İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan zəlzələ bölgəsinə getdi, fəlakət zonasından Azərbaycana təşəkkür etdi

Faciədə həyatını itirənlərin sayı 9 mini ötüb; azərbaycanlı xilasedicilər fədakarlıq nümayiş etdirir

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin törətdiyi faciədə həyatını itirənlərin sayı saatbasaat artır.

Fevralın 8-i saat axşam saatlarına olan məlumata görə, zəlzələdə ölənlərin sayı 9 mini ötüb, yaralıların sayı 50 min nəfərə çatıb. Təbii fəlakət nəticəsində 6444 bina dağılıb. Dağıntıların miqyasını nəzərə alaraq, itkilərin sayının daha da artacağı gözlənilir.

Təxmini hesablamalara görə, dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu arada qeyd edək ki, Kosovo prezidenti Vyosa Osmani Türkiyəyə dəstək üçün baş verən zəlzələdən sonra ölkəsində bir günlük milli matəm elan edib.  “Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanlara dəstək olmalıyıq. Türkiyə və Suriya xalqlarının dərdi bizim də ağrımızdır. Ona görə də konstitusiyaya və qanuni səlahiyyətlərə əsaslanaraq, Türkiyə dövlətinə və vətəndaşlarına hörmət əlaməti olaraq, 8 fevral 2023-cü il çərşənbə günü Kosovo Respublikasında dövlət matəm günü elan etdim”, - deyə Osmani bildirib.

O əlavə edib ki, Kosovo qüvvələri artıq axtarış-xilasetmə əməliyyatlarında iştirak edir, bundan başqa lazım gələrsə, əlavə dəstək də veriləcək.

Kosovo hökuməti axtarış və xilasetmə əməliyyatlarına dəstək olmaq üçün bazar ertəsi axşam saatlarında Kosovo təhlükəsizlik qüvvələrinin 30-a yaxın əməkdaşını Türkiyəyə göndərib.

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə fevralın 8-nə qədər Türkiyənin özünün 96 770 arama-qurtarma və dəstək qrupu, 5404 texnika aktiv fəaliyyətini davam etdirir. Digər ölkələrdən göndərilən yardım dəstələrinin sayının isə 5 309 nəfər olduğu açıqlanıb.

ABŞ da Türkiyənin zəlzələ bölgəsinə xilasedici heyət və avadanlıqlar göndərib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat və fotolar paylaşıb. Məlumatda bildirilir ki, Virciniya ştatının və Los-Anceles şəhərlərinin axtarış-xilasetmə qrupları bu dağıdıcı zəlzələdən sağ qalanları tapmaq üçün Türkiyəyə yollanır. Komandaya 161 üzv, 12 it və 77,110 kilodan artıq çəkisi olan xüsusi avadanlıq daxildir. Onlar artıq ölkədə fəaliyyət göstərən USAID - US Agency for International Development-nin komanda üzvlərinə qoşulacaqlar.

Qeyd edək ki, dəhşətli zəlzələdən sonra qardaş Türkiyəyə ilk olaraq Azərbaycandan xilasedici yardım dəstəsi gedib. Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumatına görə, Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş rayonunda axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirərək, 26 nəfəri dağıntılar altından sağ çıxarıb, 47 nəfərin isə cəsədini çıxarıblar. Əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələ bölgəsinə gedib. O, Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olarkən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Türkiyə prezidenti Kahramanmaraş zəlzələ bölgəsində çadır düşərgəsinə baş  çəkib

“İlham Əliyev qardaşımla da telefonla danışdım. Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı. Şəxsən öz adımdan başda İlham Əliyev olmaqla, burada çalışan azərbaycanlı qardaşlarıma çox təşəkkür edirəm, heyətə təşəkkür edirəm”, - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb. Məlumata görə, fevralın 6-dan indiyədək Azərbaycandan qardaş ölkəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

1-ci təyyarə fevralın 6-da saat 13.25 yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıb.

2-ci təyyarə fevralın 6-da 17.25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını aparıb.

3-cü təyyarə fevralın 6-da saat 20.50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırıb.

4-cü təyyarə fevralın 7-də saat 09.40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb.

5-ci təyyarə fevralın 7-də saat 14.00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb.

6-cı təyyarə fevralın 8-də saat 01.00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb.

7-ci təyyarə fevralın 8-də saat 09.46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətni, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb.

Fevralın 8-də saat 01.00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdırıb.

Ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s., habelə zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Zəlzələ baş verən gündən fevralın 8-dək Türkiyədən Azərbaycana 205 nəfər vətəndaşımız təxliyə olunub. Bunu Musavat.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

Ərdoğan zəlzələ bölgəsində zərəçəkmiş insanlarla görüşür (FOTO)

O bildirib ki, təxliyə prosesi avtobuslarla həyata keçirilir: “Hər şəhərdə səfirliyimizin nümayəndələri var. Səfirliyin veb-saytındakı nömrələrlə əlaqə saxlamaqla Türkiyədən təxliyə olunmaq mümkündür. Bundan başqa, şəhərlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri də var. Vətəndaşlarımız onlara müraciət etməklə də təxliyə oluna bilərlər”.

Onu da əlavə edək ki, fevralın 8-i saat 16:00-da daha bir təxliyə avtobusu Kahramanmaraş vilayətindən Azərbaycana yola düşüb.

Çox təəssüf ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barəsində yeni xəbər yoxdur.  Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir. Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva bu barədə Modern.az-a açıqlamasında deyib:

 “Tələbələrin ailə üzvləri bizimlə əlaqə saxlayırlar. Təəssüf ki, hələ heç bir məlumat yoxdur. Axtarışlar davam etdirilir. Türkiyənin dövlət orqanları tərəfindən bizə hər hansı məlumat verilməyib. Biz axtarışları davam etdiririk”.

Zəlzələ nəticəsində xeyli sayda azərbaycanlının da yaralandığı, dağıntılar altında qaldıqları haqda xəbərlər yayılmaqdadır. Rəsmi məlumata görə, fevralın 8-nə qədər yalnız bir nəfər - 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamaya görə, qadının cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür.

Qeyd edək ki, fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedib. Səfir Cahit Bağcı dövlətimizin başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Daha sonra dövlət başçısı səfirlə söhbət edib.

Onu da qeyd edək ki, fevralın 7-dən başlayaraq, Azərbaycan vətəndaşları Türkiyəyə yardım üçün səfərbər olub. İnsanlar yataq, geyim əşyaları toplayaraq Türkiyəyə göndərir.

Türkiyə alimləri 6 fevralda baş verən faciəvi zəlzələni  84 il əvvəl, 1939-cu ildə Ərzincanda baş verən 7,9 bal gücündə dəhşətli zəlzələ ilə müqayisə edirlər. Qazi Universitetinin Zəlzələ Mühəndisliyinin Tətbiqi və Araşdırması Mərkəzinin müdiri professor Abdussəməd Arslan isə hesab edir ki, baş verən zəlzələ 250 ildə bir dəfə ortaya çıxan hadisədir.

“Türkiyədəki zəlzələ dünyanın ən böyük quru tektonik hadisəsidir”. Bu barədə isə yaponiyalı professor Şinji Tado deyib. Onun sözlərinə görə, bunu Böyük Haşim zəlzələsi ilə müqayisə etmək belə doğru deyil. Böyük Haşim zəlzələsi 1995-ci ildə Yaponiyada baş verib. Yaponiya hökuməti iki gün zəlzələ bölgəsinə yardım göndərə bilməmişdi. 7,2 ballıq zəlzələ minlərlə itkiyə, milyardlarla ziyana səbəb olub.

Ş.Tado isə Türkiyədə baş verən 7,6 və 7,7 ballıq zəlzələnin miqyasının daha böyük olduğunu hesab edir: “Hətta dünyanın ən böyük quru zəlzələsidir deyə bilərik”.

****

Türkiyə Prezidenti Ərdoğan zəlzələdən zərərçəkən ailələrə 10 min lirəlik dəstək veriləcəyini açıqlayıb.

“Biz bütün imkanlarımızı səfərbər etmişik, dövlət bütün imkanları ilə bələdiyyələrlə, xüsusilə AFAD-la işlərini həyata keçirir. Vətəndaşlarımız narahat olmasın, onların küçədə qalmasına heç vaxt icazə verə bilmərik. Məqsədimiz, fəlakətlərlə üzləşdiyimiz digər vilayətlərdə etdiyimiz kimi, 1 il ərzində 10 əyalətdə kütləvi mənzil əməliyyatları həyata keçirməkdir”, - deyə Ərdoğan qeyd edib.

O, zəlzələ qurbanlarının Antalya, Alanya və Mersində müqaviləli hotellərdə qala biləcəyini bildirib.

Bəs baş verən dəhşətli zəlzələ Türkiyəyə təxminən nə qədər ziyan vurub və bunun fəsadlarının altından nə zaman çıxmaq mümkün olacaq?

Natiq Cəfərli: “Xaricdə oturub söyüş dolu videolar çəkirlər” - Reportyor

Natiq Cəfərli

İqtisadi ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert indiki halda dəymiş ziyanın nə qədər olduğu haqda dəqiq fikir söyləməyin mümkün olmadığını dedi:

“Türkiyəli mütəxəssislər də dəymiş ziyanın həcmi ilə bağlı bir rəy bildirə bilmirlər. Çünki hələ ziyan görmüş binaların belə sayı  məlum deyil, yalnız tamam uçmuş binaların sayı haqda məlumat var. Əlbəttə ki, burada on milyardlarla dollardan söhbət gedəcək. Bu say hansı səviyyəyə qədər yüksələcək, onu demək çətindir.

Amma Türkiyənin iş adamları və iş cəmiyyətinin qabiliyyətini nəzərə alsaq, deyə bilərik ki, maliyyə mənbələrində sıxıntı olmasa Türkiyə iqtisadiyyatı yaxın üç-dörd ildə bu fəsadları aradan  qaldırmaq gücündədir. Sadəcə, maliyyə mənbələri ilə bağlı problemlər yaşanacaq və bu mənbələr də yəqin ki, daha çox xarici borc hesabına  və yaxud müəyyən beynəlxalq maliyyə institutlarının yardımı hesabına başlana bilər. Yəni bir tək Türkiyənin özünün daxili resusları hesabına bu qədər işin altından çıxmaq çətin olar.

Bir daha bildirirəm ki, söhbət 10 milyardlarla dollardan gedə bilər. Ötən gün hansısa mənbədə təxmini 100 milyard dollardan çox ziyan dəydiyi söylənilirdi. Amma bu ziyan hansı səviyyəyə qədər genişlənə bilər, bu, yalnız yaxın bir ayda məlum olacaq.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR