İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan antiterror tədbirlərindən DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərindən danışıb.

 Musavat.com xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ikitərəfli və regional məsələləri müzakirə etdiyini bildirib.

"Biz Qarabağdakı son vəziyyəti xüsusilə vurğuladıq və Azərbaycanın haqq işinə güclü dəstəyimizi bir daha bəyan etdik. Antiterror əməliyyatında qazanılan tarixi uğura görə əziz Azərbaycanımızı bir daha təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Azərbaycan ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir. 30 il əvvəl Qarabağın işğalı zamanı baş verənlərlə işğal altındakı torpaqlar azad ediləndən sonra baş verənlər arasında böyük fərq artıq yaddaşlara həkk olunub. Mülki əhalinin ehtiyac duyduğu hər şey, sözün əsl mənasında yük maşınları ilə ərzaq məhsulları bölgəyə çatdırılır. Mən də azərbaycanlı qardaşlarımızı əməliyyatdan sonra mülki şəxslərə qarşı göstərdikləri humanist və vicdanlı münasibətə görə təbrik edirəm", - o vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə bütün proseslərdə Azərbaycanın yanındadır.

"Mən keçən həftə BMT Baş Assambleyasına müraciətimdə dəstəyimizi qətiyyətlə vurğuladım. Əməliyyat nəticəsində Azərbaycanın bütün Qarabağ üzərində suverenliyi möhkəmləndi. Daha da önəmlisi, 44 günlük Vətən müharibəsindən sonra bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkan pəncərəsi açıldı. Bu fürsəti dəyərləndirmək fikrimiz hər kəsə məlumdur. Ermənistandan prosesi uzatmaq əvəzinə güclü iradə nümayiş etdirməsini gözləyirik. Mən bu gözləntiləri sentyabrın 11-də telefonla danışdığım Ermənistanın baş naziri cənab Nikol Paşinyana da bildirdim. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək.

Biz Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcəyik. Ümidvaram ki, səfərimiz təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaqdır. Mənə və nümayəndə heyətimə göstərilən müsbət qəbula görə qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etmək istəyirəm", - Türkiyə lideri vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR