Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Süni qiymət artımı varsa, sahibkarların məhsulu haradan əldə etmələrinə diqqət etməliyik”
Ölkədə əmək haqqı və pensiyaların artdığını eşidən işbazlar artıq süni qiymət artımlarına start veriblər. Həm də bayram öncəsi olmasından sui-istifadə edərək, bu planlarını rahatlıqla həyata keçirməyə çalışırlar.
Qeyd edək ki, əmək haqqı və pensiyalar qismən artırılan kimi, soyğunçu bahalaşma da tüğyan edir.
İqtisadçı ekspertlər burada çıxış yolunu nədə görür? Süni bahalaşma yaradanlarla necə mübarizə aparmaq olar?
Ekspertlərə görə, dövlətin müvafiq qurumlarının, məsələn, İqtisadiyyat Nazirliyi və Dövlət Statistika Komitəsi kimi orqanların bazarda qiymətləri yaxından izləməsi və qanunla tənzimlənməyən sahələrdə sərt nəzarət tədbirləri tətbiq etməsi vacibdir. Həmçinin istehsalçı və distributorlara qarşı sərt audit və şəffaflıq mexanizmlərinin gücləndirilməsi bazarda qiymət manipulyasiyasını önləyir. Rəqabətin az olduğu sahələrdə qiymət manipulyasiyasına rast gəlinə bilər. Dövlət müxtəlif sektorlarda sağlam rəqabət mühitini qoruyub saxlamalı, istehsalçıları və tədarükçüləri bazara daha çox daxil etməli və yüksək monopolistik bazarlarda müdaxilələr etməlidir.
Süni qiymət artımına səbəb olanlarla mübarizə aparmaq üçün ciddi hüquqi tədbirlər görülməlidir. Bu, bazar iştirakçıları arasında “kartelləşmə” (qiymət razılaşmaları) kimi qanunlara zidd fəaliyyətləri cəzalandıran sərt qanun və tənzimləmələrin tətbiqini ehtiva edir.
O da qeyd edilir ki, hökumət və müvafiq qurumlar qiymət artımı ilə bağlı narazılıqları daimi olaraq izləməli və bu barədə ictimaiyyəti məlumatlandırmalıdır. Eyni zamanda istehlakçı hüquqları haqqında təlimatlar verilməli, hüquqi yardımlar təqdim edilməlidir ki, vətəndaşlar haqqını qorumaqda daha səlahiyyətli olsunlar.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi dekabrın əvvəlində “İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında” məlumatları açıqlayıb. Qeyd edilib ki, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 4,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 4,4 faiz, qeyri-qida məhsulları üzrə 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6 faiz artıb. 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz yüksəlib. 2024-cü ilin noyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz artıb.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Çox təəssüf ki, süni qiymət artımı ifadəsi Azərbaycanda çox vaxt qeyri-adekvat şəraitdə və yanlış kontekstdə işlədilir. Süni qiymət artımı yalnız o hallarda baş verir ki, orada inhisar, alqopoliya var, ya da məhsulun qıtlığı mövcuddur. Yəni bazarda tələbə uyğun olaraq məhsulu təchiz etmək mümkün olmur. Eyni zamanda ciddi vergi artımları, tarif artımları olur, müxtəlif tənzimləmə tədbirləri nəticəsində məhsulun qiyməti artır və bu, istehlakçılara süni şəkildə qiymət artımı kimi görünür.
Hazırda bayram öncəsi yeni vergi artımları və tarif artımları yoxdur. Əmtəə qıtlığı, təchizatın məhdudluğu ilə bağlı problem də yoxdur. Bunlar olmadığı halda ortada inhisar faktoru qalır. Əgər bunlar da yoxdursa, qiymət necə süni arta bilər? Əgər belə faktorlar yoxdursa, onda minlərlə satıcı öz aralarında razılaşa bilərmi ki, pomidorun qiymətini eyni şəkildə qaldıraq? Ya da milyonlarla qəssab bir araya gələrək qiymətləri artırmağa qərar verə bilər? Ya da minlərlə məhəllə marketləri razılaşır ki, yumurtanın qiymətini bu və ya digər şəkildə artırsınlar. Bu, praktikada mümkün deyil. Bu xidməti əhaliyə təklif edən sahibkarların, satıcıların sayı minlərlədirsə, burada süni qiymət artımından söhbət gedə bilməz. Əgər süni qiymət artımı varsa, deməli, bu sahibkarların məhsulu ilkin olaraq haradan əldə etmələrinə diqqət etmək lazımdır. Yəni bu gün marketlərə girməklə, qəssabın qapısını döyməklə və ya pomidor satanların qapısına getməklə süni qiymət artımının qarşısını almaq mümkün deyil. O, bir günlük, ya da bir saatlıq ola bilər. Ancaq minlərlə satıcı məhsulu haradan alır. Dövlət də həmin nöqtələrə fokuslanmalıdır ki, mübarizə daha effektiv olsun.
Bir daha təkrar etmək istəyirəm, əgər süni qiymət artımı olubsa, bu iki ya beş nəfərlə razılaşma ola bilər. Min nəfər necə bir-biri ilə razılığa gələ bilər. Əgər kütləvidirsə, deməli, bu süni deyil. Süni varsa, deməli, problem əsas mənbədədir. Biz bunu idxal məhsullarında çox görə bilərik. Ona görə də idxalın diversifikasiyasına ehtiyac var. Misal üçün, yağın idxalı, imkan vermək lazımdır ki, daha çox sahibkar, daha çox istiqamətdən fərqli şərtlərlə ölkəyə yağ idxal etsin. Bu zaman rəqabət artır və qiymət manipulyasiyası ilə qarşılaşmaq ehtimalı azalır".
Qeyd edək ki, süni qiymət artımının səbəbləri barədə müxtəlif fikirlər səsləndirilir. Bunların əsas iqtisadi, hüquqi və sosial faktorlar səbəbindən olduğu qeyd edilir. Bazarda az sayda dominant tədarükçü və ya satıcı varsa, bu subyektlər birgə qiymətləri manipulyasiya edərək süni qiymət artımlarına səbəb ola bilərlər. Çünki rəqabətin olmaması qiymətləri təbii tələbin və təklifin təsirindən çıxara bilər. Əgər müəyyən bir məhsul və ya xidmət bazarda azdırsa, tədarükçülər bu məhsulun qiymətini süni şəkildə artıraraq bundan qazanc əldə etməyə çalışırlar. Eyni zamanda tələbin çox olduğu dövrlərdə (bayram, tətil və s.) bazardakı bəzi satıcılar qiymətləri artırırlar.
Əgər bir neçə tədarükçü və ya istehsalçı arasında qiymətlər barədə gizli razılaşmalar (kartel razılaşmaları) olarsa, onlar bazara yüksək qiymət tətbiq edə bilərlər. Bu, xüsusilə az inkişaf etmiş iqtisadiyyatlardakı kiçik bazarlarda müşahidə olunur. Dövlətin bazarı doğru tənzimləməməsi və ya qiymətləri idarə etməkdə nəzarətin olmaması bəzi istehsalçıların qiymət artımını süni şəkildə tətbiq etmələrinə imkan yaradır. Məsələn, dövlətin rəqabəti təbliğ etməməsi və bazar ehtiyaclarına uyğun müdaxiləni həyata keçirməməsi həddindən artıq qiymət artımına rəvac verir. Bəzi hallarda, xarici bazarlarda tələb artımı və ya tədarükün azalması idxal olunan məhsulların qiymətinin süni şəkildə artmasına səbəb olur. İxrac məqsədilə daha yüksək qiymətə məhsul satmağın artması yerli bazarda qiymətlərin artmasına təsir edə bilər. Sahibkarlar məhsulun qiymətini süni şəkildə artırmaqla daha yüksək qazanc əldə etməyə çalışır. Bu zaman onlar bazarın ehtiyaclarından artıq tələbat yarada bilərlər, bu da qiymətlərin manipulyasiyasına gətirib çıxarır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ