Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə Ağcabədidə yaşlı qadın əri tərəfindən öldürülmüşdü. Qətli törədən şəxslə yanaşı daha bir nəfər də həbs edilmişdi.
Musavat.com xəbər verir ki, həbs edilən həmin şəxs bəraət alaraq azadlığa buraxılıb.
Əvvəlcə qətl hadisəsi ilə bağlı...
1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı 70 yaşlı əri Əliyar Mehdiyev balta ilə vuraraq qətlə yetirmişdi. Qətlin baş vermə səbəbi ər-arvad arasında baş vermiş mübahisə olub. Hadisədən sonra Əliyar Mehdiyev arvadının pilləkəndən yıxıldığını deyərək istintaqın diqqətini yayındırmağa çalışmışdı. Həmin ərəfədə hadisə yerindən qanlı balta tapılmamışdı.
İstintaq orqanı hadisənin qətl olduğunu aydınlaşdırdıqdan sonra cinayətin törədildiyi balta da tapılmışdı. Məlum olmuşdu ki, baltanı hadisə yerindən Əliyar Mehdiyevin qardaşı oğlu, 1995-ci il təvəllüdlü Tural Mehdiyev götürərək başqa yerə qoyubmuş. Ona qarşı Cinayət Məcəlləsinin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə iş açılmışdı.
Məlum olub ki, T.Mehdiyev əmisigillə qonşuluqda yaşayıb və hadisə barədə ilk xəbər tutan şəxslərdən olub. O, hadisədən dərhal sonra əmisinin evinə gedib, Dəstəgül Mehdiyevanın qan içində qalmış meyitini görüb. Həmin vaxt Əliyar Mehdiyev artıq mənzili tərk edibmiş. Tural bu zaman cinayət aləti olan baltanı, evdəki qanlı xalçanı götürərək gizlədib və xəstəxanada əmisi arvadının yıxılaraq öldüyünü bildirib.
Tural Mehdiyev məhkəmənin hökmü ilə 2 il həbs cəzası almışdı. Barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verən Tural Mehdiyev azadlığa buraxılıb. Şirvan Apellyasiya Məhkəməsi Tural Mehdiyev barəsində bəraət hökmü çıxarıb.
Tural Mehdiyev ifadəsində bildirib ki, baltanı hadisə yerindən götürərək həyətdəki soyuducunun arxasına qoymaqdakı məqsədi cinayəti gizlətmək olmayıb. Onun sözlərinə görə hadisədən sonra həyətə uşaqlar, qadınlar və digər şəxslər gəlib. Onların qanlı baltanı görüb qorxmaması üçün bu addımı atıb.
Şəki Apellyasiya Məhkəməsi belə qənaətə gəlib ki, Turalın əməlində cinayət tərkibi yoxdur. Buna görə də məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, qətli törədən Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İlkin Muradov
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ