İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevin əfv etdiyi bloger erməni rejissorla Azərbaycan əleyhinə film çəkir

Politoloq: “Lapşin mənəviyyatını erməni parasına satmış adamdır, humanistlik edib onu azad etdik, o isə...”

Rusiya doğumlu, yəhudi əsilli Aleksandr Lapşin Azərbaycana qarşı yeni təxribat hazırlayır. Xatırladaq ki, vaxtilə Qarabağa qanunsuz səfərlər elədiyi, erməni separatizminə açıq dəstək verdiyi, Azərbaycan dövlətini aşağıladığı üçün Azərbaycan XİN-in “qara siyahı”sına salınan, daha sonra Belarusda saxlanılıb Bakıya ekstradisiya edilən, “bloger-səyahətçi” 3 il həbs cəzasına layiq görülmüşdü.

Lakin 2017-ci ildə anasının və özünün əfvlə bağlı müraciətindən sonra Prezident İlham Əliyev ona böyük humanistlik göstərərək, əfv elədi. Azadlığa buraxıldı və İsrailə getdi. Təəssüf ki, türmədən çıxandan az sonra köhnə əməllərinə, Azərbaycana və xalqımıza böhtanlar atmağa davam elədi. İndi də erməni rejissor Civan Avetisyanla birləşib Azərbaycan əleyhinə film çəkməklə məşğuldur.

Sitat: “Dostlar, bir xəbəri bölüşmək istəyirəm. Rejissor Civan Avetisyanın "Qara siyahı" (“Black list”) bədii filmi üzərində iş fəal şəkildə davam edir. Bu, Belarusda həbs olunmağım, Azərbaycana qanunsuz ekstradisiyam, Bakı həbsxanasında işgəncə və alçaldılmam haqqında Amerika-Avropa trilleri olacaq. Alan Parkerin 1978-ci ildə çəkilmiş türk həbsxanasından bəhs edən sensasiyalı “Gecəyarısı Ekspresi” filmi kimi bir şey yəni".

Üzdəniraq bloger sevinc hissi ilə onu da deyib ki, filmdə Hollivudun bir çox tanınmış aktyorları da iştirak edəcək. “Biz Azərbaycanı dünyada məşhur edəcəyik, amma əlbəttə ki, onların istədiyi formada yox”, - erməni yanlısı özünə vurğunluqla iddia edib.

Şübhə yox ki, film ermənilərin pulu ilə çəkilir və mənfur millət, xüsusən də erməni lobbisi ondan ölkəmizə qarşı təbliğat savaşında gen-bol istifadə edəcək.

Bəs biz necə, Qarabağ həqiqətləri haqda nəsə ortaya qoya, erməni yalanlarını daş edən film çəkə bilirikmi? Doğrudanmı Lapşinin filmində Hollivud aktyorları da yer alacaq?

Namiq Ağayev – 60 – AKI

Namiq Ağayev 

Tanınmış rejissor Namiq Ağayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bu dərd neçə vaxtdır bizi narahat edir ki, bizdə hələ indiyə kimi Qarabağ, tarixi həqiqətlərimiz haqqında film çəkilmir. Halbuki maddi vəsait tapıldısa ilk növbədə müharibə, Qarabağ mövzusunda film çəkilməlidir. "Biz indi güldən, çiçəkdən, sevgidən kinolar çəkməməliyik, ancaq müharibə mövzusunda çəkməliyik?", - deyə mənə suallar verənlər olur. Cavab verirəm ki, bütün dünya rejissorları indi müharibə atmosferində filmlər çəkməyə, həmin filmlərdə Mel Gibson və bu kimi ən məşhur ulduzları cəlb etməyə çalışırlar. Əlbəttə ki,  müharibə  mövzusunun içərisində sevgi də vermək olur, bunun özü də peşəkarlıq tələb edir. Bununla bağlı biz dünyada  çox gözəl film nümunələri görmüşük.

Məsələ orasındadır ki, bizim kino sektorunda bir məsuliyyət daşımaq qorxaqlığı var. Yəni qorxurlar ki, bu mövzuda film çəksinlər, amma film alınmasın və söyülsünlər. Ona görə də imkanları olsa belə təsadüfi adamlar artıq kino çəkmirlər. Əsl sənətkar isə heç nədən qorxmamalı, öz sənətinə güvənməlidir. Məhz buna görə də türkiyəli sənətkarları gətirirlər ki, onların  təcrübələri var. Türkiyənin xüsusi təyinatlı mövzusunda yaxşı filmləri var və bu sahədə xeyli təcrübəyə malikdirlər. Amma tarixi kinolar ilə  serialları  qarışdırırlar. Məsələn, "Diriliş Ərtoğrul", "Quruluş Osman", bunlar serialdır.

Ermənilərə gəldikdə, artıq onların 2 filmini görmüşəm. Bunlar İtaliya və Amerika aktyorlarının çəkildiyi və Los-Ancelesdə 98 milyon xərc çəkilən filmlərdir. İkisi də obyektiv olaraq bəxtimizdən zəif çıxdı. Lakin buna baxmayaraq, ermənilər Azərbaycana, azərbaycanlılara qarşı kino çəkməkdə davam edirlər. Məsələn, “Cənnət qapıları” adlı film. Müharibəni uduzmaqlarına baxmayaraq, onlar özlərini bu filmdə qəhrəman kimi təqdim ediblər.

Biz rejissorlar tarixi mövzularla bağlı hara müraciət ediriksə, geri dönüşü olmur. Məsələn, bildiyiniz kimi, “İrəvan xanlığı” və  “Qarabağ xanlığı”nın ssenarisi hazırdır. Sadəcə, onu oxumağa belə həvəsli deyillər, çox laqeyddirlər".

Bəs Azərbaycanı gözdən salmağa yönəlik belə təbliğati oyunlara qarşı dövlətimiz hansı addımları ata bilər və atmalıdır? Lapşin təzədən axtarışa verilə bilərmi?

Xankəndi ermənisindən şok: Rusiyaya birləşəcəyik - Professor Qabil Hüseynli  ilə CANLI

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli qeyd etdi ki, Lapşinin davranışları ilə bağlı Azərbaycan dövləti indidən tədbirlər görməlidir:

“Lapşin milliyyətcə yəhudidir, ancaq  erməni mafiyasının əlində bir oyuncaqdır. Demək olar ki, başdan-ayağa girov götürülmüş, mənəviyyatını erməni parasına satmış adamdır. Bizim xalqımız da humanistdir, hər şeyi tez unuduruq. Bunun da nəticəsində başımıza olmazın işlər gəlir. Beləliklə, əgər Lapşin öz xislətində qalaraq, Azərbaycana qarşı təxribat hərəkətləri edirsə, indidən  təbirlər görmək lazımdır.

Əlbəttə ki, bizim səhvimiz budur ki, onu həbsdən azad etdik. Həbsdən azad edilərkən qəti surətdə tövbə etdi, Azərbaycanı sevdiyini, bundan sonra Azərbaycana qarşı hərəkət etməyəcəyini dedi. İndi isə Azərbaycandan şikayətləndiyini, Azərbaycana qarşı film çəkəcəyi haqqında bəyanatlar verir. Bununla da nə qədər mənəviyyatsız insan olduğunu bir daha ortaya qoyur. Onun məqsəd və amalı  bəşəri dəyərlərə deyil, şəxsi niyyətlərə hesablanıb. Beləliklə də Aleksandr Lapşinin  hərəkətləri  cılız bir insanın davranışlarıdır.

O ki qaldı onun Azərbaycana qarşı yenidən hərəkətə  başlamasına , əlbəttə ki, indidən onun hərəkətlərinə qarşı müəyyən təbliğati işlər görməliyik. Çox yaxşı olardı ki, Lapşinin blogerlik etdiyi vaxtlar, daha sonra Azərbaycan həbsxanasında iradəsizlik göstərərək, Azərbaycan  hakimiyyətinə yalvarması, daha sonra indiki davranışları, bütün bunlarla bağlı videolar toplanaraq, sənədli film formasında təqdim olunsun.

Daha bir məsələ, əgər  Azərbaycanın ləyaqətini alçaldan, xalqımızın heysiyyətinə toxunan, böhtan və iftira xarakterli film ərsəyə gələrsə,  Azərbaycan həmin filmin ssenari müəlliflərini məhkəməyə verə, təzminat ala və filmin yayımlanmasının  yasaqlanmasına nail ola bilər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR