İnsanlara hürriyət, millətlərə istiqlal!

Elm və təhsilə ayrılan pula etirazlar

Sabiq təhsil naziri deyir ki, bu sahəyə ayrılan vəsait ildən-ilə artırılmaq əvəzinə, azaldılır; ölkədən “beyin axını” sürətlənib

"Azərbaycanın 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində  müzakirə edildiyi barədə xəbər vermişdik. Müzakirələr zamanı deputat Əli Məsimli qeyd edib ki, 2024-cü ildə elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 197,2 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 38,9 milyon manat və ya 16,5 faiz azdır: “Hesabat ilində elm xərcləri ÜDM-in 0,16 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib.

Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır”. Deputat vurğulayıb ki, elmi işçilərin əksəriyyətinin maaşları  çox aşağıdır: “Əbədi geri qalmaq istəmiriksə, fikirdə, sözdə və əməldə elmə münasibət köklü surətdə dəyişdirilməli, elmin maliyyələşdirilməsinin beynəlxalq hədəflərinə doğru hərəkətini təmin etmək üçün bu sahədə köklü islahatlar aparılmalıdır. Elmin maliyyələşdirilməsinin bütün ağırlığı dövlət vəsaitinin üzərində olmamalı, digər mənbələrdən də istifadə edilməsinin işlək mexanizmi hazırlanaraq həyata keçirilməlidir. Müqavilə münasibətləri və digər mütərəqqi üsul və vasitələrlə, sözün əsl mənasında, elmlə məşğul olan şəxslərin öz intellektual qabiliyyətini 500-700 manatlıq maaş çərçivəsindən çıxarıb potensialına uyğun daha yüksək gəlir əldə etməsi üçün əlverişli şərait yaradılmalıdır. Əgər islahatlar yolu ilə elmin iqtisadiyyata inteqrasiyasına nail ola bilsək, həmin sahəyə yönəldilən hər manat digər sahələrdəkindən daha çox gəlir gətirəcək”.

Yeri gəlmişkən, bu günlərdə sabiq təhsil naziri də bu aktual mövzuya toxunmuşdu. Misir Mərdanov deyib ki, professorların maaşı 1 000 manata yaxındır və bu maaşla heç bir alim ailə dolandıra bilməz.

Müqayisə üçün deyək ki,  Türkiyə 2024-cü il üçün təhsilə 1,62 trilyon lirə (təxminən 38 milyard ABŞ dolları) ayırıb. Bu, dövlət büdcəsi xərclərinin 14,6 faizini və ÜDM-in 4,5 faizini təşkil edir. Bu rəqəm OECD ortalamasına (5-6%) yaxın bir göstəricidir. Türkiyə son illərdə təhsilə yatırımlarını davamlı artırır, yeni məktəblər tikilir, müəllimlərin maaşları yüksəldilir və texnologiyaya əsaslanan təhsil yanaşmaları inkişaf etdirilir.

Gürcüstanın 2024-cü il üçün təhsil büdcəsi 2,34 milyard lari (təxminən 870 milyon ABŞ dolları) təşkil edir. Bu, dövlət büdcəsinin 13 faizinə yaxın, ÜDM-in isə 3,74 faizinə bərabərdir. Gürcüstan kimi kiçik iqtisadiyyata sahib bir ölkə üçün bu göstərici diqqətəlayiqdir. Xüsusilə məktəb infrastrukturunun yenilənməsi, müəllimlərin peşəkar inkişafı və təhsil texnologiyalarına keçid sahəsində atılan addımlar beynəlxalq səviyyədə də təqdir olunur. Təhsil sahəsində ən öndə olan ölkə - Finlandiya təhsil sisteminə ÜDM-in 6,1 faizini ayırır. Bu ölkədə təhsilin keyfiyyəti yüksəkdir və müəllimlik cəmiyyətdə ən nüfuzlu peşələrdən biri sayılır. Təhsil pulsuzdur və bərabərlik prinsipi əsas götürülür.

Cənubi Koreya isə təhsilə ÜDM-in 5 faizdən çoxunu yönəldir. Rəqabət yönümlü sistem, texnologiya yönümlü dərslər və elmi tədqiqatlara xüsusi önəm ölkəni Asiyanın təhsil liderlərindən birinə çevirib.

Azərbaycan təhsilə ayırdığı vəsaitlə bəzi qonşu ölkələrdən geri qalmır. Lakin bu rəqəmlər iqtisadi potensiala və geosiyasi ambisiyalara uyğun səviyyədə deyil. Təhsil sahəsində keyfiyyətli inkişaf üçün təkcə büdcənin artırılması yox, həm də bu vəsaitin şəffaf və səmərəli xərclənməsi, müəllimlərin rifahının yaxşılaşdırılması və tədris keyfiyyətinin yüksəldilməsi əsas hədəf olmalıdır.

Firudin Cəlilov: "Made in Turan"ın loqosunda qurddan daha çox atın olması  məsləhətdir Pravda.az

Firudin Cəlilov

Sabiq təhsil naziri, professor Firudin Cəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Elmə ayrılan vəsait ildən-ilə artırılmaq əvəzinə, azaldılır. Bunun da mənası odur ki, ölkədə elmin inkişafına maraqlı deyillər. Elmə və təhsilə qoyulan investisiya ən dəyərli sərmayə sayılır. Çünki millətin, dövlətin gələcəyi, sağlamlığı, inkişafı onunla bağlıdır. Əgər elmdə, təhsildə inkişaf olmasa, ölkə də inkişaf etməz. İki üstəgəl iki dördə bərabərdir, bunun ayrı izahı yoxdur. Əgər açıqlanan rəqəmlər reallıqdırsa, bu, çox xoşagəlməz hadisədir. Azərbaycanda çox savadlı alimlər var. Amma onlara bir gün ağlayan olmadığı üçün əksəriyyəti xaricdə işləməyə gedib. Beyin axını özünü göstərir. Getmək imkanı olmayanlar, ailəsini qoyub gedə bilməyənlər burada elə-belə, aşağı maaşla, elmə ayrılan pulla dolanırlar. Alim təhsil ocaqlarında hazırlaşıb, sonra elmlə məşğul olur. Deməli, bunun kökü oradan başlayır. Ona görə təhsildən başlamaq lazımdır ki, savadlı alimlər yetişsin. Azərbaycanlılar çox istedadlıdır. Gedirlər, xaricdə çox böyük uğurlar qazanırlar. Elmdə, tibbdə və digər vacib sahələrdə uğurları var. Deməli, burada şərait yoxdur ki, onlar da inkişaf etsinlər. 40-50 ildir akademiya var, amma bir Nobel mükafatı alan yoxdur. Halbuki azərbaycanlılar çox istedadlı, savadlıdır. Təcrübədə biz bunu görürük”.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

 Ceyhun Məmmədov

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun da “Yeni Müsavat”a dedikləri diqqət çəkir: “Bu məsələni mən də dəfələrlə Milli Məclisdə qaldırmışam. Elm və Təhsil Nazirliyinin iştirakı ilə keçirilən görüşlərdə də dəfələrlə demişəm ki, elm sahəsinə diqqət və qayğımız artmalıdır. Bu gün dünyada elə bir dövlət yoxdur ki, elmə, savada dəyər vermədən inkişaf etsin. Yəni inkişafın əsasını elmə və biliyə verilən dəstək təşkil edir. Bu reallıqdır ki, bu gün həm universitetlərimizdə, həm də elm müəssisələrində müəllimlərin maaşını artırmağa ehtiyac var. Bu gün cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlar əldə edib. Qalib xalqıq, uğurlarımız getdikcə artır. Bu uğurlarla təhsil sahəsindəki uğurlarımız da bərabər olmalıdır. Bu istiqamətdə də prosesə töhfə verilməlidir. Bunu prioritet sahə kimi xüsusi diqqətə almalıyıq. Bu gün müəllimlərlə alimlərin maaşının artırılması haqda düşünməliyik. Hərbi sahədə nailiyyətlərimizi elm sahəsində də davam etdirməliyik. Elm sahəsində uğurlarımız özünü təhsildə, elmdə də göstərməlidir. Getdikcə elmə maraq daha da azalır, elmə gəlmək istəyənlərin sayı azalır. Çünki əksəriyyət daha yüksək maaşla işləməyə, daha yüksək maaş almağa çalışır. Əslində dövlətimiz bu istiqamətdə addımlar atır, müəyyən səylər göstərir. Bu istiqamətdə işlərin daha da artırılması lazımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR