İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Nəsirov: “Fransa 3-cü Qarabağ müharibəsinin başlanmasında maraqlıdır”

 

“Fransanın ali, siyasi və hərbi rəhbərliyinin anti -Azərbaycan siyasəti həyata keçirməsi intensiv xarakter kəsb etməyə başlayıb. Ölkə prezidenti Emmanuel Makrondan tutmuş, hakimiyyətin digər qanadları da bu mövqedən çıxış edirlər”.

Bu fikirləri Musavat.com-a millət vəkili Elman Nəsirov deyib. E.Nəsirov siyasilərin bu mövqeyi gizlətmədiyinə diqqət çəkib: “O da bəlli olub ki, Fransa Azərbaycana qarşı siyasətə yeni detallar əlavə etməkdədir. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin dinləmələr adı altında geri çağırılması, Makron  tərəfindən qəbul edilməsi sıradan olan məsələ deyil. Əslində, bununla Fransa Azərbaycanla diplomatik münasibətləri kəsmək niyyətini ortaya qoyur. Artıq konfrontasiya mühiti növbəti mərhələyə keçir. Belə olan təqdirdə Azərbaycan tərəfinin analoji addım atması məntiqlidir. Azərbaycan da Fransadakı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmələr üçün geri çağıra bilər. Bu, gözləniləndir”.

E.Nəsirovun fikrincə, bundan sonra Fransa Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq yolunda hər hansı təşəbbüslərinin aktiv şəkildə qarşısını almağa çalışacaq: “Ermənistan baş nazirinə bildiriləcək ki, Azərbaycanla heç bir halda sülh müqaviləsi imzalamaq lazım deyil. Fransanın Ermənistanı silahlandırması növbəti mərhələyə keçə bilər. Fransa Ermənistanı Azərbaycan əleyhinə müharibəyə hazırlamaq niyyətini gizlətmədən ortaya qoya bilər. Bu, istisna deyil. Hesab edirəm ki, bu, yanlış siyasətdir. Bu addımlar Cənubi Qafqaz regionuna sülh və əmin-amanlıq deyil, müharibə gətirir. Fransa 3-cü Qarabağ müharibəsinin başlanmasında maraqlıdır. Amma Fransa unutmasın ki, Azərbaycan güclü dövlətdir.

Azərbaycanı güclü edən prezidenti, ordusu, xalqı var. O cümlədən Azərbaycanın Türkiyə və Pakistan kimi güclü müttəfiqləri var. Makron öz ölkəsində nüfuzunun son dərəcə aşağı olmasını unutmasın. Makronun prezidentlik dövrünün sona qədər davam edib-etməyəcəyi sual altındadır. Çünki Fransa tarixində indiyə kimi nüfuzu bu qədər aşağı düşmüş prezidenti olmayıb. Hadisələrin bundan sonrakı inkişafına görə məsuliyyət Fransanın üzərinə düşəcək. Azərbaycan heç bir məsuliyyət daşımır. Fransa öz səfirini məsləhətləşmələr üçün geri çağırdıqdan sonra təlimatlandırıb düzgün istiqamətə yönləndirməlidir. Azərbaycanla qarşıdurma mühiti  Fransanın region siyasəti üçün ciddi təhlükələr yaradır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR