İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Miridən gözlənilən AÇIQLAMA

Bir neçə gün əvvəl ölkə mediasında belə bir xəbər yayıldı ki, Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq. Hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Təəssüf ki, son vaxtlar dəfn, yas mərasimlərinin keçirilməsi ictimaiyyətdə ciddi narahatlıq doğuran məsələ kimi gündəliyə gəlib. Xüsusən də, Azərbaycanda yas mərasimlərində verilən ehsan israfçılığı cəmiyyəti ciddi narahat edir. Sanki ölü sahibi bununla mərhumu çox istədiyini və onun ruhunu şad etdiyini göstərir. Ancaq bu ehsan süfrələrində ifratçılıq və israfçılıq baş alıb gedir.

Bəs doğrudanmı bütün bunların dinə, şəriətə dəxli var?

Məsələ ilə bağlı Referans.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, yas mərasimlərində ehsan verilməsinin ölüyə heç bir müsbət təsiri yoxdur:

“Ümumiyyətlə, İslam dini ölü dini deyil, dirilər üçün gəlib. Çünki ölülərin danışmaq, əməl etmək, günah etmək, yaxşı iş görmək bunların heç birini edə bilmirlər. Bu din dirilər üçün naviqatordur. Sabah ölülər üçün heç kim yol hərəkət qaydalarını soruşub öyrənə bilməz. Düzdür, hər birimiz öləcəyik, bunun heç bir alternativi yoxdur. Amma nəticə etibarı ilə bizim bu gün etdiklərimizin əvəzi o biri dünyada qarşımıza çıxacaq. Allah da bildirib ki, kim yaxşılıq edibsə əvəzin görəcək, kim də zərrə qədər pislik edibsə, əvəzini görəcək”.

Dinşunas bildirib ki, bu günkü yas mərasimi anlayışı İslama aid bir məsələ deyil. Onun sözlərinə görə, bu insanların sonradan ortaya çıxardığı və onların bir növ yığışıb yaxın bildikləri insanlara baş sağlığı verdikləri, onu təsəlli etməyə çalışdıqları, tək qoymamağa cəhd etdikləri bir ənənədir: “Bunun dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə bunu bir dini formaya salıblar. Sonradan dini bir peşə kimi ortaya çıxan mollalıq və din xadimi anlayışı kimi bunlar bir növ birləşərək öz dırnaqarası inkişafını təmin ediblər. Buna görə də yemək verildi-verilmədi, çay verildi-verilmədi, bu, ümumi və mənasız bir məsələdir”.

İslam dinində bir insan vəfat etdisə, artıq hər şey onunla Allah arasında qalır. Yoxsa, bu gün ehsan versəm, həmin adamın vəziyyəti yaxşımı olacaq? Belə bir qarantiya və ya anlayış yoxdur. Sadəcə gələn insanlara çay vermək olar, oturub söhbət etmək olar. İndiki vəziyyətdə bilmirsən ölünlə maraqlanasan, yoxsa evə gələn insanlarla – deyə Elşad Miri qeyd edib.//Mənbə: Referans.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR