İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmir Teymurun qurduğu, zamanın və düşmənlərin dağıtdığı Turan yenidən qurulur - Yeni Turan - FOTO,VİDEO  

 

Xəbər verdiyimiz kimi bu gün Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilir.

Sammitdə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edir.

Onun "Qərbi Azərbaycana qayıdış" Türk Sammitindəki çıxışını təqdim edirik:

“Türk dünyasının nadidə parçası olan Azərbaycan Türkləri son 4 il zərfində 100 illərlə xəyal edilən ülkü və amalları yaşamaqdadırlar. Cəsur bir qərarla Vətən müharibəsi modelində Qurtuluş savaşına başlayan Azərbaycan türkləri Qarabağı işğaldan azad etdi, Şuşa, Hadrut, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli kimi müqəddəs türk torpaqlarını ana vətən parçasına birləşdirdi. Daha sonra isə Xankəndi, Xocalı, Əskəran, Ağdərə azadlığına qovuşdu, türklüyün müqəddəs iki bayrağı azad edilən torpaqlarımızda dalğalandı.

Hazırda Azərbaycan Qarabağa böyük qayıdış prosesini yaşamaqdadır. Bütün bunlar siyasət və fikir böyüklərimizin illərlə xəyal etdikləri hədəflər idi. Bütün bunlar o zaman baş verdi ki, bir çoxları bunun mümkün olacağına inamını itirmişdi. Azərbaycanın, onun arxasında dayanan Türkiyəmizin, digər türk-müsəlman və başqa dostlarımızın dəstəyi ilə illərlə apardığımız siyasət öz nəticəsini verdi. Həyatını Azərbaycana sərf edən və yurdundan uzaqlarda vətən həsrəti ilə can verən Rəsulzadənin  ruhu şaddır, Xudafərinə şeir yazan Elçibəyin ruhu şaddır, ‘’Sovetlər Birliyindəki əsir türklərə sahib çıxmalıyıq’’, deyib, o zamankı Türkiyədən bunu görməyən Alp Arslan Türkeşin ruhu şaddır. "Biz Qarabağa mütləq qayıdacağıq, biz Şuşanı, Qarabağın incisini mütləq görəcəyik, orada toplantılar keçirəcək, bayramlar edəcəyik. Laçını, Ağdama dönüşü görəcəyik",- deyə inamla xalqını zəfərə, dirənişə səsləyən, dünya güclərinin təzyiqlərinə illərlə müqavimət göstərən və torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına öz möhtəşəm siyasi manevrləri ilə imkan verməyən,  bugünkü qələbələrimizin əsasını qoyan böyük Heydər Əliyevin ruhu şaddır. Yüz minlərlə nakam gedən soydaşımızın, şəhidlərimizin narahat ruhları şaddır. Bütün bunlar Azərbaycanın son 200 ildə başına gələn ən yaxşı olayın – İlham Əliyevin sayəsində mümkün oldu. Ali Baş Komandan, dövlət rəhbəri, həm də bir türk dünyası ideoloqu olan İlham Əliyevin sayəsində, türk torpaqlarının birində son 200 ildə ilk dəfə torpaq azad edildi, yurddan köçü yurda dönüş əvəz etdi. Xəyallar gerçəkləşdi, mümkün olmayacaqlar yaşandı və yaşanmaqdadır”.

Musavat.com Rauf Arifoğlunun çıxışının sonluğundan bir hissəni təqdim edir:

Rauf Arifoğlu çıxışında bildirib ki, bütün bunların və Qarabağ zəfərinin sayəsində regiondakı və dünyadakı bütün daşlar yerindən oynadı:

“Azərbaycanın zəfəri öncə Azərbaycan və Türkiyə türklərini hərəkətə gətirdi. Bayraqlarımız qoşalaşdı, ürəklərdən sıyrılıb,  Şuşaya, Qarabağın hər guşəsinə sancıldı, meydanlarda zəfərləri qoşa bayrağımızla keçirdik. Qardaş idik, “Şuşa Bəyannaməsi” ilə ittifaq olduq. Ordumuzu, xarici siyasətimizi birləşdirdik , inteqrasiya etdik. İnformasiya məkanlarımız, emosional məkanlarımız, daha sonra ordularımız, bütün sahələrimiz birləşdi.

İndi isə bir zamanlar mümkün görünməyən bir ülkünün arxasınca Əmir Teymurun yurduna gəlmişik. "Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti düzənləyirik. Bu ülkünü də milli hədəf halına gətirən və onun strategiyasını hazırlayan, onu möhtəşəm hərəkata çevirən Azərbaycan prezidenti İlham Əliyevdir. Necə Qarabağ zəfəri Türk Dünyasını daha sıx birləşdirib, Türk Dövlətləri Günəşini Təşkilata (TDT) çevirdi, Qərbi Azərbaycana qayıdış strategiyasının da Dünya Türklüyünün daha sıx inteqrasiya olunması, bir hədəfə gəlməsi yönündə növbəti və ən əsaslı addım olacağına inanıram.   

Türk topluluqları içərisində ən böyük zülm görən, can və torpaq itkisi verən topluluq Qərbi Azərbaycan türkləridir. Rus çarlığının və onun sayəsində bizim torpaqlara ayaq açan erməni çetelərinin ilk hədəfi Qərbi Azərbaycan türkləri oldular. Son 100 ildə Qərbi Azərbaycan türkləri çox ağır bədəllər ödədilər. Genosidə, irqçiliyə, etnik təmizlənmələrə və dünyadakı hər cür ayrı-seçkiliyə, haqsızlığa məruz buraxıldılar.

Azərbaycan türklərinin ən fəal və dominant ellərindən olan Qərbi Azərbaycan türkləri min illərlə yaşadıqları dədə-baba yurdlarından sürüldülər. Hazırda bir soydaşımız belə Qərbi Azərbaycan torpaqlarında yoxdur. İrəvan xanlığı, Zəngəzur, Vedibasar, Zəngibasar, Dərələyəz, Göyçə, Ağbaba mahalları, şəhər və qəsəbələr – bunlar hamısı erməni işğalı altındadır. Ən son 1988-92-ci illərdə baş verən etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycan hal hazırda yüzdə-yüz yad və vəhşi bir etnik qrupun kontrolu altındadır.   

Vətən müharibəsi zəfərindən sonra bölgədə və dünyada, o cümlədən türk dünyasında yeni gerçəklik, yeni status kvo yaranıb. Bu yeni gerçəklik imkan verir ki, digər problem və məsələlərimizə odaqlanaq. Onlardan da ən ciddisi Qərbi Azərbaycan Türklərinin beynəlxalq hüquqla da dəstəklənən böyük qayıdışının təmin olunmasıdır”.

arifoglu--.jpeg (187 KB)

Rauf Arifoğlu vurğulayıb ki, Qərbi Azərbaycan Türklərinin yurda dönüşü bütün türk dünyasının ortaq hədəfi olmalıdır:

 “Biz öncə buna nail olmalıyıq və bu toplantı da belə bir hədəfə xidmət edir. Necə Qarabağ məsələsinin həllində bütün türk dünyasının həmrəyliyinə, dəstəyinə, siyasi – mənəvi himayəsinə nail olduq, o cümlədən də Qərbi Azərbaycan Türklərinin vətənlərinə dönüşü strategiyasının həyata keçirilməsində bu birliyin artan, yüksələn dostluq-qardaşlıq şəraitində potensialını yönəltməliyik. Bunun üçün ilk növbədə Qərbi Azərbaycana Qayıdış məsələsi Türk Dünyasının ortaq məsələsi halına və hədəfinə gətirilməlidir. Bu tədbirin bir amacı da budur.

Qarabağ məsələsini biz ölkə və toplum olaraq, dünyanın və türk ellərinin hədəfinə gətirə bildik. Təəssüf ki, Qərbi Azərbaycan türklərinin məsələsi bir qədər arxa planda qaldı. İndi zaman o zamandır ki, bu məsələ 1 saylı hədəf kimi ortaya atılsın.

Qərbi Azərbaycana qayıdış üzrə Türk Dünyası Sammitinin bu yöndə ciddi təsir platforması olacağına da inanıram. 

Qərbi Azərbaycana qayıdış strategiyası yalnız bir torpaq parçasının, milyonlarla Azərbaycan türkünün vətəninin geri alınması, yaxud da oraya geridönüşünün, gediş-gəlişinin təmin olunması məsələsi deyil. Bu, Türk dünyasının qalxınması, inteqrasiyası, tarixi ədalətin bərpa olunması sürəcindən kənarda olmayan böyük bir tarixi hadisədir.

Əmir Teymur bir zamanlar Türklüyə şan qatdı, türk dövlət və qövmlərini birləşdirdi, klassik Turan qurmaq yolunda ömrünün sonuna qədər çalışdı.

İndi isə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Ərdoğanın, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin, digər türk liderlərinin başçılığı ilə Yeni Turan qurulur. Yeni Turanın üzvü bir hissəsi və Türk dünyasını birləşdirən ərazilərdə yaşayan Qərbi Azərbaycan türklərinin yurdlarına dönüşü ilə bu böyük sürəcə nöqtə qoyulacaq.

Ən sonda bu möhtəşəm tədbiri təşkil edən dəyərli Tənzilə Rüstəmxanlıya və qiymətli dostum Seyfullah Türksoya minnətdaram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR