Onlayn ictimai-siyasi qəzet
Bu gün Audiovizual Şuranın onlayn iclası keçirilib və “ARB” televiziya kanalının efirində mayın 21-i yayımlanan “Elgizlə izlə” proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Musavat.com xəbər verir ki, bu barədə şura məlumat yayıb.
Bildirilib ki, qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən “Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e...”, “Ümumiyyətlə, deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdır və bir də azadlıq vermək lazımdır. Onda siz qadını çox yaxşı tanıyacaqsınız...”, “Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən...” fikirləri səsləndirilib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Şura üzvləri məsələni diqqətlə müzakirə edib və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Sonda Audiovizual Şuranın üzvləri “ARB” kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ