İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevin Turan və Avrasiya siyasəti - Qırğızıstan və Qazaxıstan səfərlərinin şifrələri

Azərbaycan özünü ciddi ehtiyac duyulan bir ölkəyə çevirə bilib; Prezident həm Qərb, həm də Asiya ilə əməkdaşlıq məsələlərində doğru strategiya həyata keçirir

Prezident İlham Əliyev oktyabrın 11-də Qırğızıstana rəsmi dövlət səfərinə gedib. Prezident Qırğızıstanda bir sıra mühüm görüşlər keçirib və müəyyən qərarlar, mühüm dövlətlərarası, hökumətlərarası sənədlər imzalanıb. Səfərin ilk günü paytaxt Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib. Sonra isə Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası baş tutub.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi Azərbaycan və Qırğızıstan birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəlinib. 

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı həyata keçirilib. Prezident İlham Əliyev və Prezident Sadır Japar mərasimdə iştirak ediblər.

Oktyabrın 12-də isə Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər. Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin də açılış mərasimi keçirilib. Açılış mərasimində Prezidenti İlham Əliyev və Prezident Sadır Japarov  iştirak ediblər.

İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb » Azərbaycan Prezidentinin  Rəsmi internet səhifəsi

Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri 12 oktyabrda başa çatıb və dövlət başçımız Bişkekdən daha bir qardaş ölkəyə-Qazaxıstanın paytaxtı Astanaya gedib.

Nəzərə çatdıraq ki, 11 ölkənin lideri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı iclasında iştirak etmək üçün Astanada toplaşıblar. Oktyabrın 12-13-də keçiriləcək tədbirdə prezidentlər İlham Əliyev (Azərbaycan), Rəcəb Tayyib Ərdoğan (Türkiyə), Vladimir Putin (Rusiya), İbrahim Rəisi (İran), Bərhəm Salih (İraq), Mahmud Abbas (Fələstin), Şevket Mirziyoyev (Özbəkistan), Sadır Japarov (Qırğızıstan), Emoməli Rəhmon (Tacikistan) və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani iştirak edəcəklər. Belarus Prezidenti Aleksandr Lukaşenko da müşahidəçi ölkə lideri kimi sammitə dəvət olunub. Toplantıda 27 üzv ölkədən 50-yə yaxın nümayəndə heyəti iştirak edir.

Bu tədbirin ardınca isə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi  dövlət başçılarının sammiti keçiriləcək.

Göründüyü kimi, Azərbaycan Prezidentinin Qırğızıstan və Qazaxıstan səfərləri kifayət qədər önəmli və əhatəlidir.

Öncə buna türk dövlətləri ilə Azərbaycanın əməkdaşlığının daha da yaxınlaşması kontekstində yanaşmaq lazımdır. Burada xatırladaq ki, Türk Dövlətləri Birliyi qarşısına mühüm vəzifələr qoyub və hər fürsətdə bu istiqamətdə addımlar atılır.

Bu baxımdan Prezidentin Qırğızıstana və Qazaxıstana səfəri Azərbaycanın türkdilli ölkələrin, xalqların birliyi, inteqrasiyası kontekstində yüksək dəyərləndirilir.

İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Digər mühüm bir məqam isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev həm Qərb, həm də Asiya ilə əməkdaşlıq məsələlərində tamamilə doğru strategiya həyata keçirir. Söhbət ondan gedir ki, ötən həftə Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirakın, burada əldə olunan razılaşmaların ardınca - bu həftə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və MDB dövlət başçılarının sammitinə qatılan Prezident İlham Əliyev Azərbaycanın milli və dövlət maraqları çərçivəsində kifayət qədər siyasi və diplomatik məharət nümayiş etdirmiş oldu. Bu, çox vacib siyasi gedişlərdir və məqsəd Azərbaycanın bütün istiqamətlər üzrə prioritetlərinə, hədəflərinə xidmət edən mühüm addımlardır. 

Daha bir məqamı vurğulayaq ki, əslində Azərbaycan Prezidentinin xarici siyasətinin əsas prioritetlərindən biri də Türk dünyası ilə bağlıdır. Qardaş Türkiyənin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanla birlikdə İlham Əliyev bir neçə il ərzində Türk dövlət və topluluqlarını bir araya gətirməyi bacardılar və onları vahid istiqamət üzrə birləşdirə bildilər. Bu gün türk dövlətlərinin bir təşkilatda - TDT (Türk Dövlətləri Təşkilatı) - birləşməsinin və bir-biri ilə heç zaman olmayan qədər yaxınlaşmasının əsas səbəbkarı Əliyev-Ərdoğan tandemidir. Türk dünyası tarixində heç zaman bu qədər böyük ərazi və əhalini nəzarətdə saxlayan dövlətlər bir-biri ilə bunca yaxın olmamışdı. Görünən budur ki, Əliyev qardaşı Ərdoğanla birlikdə Avrasiya materikindəki Türk dövlət və topluluqlarını tam yaxınlaşdırmaq, inteqrasiya etmək və Avropa İttifaqı modelində bir birlik yaratmaq niyyətindədir. Şərti olaraq Türk İttifaqı, yaxud Turan Birliyi deyə biləcəyimiz bu oluşum üçün 100 illərdir milliyyətçi türk ziyalıları, dövlət xadimləri, türk imperatorları çalışdılar. Deyəsən, onların zəhmət, fəaliyyət və arzularının həyata keçmə zamanı indidir. Hazırda Əliyev-Ərdoğan tandeminin Turançı siyasəti ən qatı türk millətçilərinin, ülküçülərin belə xəyal edə bilməyəcəyi səviyyədədir. Azərbaycan və Türkiyə prezidentlərinə bu ölkələrdə böyük etimadın olması prosesin möhtəşəm perspektivinin olduğuna əminlik yaradır.

Azər Həsrət: Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin mesajından  ciddi nəticələr çıxarmalıdır - AZƏRTAC

Azər Həsrət 

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin uzun müddətdir gözlənilən Qırğızıstana rəsmi dövlət səfəri çox uğurlu rəsmi səfər oldu: “Orta Asiyanı yaxından izləyən biri kimi, bilirəm ki, uzun illər idi Qırğızıstanda Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi dövlət səfərini gözləyirdilər. Düzdür, Cənab İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərdə iştirak məqsədilə Qırğızıstana səfərləri olmuşdu. Amma böyük nümayəndə heyətinin də iştirakı ilə rəsmi dövlət səfəri olmamışdı. Uzun müddətdən sonra 2021-ci ildə Qırğızıstanın Azərbaycana səfir təyin etməsi və digər qarşılıqlı müsbət addımlar Azərbaycanla Qırğızıstan arasında münasibətləri sürətlə istiləşdirməyə və hazırkı yüksək səviyyəyə gətirib çıxara bildi. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin Qırğızıstanla daha yaxın olma maraqları, iradəsi nəhayətdə bu səfərin reallaşması ilə nəticələndi. Xatırlayırsınızsa, bir neçə ay öncə Qırğızıstan Prezidenti də Azərbaycana səfər etmişdi və yüksək coşqu ilə qəbul edilmişdi. Bu da Qırğızıstan ictimai rəyində ciddi bir müsbət ajiotaja səbəb olmuşdu. Əlbəttə ki, iki qardaş ölkənin arasında münasibətlərin bu şəkil almasında Azərbaycan Prezidentinin türkdilli ölkələrlə münasibətlərə çox böyük diqqət ayırmasının, bu istiqamətdə çox ciddi bir siyasi xətt yürütməsinin mühüm rolu var”.

İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Siyasi analitik qeyd etdi ki, səfər zamanı imzalanan dövlətlərarası, hökumətlərarası sənədlər, investisiya məsələləri ilə bağlı əldə olunan razılaşma və digər reallaşdırılan addımlar Azərbaycan-Qırğızıstan münasibətlərinin, yəni iki türk dövlətinin münasibətlərinin yeni bir üst mərhələyə çıxmasından xəbər verir. Ümumiyyətlə isə Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas üzvlərindən biri kimi türk dünyasının birləşdirilməsi üçün bütün mümkün olanları edir və etməsi də nəticə etibarilə digər dövlətlərin bizə marağını daha da artırır: “Bu siyasət təkcə türk dövlətləri deyil, coğrafiyamızdakı digər dövlətlərin də əməkdaşlıqda maraqlı olmasına əlavə stimul verir. Yəni Azərbaycan elə bir mövqedən çıxış edir ki, həm qardaş türk dövlətləri, həm də ki, bizimlə qohumluq bağları olmayan digər dövlətlər də məhz Azərbaycanla yaxın olmağa meyl göstərirlər. Bura bir ştrix də əlavə edək ki, xüsusən də Avropanın Azərbaycana olan bugünkü ehtiyacı da yaxın qonşularımızın daha sıx şəkildə bizdən yapışmasına əlavə stimul verir. Hər kəs görür ki, Azərbaycan həm Şərq, həm Qərb istiqamətlərdə fəaliyyətini yüksək səviyyədə qurur, fəaliyyətini bütün istiqamətlərdə səmimi qurur və əməkdaşlıq üçün ən uğurlu dövlət olaraq çıxış edir. Azərbaycan özünü ehtiyac duyulan bir ölkəyə çevirə bilib. Bax bu məqam da istər türk dövlətləri coğrafiyasında, istərsə də bu coğrafiyadan kənarda ölkəmizə çox ciddi ehtiyacın yaranmasına səbəb olur. Azərbaycanın qardaş Türkiyə ilə birgə addımlaması da türk dünyası ilə əlaqələrin sürətli irəliləməsində öz təsirini göstərən faktorlardandır. Azərbaycan türk coğrafiyasında özək təşkil edir. Azərbaycan olmadan türk birliyi olmaz, türk dövlətlərinin bir araya gəlməsi mümkünsüz olar. Türk dövlətləri məhz Azərbaycan üzərindən bir-biri ilə bağlana bilir. Bizi həm Orta Asiyada, həm də Qərbdəki türk coğrafiyalarında daha yaxşı başa düşürlər, bizə daha çox inanırlar. Ona görə də Azərbaycanın lokomotiv dövlət olması heç kimdə təəccüb doğurmamalıdır. Azərbaycan bu bölgənin olmazsa olmazıdır. İstər şimal qonşumuz, istər cənub qonşumuz, istər türk coğrafiyası, istərsə də türk coğrafiyası xaricindəki ölkələr üçün məhz belədir”.  

A.Həsrət onu da bildirdi ki, Qırğızıstan və Qazaxıstan türk dövlətlərinin birliyi üçün önəmli dövlətlərdəndir. Onlar Orta Asiya coğrafiyasının türk dünyası ilə birliyində ciddi əhəmiyyət kəsb eləyən ölkələrdir.       

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR