İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğana qarşı Kürdüstan nefti “kartı”

 

İraq Kürdüstanından Türkiyəyə neft  tədarükünün dayandırılmasına səbəb olan məhkəmə qərarının  prezident seçkiləri ərəfəsinə təsadüf etməsi haqlı suallar doğurur  

İraq Kürdüstanından Türkiyəyə neft  tədarükünün dayandırılmasından sonra  “qara qızıl”ın qiyməti bahalaşıb. OPEK-in ikinci ən böyük neft istehsalçısı olan İraq xam neftinin təxminən 85%-ni cənubdakı limanlar vasitəsilə ixrac edir. İraqın Kürdüstan Regional Rəhbərliyi (KRR) 2013-cü ildə federal hökumətdən müstəqil olaraq yarım-muxtar şimal bölgəsindən xam neft ixrac etməyə başlayıb, Bağdad isə bu addımı qanunsuz hesab edib. KRR boru kəməri ilə Şimali İraq sərhədindəki Fiş-Xabura axır, neft buradan Türkiyəyə daxil olur və Aralıq dənizi sahilindəki Ceyhan limanına nəql olunurdu.

İraq 2014-cü ildə Bağdad federal hökumətinin razılığı olmadan Kürdüstandan neft ixracının asanlaşdırılmasında Türkiyənin rolu ilə bağlı Parisdə yerləşən Beynəlxalq Ticarət Palatasına (ICC) müraciət edib. İraq bildirib ki, Türkiyənin dövlət enerji şirkəti BOTAŞ 1973-cü ildə imzalanmış İraq-Türkiyə boru kəməri sazişinin müddəalarını pozub, Bağdadın icazəsi olmadan Kürdüstandan nəql olan neftin Ceyhan limanından  tankerlərə yüklənməsini təşkil edib.  Parisdə keçirilən son dinləmədən sonra məhkəmə  Ceyhanda yüklənməyə nəzarət etmək hüququ ilə bağlı İraqın xeyrinə qərar çıxarıb.

Üç mənbə bildirib ki, Türkiyədən də KRR neftinin satışında iştirak etdiyi üçün  kompensasiya tələb olunur. Türkiyə mənbələrinin məlumatına görə, İraqın ilkin tələbi təxminən 33 milyard dollar olub. Türkiyə hökuməti, Bağdad və Kürdüstan hökumətləri məhkəmə qərarından sonra bəyanatlar yaysalar da, onların heç birində qərarla bağlı tam təfərrüatları yer almayıb.

Türkiyə hazırda İraqın federal hökuməti və KRR ilə  danışıqlar aparır. Bildirib ki, razılaşma əldə olunana qədər Türkiyənin boru kəməri ilə axını dayandırmaqdan başqa çarəsi yoxdur. KRR xam neftinin boru kəməri vasitəsilə satışı son on il ərzində sürətlə artıb və 2022-ci ildə 12,3 milyard dollara çatıb.

Bildirilir ki, neft ixracı dayandığı üçün Kürdüstanla  6 milyard dollarlıq xam yük sövdələşmələri üzrə ödənişlər dayanıb. Bildirilir ki, neft tədarükünün dayandırılması Rusiya neftinin bazarda özünə yer tapmasına səbəb ola bilər. 

İraq Kürdüstanından neft  ixracı dayandığı üçün şirkətlər  məhsullarını anbara göndərmək məcburiyyətində qalıblar, lakin bu şirkətlərin saxlama anbarlarının məhdud olması narahatlıq doğurur. İraq, Türkiyə və KRR arasında danışıqlar davam edərkən, bölgədəki neft şirkətləri çıxılmaz vəziyyətə düşür.

Bölgədə fəaliyyət göstərən DNO və General Energy anbarlarda neftin yığılmasından sonra yaxın günlərdə hasilatı dayandırmaq niyyətində olduqlarını açıqlayıblar. Bu vəziyyət şirkətlərin səhmlərinin aşağı düşməsinə səbəb olub.

London Fond Birjasında yer alan General Energy-nin səhmləri 16%, bölgənin digər şirkəti olan Gulf Keystone-un səhmləri isə 2% ucuzlaşıb. Bu qərarın Türkiyədə yaxınlaşmaqda olan prezident və parlament seçkiləri ərəfəsinə təsadüf etməsi haqlı suallar doğurur. Ağ Ev administrasiyasına yaxın İraq hökuməti  ola bilsin ki, Ərdoğana qarşı olan planların içində yer alsın. Çünki indilikdə bu qərar Türkiyənin iqtisadiyyatına zərbə olacaq, bu da Ərdoğanın seçkidə şanslarına təsir edə bilər.  

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR