandanın, liderin hakimiyyətdən uzaqlaşdırılması, devrilməsi əsas hədəflərdən biri idi. Təsadüfi deyil ki, seçkilərlə bağlı proseslərə start verilməzdən öncə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Niderland mətbuatında Ərdoğan və onun komandasına qarşı açıq əks mövqeli informasiyalar tirajlandı. Xüsusilə də beynəlxalq hüququn ölkələrin daxili işlərinə müdaxilə etməmə prinsipi ilə kobud şəkildə ziddiyyət təşkil eləyən açıq fikirlər ifadə olunurdu. Ayrı-ayrı rəy qrupları tərəfindən Türkiyənin daxili işlərinə kobud şəkildə müdaxilələr edilir, seçkinin nəticələri, xüsusilə də müxalif qüvvənin - "Millət" İttifaqının namizədinin böyük səs üstünlüyü ilə qalib gələcəyi ilə bağlı psixoloji və informasiya basqısı həyata keçirilirdi. Eyni zamanda Ərdoğan və onun komandası ilə bağlı diktator və diktatura idarəetməsi terminləri işlətməklə seçkilərin saxtalaşdırılacağı və Türkiyədə Ərdoğan qalib gələrsə, seçkilərdən sonra törədilə biləcək iğtişaşlara, xaosa hüquqi əsaslar formalaşdırmağa çalışırdılar".

Politoloq qeyd etdi ki, amma 14 mayda Türkiyə dövləti, AKP hakimiyyəti və Türkiyə xalqı nəinki Türkiyə cəmiyyəti üçün, Türkiyə dövləti üçün, bütövlükdə dünya üçün nümunə ola biləcək bir türk demokratiyasının nümunəsini ortaya qoydu. Bir çox güclərə, əsasən də qanunsuzluqlarla, saxtakarlıqlarla Trampın səslərini oğurlamaqla ABŞ-da hakimiyyətə gəlmiş Baydenə, onun administrasiyasına demokratiya, demokratik seçkilər necə olmalıdır, bunu əyani surətdə nümayiş etdirmiş oldu: “2021 və 2023-cü ildə Baydenin təşəbbüsü ilə keçirilən demokratiya sammitinə məhz seçkilərin demokratik keçirilmədiyi iddiası ilə dəvət olunmayan Türkiyənin belə bir nümunə ortaya qoyması əslində həmin güclər üçün, başlıca olaraq qoca Bayden üçün bir tərs şillə oldu. Bu baxımdan, hesab edirəm ki, 28 may prezident seçkisinin 2-ci turu da yenə də eyni yüksək səviyyədə demokratik xarakterlə reallaşacaq. Seçkilər üzərindən Türkiyənin daxili işlərinə müdaxilə etmək, Türkiyəni qarışdırmaq və bununla da ciddi siyasi, iqtisadi böhrana nail olmaq, ölkə daxilində xaos formalaşdırmaq istəyən qüvvələrin arzuları ürəyində qalacaq”.

A.Əliyev, bununla belə, hesab edir ki, Ərdoğan iqtidarının, “Cümhur” ittifaqının hakimiyyətdə qalması Türkiyə dövləti, Türk dünyası və Orta Şərq üçün böyük perspektivlər, müsbət vədlər yaratdığı kimi, həm də müəyyən risklər də formalaşdırır. Çünki həmin xarici güclər və onların daxildəki müttəfiqləri, Ərdoğan hakimiyyətini devirməyə çalışan qüvvələr sakit dayanmayacaq: “28 may seçkilərindən sonra da Türkiyədə proseslərə müdaxilə etmək, Türkiyəni zəiflətmək, qarşıya qoyulan hədəflərdən yayındırmağa çalışacaqlar. Mən bu istiqamətdə başlıca olaraq Türkiyəyə qarşı tətbiq oluna biləcək iqtisadi təzyiqlərin artacağını proqnozlaşdırıram. Hesab edirəm ki, Türkiyənin milli valyutasının dəyərdən düşməsi, insanların alıcılıq qabiliyyətinin zəiflədilməsi istiqamətində addımlar bundan sonra da "müttəfiq" adlanan dövlətlər tərəfindən davam etdiriləcək. Xüsusilə də Türkiyənin Rusiya ilə münasibətlərinin güclənməsinin qarşısının alınması və Türkiyənin bir enerji habına çevrilməsi istiqamətində hədəflərə nail olunmasına maneələr törətməyə çalışacaqlar. Eyni zamanda Türkiyənin müdafiə sənayesinin böyük sürətlə böyüməsinin qarşısını almaq üçün mümkün təxribatlara gediləcəyi gözlənilir. Bu yolda ən başlıca alət yenə də PKK və onun siyasi uzantısı olan Yaşıl Sol Partiya vasitəsilə təxribatlar törədilməyə cəhdlər olacaq. Ərdoğanın şəxsi nüfuzunun və komandasının nüfuzunun cəmiyyət qarşısında etibarına zərbələr vurmaq və nəticə etibarilə öz çirkin istəklərinə nail olmağa çalışacaqlar. Lakin 14 may seçkiləri bir daha göstərdi ki, Türkiyə xalqı yalan vədlərlə, boş sözlərlə, eyni zamanda kənar qüvvələrə arxayın olaraq çirkin planlar qurmaq istəyənlərə arxalanmır və seçkilərdə öz iradəsini göstərməkə dövlətinin taleyini heç bir kənar gücə etibar etmir. Bundan sonra da kənardan edilə biləcək təxribatlar əks-effekt verərək Türkiyədə xalqla “Cümhur” ittifaqı arasında qarşılıqlı etimadı daha da artıracaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR