İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Zəngilan Beynəlxalq hava limanının açılışı həm də dünyaya növbəti sülh və əməkdaşlıq mesajıdır”

Deputat Əli Məsimli Milli Məclisin iclasındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən oktyabrın 20-də Zəngilan Beynəlxalq hava limanının açılışında iştirakları zamanı verdikləri mesajlardan bəhs edib.


Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan və Türkiyə bir olanda, tapdanmş haqq-ədaləti bərpa etmək mümkün olur: “Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsində qazandığı şanlı qələbə nəticəsində regionda yaratdığı yeni reallıq sülhə, əmin-amanlığa, qarşılıqlı faydalı əməkdaşlığa və regionun tərəqqisinə xidmət edən praktiki nəticələr verməyə başlayıb. Belə bir gerçəklik şəraitində Makron, makronkimilər və məlum bədxahlarımız istisna olmaqla, həmin proses beynəlxalq aləmdə böyük hesabla yaxşı qarşılanır. Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilərin bərpasına və kommunikasiyaların açılmasına yaşadığımız bölgədə sülh, sabitlik, region ölkələri üçün yeni formatda əməkdaşlığın bərqərar olması və davamlı xarakter almasının ən vacib amillərdən biri kimi baxır. Ona görə də iki qardaş ölkənin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən keçən ilin 26 oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılışı kimi, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq hava limanının açılışı da çox mühüm hərbi strateji bir layihə olmaqla yanaşı, həm də dünyaya növbəti sülh və əməkdaşlıq mesajıdır”.

Ə.Məsimli deyib ki, iki qardaş ölkənin prezidentləri mətbuat konfransında dünyaya digər çox müham mesajlar da verdilər:

“Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb...Biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. Hazırda siyasi şəraitin xeyli gərginləşdiyi bir vaxtda bu, çox yerində, zamanında və təkcə Ermnistan deyil, ona havadarlıq edən məlum ünvanlara yönəlmiş çox vacib bir mesajdır. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.

Deputat Türkiyə Prezidentinin Zəngilan hava limanının açılışında iştirak etməsinin əhəmiyyətini, Azərbaycan və Türkiyənin birliyinin davamlı olaraq möhkəmlənməsinin önəmini xüsusi vurğulayıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR