İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevin bu sözlərini Paşinyan başı üstündən asmalıdır!

Kapitulyant tərəfin oyunları artıq Qərbi də, Şərqi də bezdirib; Ermənistanın xilası Bakının əlində; 2025-dək bayrağımız Xankəndində dalğalanacaq...

2022-ci il Nikol Paşinyanın “sülh göyərçini” olmadığını bariz şəkildə ortaya qoydu. Ermənistan rəhbərinin 10 yanvarda keçirdiyi mətbuat konfransı göstərdi ki, o, yenə də bu rolda oynamaq həvəsindədir. Ancaq “sorosçu” baş nazir 2023-də çətin ki, ənənəvi sülh hoqqabazlıqlarını rahatca davam etdirə bilsin.

Birinci o səbəbə ki, Qarabağdakı separatçı-quldurlar ətrafında həlqə heç vaxt olmadığı qədər daralıb və Azərbaycan bayrağının Xankəndində dalğalanacağı gün elə də uzaqda deyil. Bakı qarşı tərəfə uzağı, daha 1 il vaxt verib. İkincisi, artıq Rusiya da, ABŞ və Avropa Birliyi də İrəvanın oyunlarının yeni müharibəyə apardığının yaxşı fərqindədir. Bundan qaçmağın ən etibarlı, yeganə yolu isə vaxt itirmədən Bakı ilə 5 məlum prinsip əsasında sülh müqaviləsi imzalamaqdır. Harada ki, Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz tanınacaq. Ardınca da Ermənistan parlamenti onu ratifikasiya edəcək. 

Nikol Paşinyan hiyləgərcəsinə nə qədər manevr eləsə də ki, guya Qarabağ ermənilərinin məsələsi onluq deyil, aydındır ki, məhz sülh müqaviləsi imzalanan kimi “Şeytan yuvası”ndakı cinayətkarlar, ümumən Qarabağdakı erməni əhali öz işini biləcək. Anlayacaq ki, artıq ya Azərbaycan bayrağını öpüb vətəndaşlığımızı almalıdırlar, ya da Laçın yolu ilə çıxıb getməlidirlər.

Hələ də “nala-mıxa vuran” N.Paşinyan və komandası isə 3 ildir sülh sazişindən yayınmaqla faktiki İrəvanın rəsmən Azərbaycana ərazi iddiasının qaldığını nümayiş etdirir. Yəni sözü ilə əməli ziddiyyətdədir. Bu mövqe ilə də o, Qarabağdakı kriminal ünsürlərin separatçılığı davam etdirməsinə stimul, erməni əhalinin qərar verməsinə isə əngəl yaradır.

Bu fonda Ermənistan baş nazirinin srağagün separatçıları “Qarabağda vəziyyəti daha da gərginləşdirə biləcək və Bakıya hərbi əməliyyatları başlamaq üçün rəvac verəcək bəyanatlardan çəkinməyə” çağırması qeyri-səmimi görünür. Çünki müharibəyə rəvac verən əsas qüvvə elə onun özüdür, ərazi bütövlüyümüzü tanımaqdan müxtəlif bəhanələrlə imtina edən Ermənistandır, onun siyasi rəhbərliyidir.

Yaranmış durumda Paşinyan-Vardanyan çəkişmə-didişməsinin də Azərbaycan üçün heç bir isti-soyuqluğu qalmır. Onların hər ikisi bizdən ötrü bu və digər dərəcədə böyük sülhə əngəl olan fiqurlardır, demək, dövlətimizin onlara münasibəti də adekvat olacaq.

Prezident İlham Əliyev Azərbaycanın Transxəzər layihəsi ilə bağlı mövqeyini  şərh edib

Odur ki, tələssinlər. İlin ilk ayı artıq yarı olub. Miflərlə, fantaziyalarla, “bəlkə də, qaytardılar” xəyalı ilə yaşamaqdansa, regionda, Ermənistan ətrafında, “Şeytan yuvası” ətrafında proseslərin hara apardığına, nəhayət, diqqət eləsinlər. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, bir azca burunlarından uzağa baxsınlar, Rusiya sülhməramlı kontingentinin Qarabağda əbədi yox, cəmi 5 illiyə yerləşdiyini unutmasınlar!

“Bu il, məncə, son şans olacaq. Çünki ondan sonra 2024-cü ildir, 2025-ci ildə isə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar heç olmasa, burnundan bir az uzağı görməlidirlər” - Azərbaycan liderinin bu sitatını başlarının üstündən assınlar. “Yol xəritəsi”, “qurtuluş formulu” kimi. Həmçinin ağıllı, uzaqgörən əcnəbi analitiklərə arada qulaq versinlər. Misal üçün, rusiyalı tanınmış ictimai xadim və politoloq Sergey Markova.

“2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacaq, onlar regionu tərk edəcəklər, Azərbaycan Ordusu isə sakitcə ora daxil olacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, Markov bunu Oxu.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan imzaladığı müddəaları yerinə yetirməli, Qarabağa iddialardan əl çəkməlidir: “Şərtlər isə sadədir: Qarabağ erməniləri Azərbaycan vətəndaşları olur, heç bir muxtariyyət almırlar. Amma yerli hakimiyyət orqanlarına öz adamlarını seçmək imkanı yaranacaq (ölkənin istənilən regionunda olduğu kimi - red.). Bu, birinci variantdır. Alternativ də var: ermənilərin əksəriyyətinin Qarabağdan çıxması”.

Bakı real nəticələri, İrəvan isə nəzəriyyələri təqdim edir” – Sergey Markov

Markov onu da deyib ki, heç kim - nə Rusiya, nə də Fransa və ABŞ  ermənilər üçün Azərbaycanla vuruşmayacaq.

Öz növbəsində digər rusiyalı tanınmış politoloq Vitali Arkov hesab edir ki, Paşinyan nə deyir-desin, Qarabağ məsələsi artıq bağlanıb (Axar.az).

“Paşinyan özünü məktəbli və xuliqan kimi aparır. Onun siyasi imicini İlham Əliyevin imici ilə müqayisədə müsbət xarakterizə etmək olmaz. Buna bir nümunə iki liderin verdiyi müsahibələri göstərmək olar. Əliyev Ermənistana son xəbərdarlıq etdi. Fikrimcə, Bakı və Moskva bu mövqeyi razılaşdırıb. İrəvan Rusiya ilə münasibətlərdə artıq bütün sərhədləri keçdi və bu yalnız Bakıya sərf edir. İstərdim ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə yadda qalmasın, sona qədər siyasi-diplomatik metodlara əməl edilsin. Lakin Ermənistan tərəfindən təxribatlar mümkündür və bu böyük savaşa yol aça bilər”, - deyə ekspert vurğulayıb.

Cənubi Qafqaz ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov isə əmindir ki, 2023-cü il Azərbaycan Qarabağın qalan hissəsini, Xankəndi də daxil olmaqla, öz nəzarətinə qaytaracağı il ola bilər.

“Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsindəki mesajlar göz qabağındadır. Görünür, onun çıxışı Nikol Paşinyan rejiminə son xəbərdarlıq olacaq. Bu, təhdid deyil, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ildə Üçtərəfli Bəyanat imzalamasından sonra keçən müddət ərzində yekun nəticədir. Əliyev diqqətə çatdırdı ki, Ermənistan bu müddət ərzində üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirmədi və sülh müqaviləsinin imzalanması prosesi bir addım belə irəli getmədi”, - deyə analitik qeyd edib.

Amma proses qabağa mütləq gedəcək. Özü də kifayət qədər sürətlə. Çünki kapitulyant tərəfin geriyə yolu qalmayıb. Yanlış qərar isə uçuruma aparır - Nikol Paşinyan iqtidarı da daxil, bütün Ermənistanı...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR