İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmək və sosial siyasət komitəsi vacib məsələləri müzakirə etdi - DETALLAR

İyunun 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş iki qanun layihəsinin müzakirəsi daxil edilib.

Komitədə əvvəlcə Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.
Sənədin elektron hökumət quruculuğu prosesinin daha da genişləndirilməsinə, əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazasının yaradılmasına xidmət etdiyini deyən Musa Quliyev layihəni təqdim etmək üçün Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə söz verib.

Untitled (3)-46.jpg (379 KB)

Adil Vəliyev layihənin əmək münasibətləri, dövlət sosial sığorta və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlandığını bildirib. O deyib ki, 11 qanun üzrə 142 adda dəyişikliyi ehtiva edən layihə əmək münasibətlərinin rəsmiləşdirilməsi, əməyin təşkili, ödənilməsi və mühafizəsi, həyata keçirilən məşğulluq tədbirlərinin və digər məsələlərin tam elektronlaşdırılmasına zəmin yaradacaq.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev məsələ ilə bağlı çıxış edib. Təqdim olunan layihəni Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatların davamı kimi dəyərləndirən nazir müavini ölkədə əmək hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, beynəlxalq standartların tətbiqi istiqamətində görülən işlərdən bəhs edib.

Anar Əliyev bildirib ki, Əmək Məcəlləsinə və digər 10 qanunvericilik aktına təklif olunan dəyişikliklərin əsas qayəsini əmək və məşğulluq münasibətlərinin tamamilə elektronlaşdırılması təşkil edir. Qeyd olunub ki, bu sahədə əsas addımlardan biri əmək müqaviləsi bildirişlərinin ləğv edilməsindən və işəgötürənlə işçi arasında əmək müqavilələrinin elektron formada bağlanması imkanının yaradılmasından ibarətdir.

Untitled (2)-50.jpg (412 KB)

Bundan başqa, qanunvericiliyə “ştat vahidi” anlayışı gətirilir və əmək və məşğulluq münasibətlərinin elektronlaşdırılması sayəsində işsiz şəxslərin məşğulluğunun təmin edilməsi, əmək fəaliyyətinin tənzimlənməsi kimi bir sıra proseslər elektron informasiya sistemi vasitəsi ilə aparılacaq, peşə hazırlığının təşkili və digər müvafiq dövlət proqramları təkmilləşdiriləcək.
Layihənin müzakirəsində komitə sədri Musa Quliyev, komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, İlham Məmmədov, Rauf Əliyev və Sevinc Hüseynova çıxış ediblər. Onlar əmək müqavilələrinin müddətlərinin optimallaşdırılması, əhalinin məşğulluğu strukturunun təkmilləşdirilməsi, elektron dövlət xidmətlərinə çıxış xərclərinin minimallaşdırılması və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, təklif olunan dəyişikliklər üzrə qeydlərini və suallarını səsləndiriblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qaldırılan məsələlərə münasibətini bildirəndən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib.

Untitled (1)-53.jpg (332 KB)

Layihə barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, şəhid ailələrinin, müharibə veteranları və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsini növbəti müsbət addım kimi dəyərləndirən komitə sədri vurğulayıb ki, təklif olunan dəyişiklik şəhid ailəsi üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Müzakirədə deputatlar Aqil Məmmədov və Arzu Nağıyev çıxış edərək layihə ilə bağlı fikirlərini səsləndiriblər.
Yekunda bu qanun layihəsi də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputat Əziz Ələkbərov və digər rəsmi şəxslər iştirak ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR