İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğana ABŞ-dan seçki öncəsi təzyiq - eyni tələb Azərbaycana da edilə bilər...

“Rusiyaya qarşı qəbul olunan sanksiya qərarlarına Türkiyə də riayət etməlidir”.

Bunu ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms Obrayen deyib. O bildirib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Türkiyə fərqli mövzularda çox mühüm rol oynayıb: “Məsələn, Türkiyə Ukraynaya PUA-larla dəstək verib. Bunlar döyüş meydanında böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda BMT-nin Qara dəniz üzərindən taxıl koridoru təşəbbüsünə vasitəçilik edib. Ona görə də Ankaranın bu münaqişədə həm humanitar, həm də hərbi rolu böyük əhəmiyyət kəsb edir. Buna baxmayaraq, həm Türkiyə hökumətinə, həm də Türkiyənin özəl sektoruna Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl olunmasını gözlədiyimizi çox açıq şəkildə ifadə etmişik. Türkiyə özəl sektorunun sanksiyalara əməl etdiyini müşahidə edirik”.

C.Obrayen həmçinin Türkiyənin vacib tərəfdaş olduğunu vurğulayaraq əlavə edib: “Hər zaman olduğu kimi, bu mövzuda çox açıq və səmimi fikir mübadiləsi aparmışıq. Bizim sanksiyalar mövzusunda siyasətimiz açıqdır. Ankaraya da "Maraqlarımız tələb edərsə, sanksiyalar tətbiq edəcəyik" mesajını vermişik. Qarşıdakı aylarda Türkiyədən bəzi gözləntilərimiz var. Biz sanksiyalara əməl olunub-olunmadığını görmək üçün həm Türkiyə rəsmiləri, həm də özəl sektorla çox sıx əlaqə saxlamağa davam edəcəyik. Sanksiyalara əməl olunmadığı aşkar edilərsə, tədbir görüləcək".

Bu nədir, seçkilərə aylar qalmış ABŞ-dan Türkiyəyə, daha dəqiqi, Ərdoğana təhdid, yoxsa təzyiq? Eyni tələb Azərbaycana da ünvanlana bilərmi?

Yada salaq ki, ötən həftə ABŞ Konqresi Bayden hökumətinin təşəbbüsü ilə gələn maliyyə ili üçün Ankaraya "F-16"ların satışına məhdudiyyətlə bağlı maddələri qəbul etməmişdi. Ola bilərmi ki, bu jestin qarşılığında Vaşinqton Ankaradan Moskvaya qarşı daha sərt mövqe gözləyir?

Əhəd Məmmədli: "Prezidentin Rusiya və İranla bağlı bəyanatları mühüm və  zəruridir”

Əhəd Məmmədli: “Amerikaya güvənmək olmaz”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli ABŞ-ın səmimiyyətinə inanmır: “Siyasət belə bir sahədir ki, məqamdan istifadə etməyi bacarmalısan. İstər rəqibin, istərsə də müttəfiqinlə olsun, fərq etmir. Siyasət istənilən halda istifadə etmək bacarığıdır. Türkiyə-ABŞ münasibətləri də hazırda elə vəziyyətdədir ki, kağız üzərində müttəfiqdirlər, amma reallıqda hər iki ölkəyə müttəfiq demək çətindir. Çünki müttəfiq müttəfiqinə qarşı terror təşkilatından istifadə etməz. Ərdoğan iqtidarı Amerikanı çox narahat edir. İllərdir ki, ABŞ bu iqtidarı hakimiyyətdən devirmək istəyir. Sadəcə olaraq, bununla bacarmır. Ən müxtəlif üsullara əl atsalar belə, əllərindəki son şansları iqtisadiyyatdır, maliyyədir. Bilirlər ki, Türkiyədə sosial, iqtisadi baxımdan vəziyyət gərgindir. Lirə düşür, qiymət qalxır, bahalaşma durmadan artır və xalq da bundan narazıdır. Bundan istifadə edib Türkiyənin üzərinə gedirlər ki, Rusiya ilə münasibətləri korlasın, Amerikanın yanında dursun. Amma bu, Türkiyənin maraqlarına nə qədər cavab verəcək? Bu suala cavab axtarmaq lazımdır. Tutaq ki, Türkiyə verdiyi vədləri yerinə yetirdi, bəs Amerika? Səmimi ola biləcəkmi? Məsələn, PKK-nı silahlandırmaqdan əl çəkəcəkmi? Düşünürəm ki, xeyr, geri çəkilməyəcək. Bir sözlə, Amerikaya güvənmək olmaz. Amma hədə-qorxularından da çəkinmək lazım deyil. Ərdoğan ustad bir siyasətçidir. Çətin bir duruma düşsə belə, bundan çıxmağı bacaracaq. Azərbaycana gəlincə, təbii ki, Qarabağ məsələsinin tam şəkildə həlli mərhələsində bu təzyiqlər arta bilər. Sanksiyaların tətbiqi də mümkündür. Ona görə də Azərbaycan hakimiyyəti buna da hazır olmalıdır. Qeyri-neft sektoru inkişaf etməlidir ki, Amerikanın təzyiqləri qarşısında ayaqda durmağı bacarasan. Təbii ki, Azərbaycan kiçik ölkədir və duruş gətirmək çətin olacaq. Amma Türkiyə ilə birlikdə bunun qarşısında duruş gətirmək mümkündür. Bunun nümunələrini dünyada az görməmişik”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Türkiyənin Rusiya ilə əlaqələrini korlayacağını düşünmürəm”

Siyasi yazar Kənan Rövşənoğlu Rusiyanı ayaqda saxlayan ölkələrdən birinin Türkiyə olduğunu qeyd etdi: “Hazırda Rusiyanın sanksiyalara qarşı əsas "nəfəsliyi" üç ölkədir. Bu üç ölkə Rusiyanı faktiki olaraq boğulmaqdan qoruyur. Bunlar: Türkiyə, İran və Çindir. Aydın məsələdir ki, Rusiyanın hələ güclü olmasının əsas səbəblərindən biri də məhz bu “nəfəslik” ölkələrdir. Xüsusilə də Türkiyə rus qazının bazara çıxmasında ciddi rol oynayır. O biri ölkələrlə bağlı vəziyyət aydındır, ABŞ-ın Çin və İrana bu məsələdə xüsusi təzyiq mexanizmi yoxdur. Amma Türkiyə ABŞ-ın müttəfiqidir. İki ölkə arasında dərin əlaqələr var. Yəni Vaşinqtonun Ankaradan sanksiyalara qoşulmaq tələbi normaldır. O ki qaldı tələbin məhz indi olmasına, güman ki, Vaşinqton qarşıdakı aylarda Rusiyanı daha da zəiflətmək üçün yeni sanksiyalar qəbul edəcək. Əlbəttə, burada seçki amili də var, seçkilər öncəsi siyasi təzyiqin artması mümkündür. Həm də nəzərə almaq lazımdır ki, ABŞ Konqresində çox ciddi Türkiyə düşməni olan siyasətçilər var. Onlar hər addımda hökumətə Türkiyəyə qarşı sərt addımlar atması üçün təzyiq edirlər. Azərbaycanla bağlı vəziyyət fərqlidir, bizim ölkəmiz NATO üzvü deyil, Rusiya ilə sərhəddə var. Bu səbəbdən də Bakıya qarşı çox ciddi təsir ediləcəyini gözləmirəm, amma əlbəttə, sanksiyalara qoşulmaq, Rusiya ilə əlaqələri zəiflətmək tələbi hər ölkəyə edilir. Amma dediyim kimi, bu məsələdə Bakı və Ankara arasında ciddi fərqlər var. Türkiyənin isə Rusiyaya qarşı daha sərt sanksiyalara qoşulması Ankara üçün seçkilər öncəsi ciddi problem yarada bilər. Ona görə də Türkiyənin Rusiya ilə əlaqələri korlayacağını düşünmürəm".

49494c0e-fa5a-41ad-b20a-0fecd0c1.jpg (84 KB)

Züriyə Qarayeva: “Amerikanın Türkiyəyə ehtiyacı var”

Politoloq Züriyə Qarayeva isə Birləşmiş Ştatların Türkiyəyə ehtiyacının çox olduğunu düşünür: “Vaşinqtonun Ankara qarşısında belə bir öhdəlik qoyacağını zənn etmirəm. Çünki Türkiyə son illər tamamilə müstəqil xarici siyasət yürüdür. "F-16"ların satışı ilə bağlı məsələdə Ərdoğanın qoyduğu cəsarətli mövqe, Tunisdə, Liviyada, Qətərdə, Şərqi Aralıq dənizində sərgilədiyi yanaşma bu ölkəylə hansısa diktə ritorikasının keçərli olmadığını dünyaya göstərdi. Bu gün Türkiyə NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə maraqlarını uzlaşdırır, Amerikanın bu istiqamətdə təlqin etdiyi şərtləri qəbul etmir. Lakin ABŞ siyasətində Türkiyəyə qarşı kəskin adekvat reaksiyanın şahidi olmuruq. Çünki Türkiyənin Amerikadan çox, Amerikanın Türkiyəyə ehtiyacı var. Bu ehtiyac ən başlıcası Avropanın şərq sərhədlərinin təhlükəsizliyinin təmin olunması ilə ödənir. İkinci tərəfdən, Rusiya ilə baş edə biləcək, hansısa məsələdə razılaşdıra biləcək yeganə qüvvə Türkiyədir. Bütün bunlar kontekstində Vaşinqtonun Ankaraya qarşı sərt mövqeyini gözləmək absurd olardı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR