İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşən Xəzər haqda iddialara REAKSİYALAR: “Yalan danışır...”

Meyxanaçı Ağamirzə: “O, çox saf adamdır, onun İranla nə əlaqəsi ola bilər?

İlham İsmayıl: “İranla bağlı olmasını əks etdirən fotolar var”

Son günlərin gündəmə çevrilən xəbərlərindən biri də tanınmış meyxanaçı Elşən Xəzərlə bağlı oldu. Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində tutulduğu bildirilisə də, meyxanaçı az sonra bunu təkzib etdi, “evimdəyəm, İranla da heç bir əlaqəm yoxdur” dedi.

E.Xəzər həmçinin İranla bağlı məsələyə görə heç vaxt hüquq-mühafizə orqanlarına çağırılmadığını söyləyib: “Həqiqətən də bir işi səhv etmiş olsaq, bizə deyərlər ki, bunu etməyin və ya cəzalandırarlar. İranla bağlı söz-söhbətə görə nə istintaqa çağırılmışam, nə sorğu-sual edilmişəm. Ölkədən çıxışıma da qadağa qoyulmayıb. Deyilənlər hamısı uşaq oyunudur. Mən yüz yerdə konsertdə olmuşam - Rusiya, İran, Türkiyə və sair. Niyə ancaq İran deyirlər?.. Dediyim kimi, mən heç yerdə saxlanılmamışam və dindirilməmişəm”.

Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olub. Əsən Cəlilabaddan olan E.Qürbətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kütləvi rejissorluq" fakültəsini bitirib. 1995-ci ildən meyxanaya başlayıb və ölkədə kifayət qədər tanınıb. 2007-ci ildə bir yerdə böyüyən kimsəsiz gənclərin müstəqil həyata atılmasından bəhs edən "Sirat körpüsü" filminə çəkilib.

Musavat.com xatırladır ki, Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar bir müddətdir, davam edir. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində bir neçə şəbəkə ifşa olunub. Onlar arasında “Əhli-Beyt” şairləri və məddahlar da var. Aylar əvvəl bu mövzuda meyxanaçı, məddah və Əhli-Beyt şairi olan Elşən Xəzərin də adı hallanırdı. Lakin o, yerli mediaya açıqlamasında İran agenti olması ilə bağlı iddiaları təkzib etmişdi.

Bəs niyə məhz onun haqqında tez-tez belə şayiələr yayılır?

Xatırladaq ki, bir müddət əvvəl Elşən Xəzər el mərasimlərində mərsiyə dediyi üçün ciddi tənqidlərə tuş gəlmişdi. Sosial şəbəkələrdə əksər izləyicilər onu “İran agenti” adlandırmışdı. Hətta onun mərsiyə dediyi videolarına millət vəkili Fazil Mustafa tərəfindən də sərt reaksiya verilmişdi. Meyxanaçı isə səslənən tənqidlərə cavab olaraq dini tədbirlərə dəvət olunan zaman şeirlərini ifa etdiyini, mərsiyəni isə az dediyini bildirmişdi.

2020-ci ildə isə onun öldürülən İran generalı Qasım Süleymanin portreti önünə gül qoyaraq, anması ilə bağlı çəkilən foto bu iddiaları daha da qızışdırmışdı.

Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru olmuş Qasım Süleymani 2020-ci ilin 3 yanvarında ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində öldürülmüşdü. Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı, ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib. 2018-ci ildə rəsmi Vaşinqton İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımışdı.

Məsələ ilə bağlı tanınmış meyxanaçı, Elşən Xəzərin dostu Ağamirzə Məmmədov “Yeni Müsavat”a danışıb:

1667981986_1667981951281.png (223 KB)

“Elşənin İran agentura şəbəkəsi ilə ümumiyyətlə heç əlaqəsi yoxdur. Bəli, olur ki, qafiyə düşür dindən, imam Hüseyndən, peyğəmbərdən deyirik. Amma peyğəmbərin, İmam Hüseynin, dinin İranla heç bir əlaqəsi yoxdur.

Bəzən də olur ki, qafiyədə İrandan söz düşür. Məsələn, “Ziyanda olacaqsansa, Bu gün, sabah İranda olacaqsansa.. “ qafiyəsini deyirik. Bir daha qeyd edirəm ki, bunların İrana heç bir dəxili yoxdur. Biz hamımız dövlətimizi, xalqımızı istəyənik. Bizə pis olana biz 10 qat pisik. Biz həmişə belə yaşamışıq, belə də yaşayacağıq”.

Meyxanaçı Ağamirzə dostu Elşən Xəzərin Qasım Süleymani ilə bağlı yayılan fotosuna da münasibət bildirib:

“Olubsa da belə bir şəkil camaat sadəcə şişirdir. Mələn, mən də Moskvada Putinin böyük şəklinin altında şəkil çəkdirmişəm. Burda nə var, şəkildir də. Bunu montaj da edə bilərlər. Yəni, Elşən Xəzərlə bağlı yayılan iddiaların hamısı əsassızdır. Elşən Xəzər çox pak, üzü nurlu adamdır. O, heç vaxt harama, xəyanətə doğru getməyib, getməz də. Onun dediklərinə baxın da. Sadəcə bəzi adamlar sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edib, onu gözdən salmağa çalışır.

Mən də 40 dəfə İran sözünü işlətmişəm, yəni, qafiyəyə uyğun olub, demişəm. Biz meyxanaçılar hamımız dövlətimizin, xalqımızın yanındayıq. İstər İran, Turan olsun, bizim üçün ən birinci dövlətimizdir. Hamımız dövlətimiz üçün çalışıb, dövlətin yanında birləşməliyik. Bu, sözsüz belə olmalıdır. Çünki bu ölkədə bizim gələcəymiz, balalarımız, gənc nəslimiz yetişir, yaşayır”.

Bəs aparılan həbslər, görülən kontr-tədbirlər İranın Azərbaycandakı casus şəbəkəsini nə dərəcədə zəiflədə bilib?

Təhlükəsizlik eksperti İlham İsmayıl sualımızı bu cür cavablandırdı:

Ilham-Ismayil.jpg (39 KB)

“Azərbaycan dövləti apardığı son tədbirlər nəticəsində İranın Azərbaycandakı casus şəbəkəsini xeyli dərəcədə zəiflədə bilib. Lakin bu şəbəkənin çökdürülməsi məsələsinə hələ var. Çünki Azərbaycan müstəqillik əldə edəndən bəri İranın “işi-peşəsi” ondan ibarət olub ki, maksimum şəkildə ölkəmizdə öz casus şəbəkəsinin yığsın. Çünki din pərdəsi altında olduğuna görə onları maraqlandırmır ki, şəxs informasiya, yoxsa məxfi informasiya daşıyıcısıdır. Onlara maraqlıdır ki, onların ideologiyasının daşıyıcısı, təbliğatçıları olsun. Ona gör də kütləvi şəkildə Azərbaycan vətəndaşlar arasında çalışıblar ki, maksimum şəkildə cəlbetmələr əldə etsinlər. Hətta evdar qadınları belə cəlb etməyə məcbur ediblər Ona görə də bu proses hələ uzun müddət davam edəcək. Çünki İranın xüsusi xidmət orqanlarının hamıya bəlli olan bir forması var – “yatmış agent” prinsipi. Onlar agenti cəlb edir və heç bir tapşırıq vermədən uzun müddət gözlədirlər ki, siqnal gələn kimi fəaliyyətə başlasınlar. Hər halda onların fəaliyyətinə ciddi zərbə dəyib. Məsələ nəzarətdədir, amma şəbəkə hələ çökdürülməyib”.

Ekspert meyxanaçılar ilə bağlı məsələyə də münasibət bildirib:

“Bəzi meyxanaçılar kifayət qədər təbliğat aparırdılar. Yayılan videolardan da görmüşük ki, hətta toyda belə İranın “Əhli-beyt”ni necə təbliğ edir, necə qışqıra-qışqıra bunu qeyd ediblər. Elşən Xəzər dansa da, faktiki olaraq şəkilləri də var, desə də ki, əlaqəsi yoxdur, yalan danışır! Əgər İranla əlaqəsi olmasaydı ortalıqda o şəkillər olmazdı. Faktiki şəkillər də var. Əgər sərbəst buraxılıbsa, yəqin bunun başqa səbəbləri var.

Tək meyxanaçılar deyil, yas yerlərində ağı deyən qadınlardan tutmuş digərlərinə qədər bir çoxu İranı təbliğ edirlər. Məlum məsələdir ki, meyxanaçılar Azərbaycanda, xüsusən də Bakı ətrafı kəndlərində çox populyardırlar və bu populyarlıqdan istifadə edərək, onların ideologiyasını hansısa şəkildə təkcə ağı deməklə deyil, meyxana deməklə cəlb edir. Bu yeni deyil, biz bunu zaman-zaman görmüşük. Əlbəttə ki, bunu bütün meyxanaçılara şamil etmək olmaz. Bir qismi öz yolu ilə gedir, İranın təbliği məsələsinə heç bir aidiyyəti yoxdur.

O ki, qaldı bu məsələnin qarşısı alınması üçün maarifləndirici, profilaktik işlərin aparılmasına, bu, o şəxslərə şamil olunur ki, onlar bu yola düşməyə meyillidir və yaxud bu istiqamətdə ilkin addımlarını atırlar, onlara təsir edir. Lakin beyinləri yuyulmuş adamlara profilaktik iş təsir etmir, onlara yalnız cəza təsir edir. Yəni İranda dini təhsil alıb gəlmiş adama profilaktik işin hansı təsiri ola bilər? Beyni yuyulmuş adamları yalnız və yalnız sərt qanunla cəzalandırmaq lazımdır. Cəza vermədikdə onlar şəbəkələrini genişləndirirlər”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR