İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmira Axundovanın oğlunun şərikini əfvlə türmədən çıxarmaq istəyirlər – KOMİSSİYA ÜZVLƏRİNƏ ŞOK MÜRACİƏT

Sabiq səfir Elmira Axundovanın oğlu Həbib Axundovun adı qarışan 8 milyonluq dələduzluq işi üzrə həbsə alınan Elnur İbrahimovun əfvə salınması üçün addımlar atılıb.

Musavat.com-un xəbərinə görə, bu haqda iş üzrə zərərçəkənlər Əfv Komissiyasının sədri Samir Nuriyevə və Komissiya üzvlərinə yazdıqları məktubda məlumat veriblər. Onlar  qanunsuzluğun qarşısının alınmasını xahiş edirlər.

Məktub müəllifləri yazırlar ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, İş № 1(101)-75/2019 hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) cinayətini törətməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş Elnur İbrahimovun cinayət işi üzrə zərərçəkəndirlər:

“Hörmətli Samir müəllim,

Xanımlar və cənablar

Sizə müraciət etməklə ƏDALƏT istəyirik.

Bizə qarşı Elnur İbrahimov və onu himayə edənlər tərəfindən qrup şəkilində aldatmaqla külli miqdarda dələduzluq cinayəti törədilib. Əfsuslar olsun ki, qrup rəhbərinin səyləri ilə yalnız Elnur İbrahimov həbsə alınaraq cəzaya çatdırılıb. Məlumat üçün bildirək ki, Elnur İbrahimovun üzvü olduğu mütəşəkkil cinayətkar dələduz dəstə iş qurmaq adı ilə 2013-cü ildə bizdən 1 milyon manatdan artıq pul alaraq mənimsəyib. Ümumilikdə isə mütəşəkkil cinayətkar dələduz dəstə iş qurmaq adı ilə 8 milyon manat ələ keçirib.

Bundan sonra isə məsələnin üstü açılıb və Elnur İbrahimovu əvvəlcə Gürcüstana, oradan isə Moskvaya qaçırıblar. Bizim israrlı tələblərimizdən sonra yalnız 2016-cı ildə Elnur İbrahimov Moskvada tutulub. 1 il sonra Azərbaycana ekstradisiya olunmaqla barəsindəki cinayət işi istintaq olunmağa başlayıb.

İstintaq obyektivlikdən çox uzaq aparılıb, dəstə rəhbəri, digər şəxsin bizə qarşı cinayət əməllərinə qiymət verilməyib. Halbuki istintaqa dəstə rəhbərinin dələduzluq cinayətini sübut edən səs yazılarını, Elnur İbrahimovla sms yazışmalarını və iş üçün əhəmiyyətli digər dəlil sübutları da təqdim etmişdik.

Bakı Ağır Cinayətlər Məhkəməsində də dəstə rəhbərinin, onun yaxın ətrafının cinayətləri araşdırılmamış qaldı. İş materiallarında olan səs yazılarına, iş üçün əhəmiyyətli digər dəlil sübutlara da çox təəssüf ki, Bakı Ağır Cinayətlər Məhkəməsində də huquqi qiymət verilmədi. Daha doğrusu, mütəşəkkil cinayətkar dələduz dəstənin himayəçisi buna imkan vermədi.

Elnur İbrahimovun barəsindəki hökmü yüngül hesab edərək Bakı Apellyasiya Məhkəməsinə, müvafiq olaraq Ali Məhkəməyə də şikayətlər vermişik. Lakin şikayətlərimiz təmin olunmayıb. Zərərçəkənlərdən yalnız Fərman Məmmədovun məhkəməyə təqdim etdiyi mülki iddia təmin olunub. Mülki iddia üzrə Elnur İbrahimov ötən 7 il ərzində 1 qəpik belə ödəməyib. Əvəzində Ali Məhkəmədə şikayətimizə baxılarkən Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödəməsi haqda məlumat verilib və bu məsələ yüngülləşdirici hal kimi qiymətləndirilərək Elnur İbrahimovun cəza müddəti 3 ay azaldılıb.

Elnur İbrahimov ona rəhbərlik edənlərlə birgə törətdiyi dələduzluq əməlindən peşman deyil, onun əfvlə yenidən cəmiyyətə qaytarılması üzvü olduğu dəstə tərəfindən yeni dələduzluq cinayətlərində istifadə edilməsinə yol açacağı şübhəsizdir.

Elnur İbrahimovun 1 milyon manatdan artıq dələduzluq etməsi Azərbaycan Respublikasının adından çıxarılan hökmlə təsdiqlənib. O, zərəri ödəməkdən yayınır. Aldığımız məlumata görə, onun himayəçiləri Əfv Komissiyası üzvləri arasında əlaqəli şəxslərlər axtarır, onun azadlığa çıxmasına çalışırlar.

Bu da səbəbsiz deyil. Çünki hələ həbs olunmazdan əvvəl Elnur İbrahimova “səni əvflə azadlığa buraxdıracağıq” sözü verilib. Mətbuatda bu haqda kifayət qədər məlumat var.

Sizlərdən xahiş edirik ki, mütəşəkkil cinayətkar dələduz dəstənin planlarının baş tutmasının qarşısını alasınız. Dələduzluq cinayəti törətmiş, vurduğu külli miqdarda zərəri ödəməkdən boyun qaçıran Elnur İbrahimovun cəzasının tam olaraq çəkməsinin əngəllənməsinə yol verməyəsiniz”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR